Məhkəmə qərarları › İş №2-1(116)-2262/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2262/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2262/2025 12.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi və 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi və 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı “Ünvanlı Sosial yardım" haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ailəsinə ünvanlı sosial yardım düzəldilməsi üçün elektron sistem vasitəsilə xx.xx.2024-cü il tarixli, **********3828-1 nömrə ilə cavabdeh orqana müraciət etmişdir.Lakin ona cavabdeh orqan tərəfindən ünvanlı sosial yardımın alınması üçün müraciətin imtina edilməsi barədə (maddi-məişət şəraitinin müayinəsi sonra imtina) nömrəli bildiriş ünvanlanmışdır. Səbəb isə, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi olmuşdur. Həmçinin o, qeyd edir ki, sosial yardımla bağlı xx.xx.2024-cü il tarixdə müraciət etməyinə baxmayaraq, tam 3 aydan sonra yaşadığı ünvana baxış keçirilərək, akt tərtib edilmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixində DOST mərkəzinin Şüvəlan qəsəbəsində qəbulda olmuşdur. Ona şifahi bildirilmişdir ki, keçmiş həyat yoldaşından aliment tələb etmir. Halbuki, o, qeyd etmişdir ki, uşaqlara atası hər ay 150 manat yardım edir. Bu isə ailə qanunvericiliyində müəyyən edilmişdir ki, valideynlər uşaqların saxlanılmasında iştirak etməlidirlər. Uşaqların atası da uşaqların saxlanılmasında iştirak edərək, iki uşağa görə hər ay 150 manat yardım edir. Bu isə mütləq qaydada aliment tələb edilməsi üçün gərək qarşı tərəf uşaqların saxlanılmasında iştirak etməsin. Lakin cavabdeh qurum bunun ziddinə gedərək, əsassız olaraq imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını və etirazı əlavəni aşağıdakı kimi əsaslandırmışdır: Etirazda ‘Ünvanlı dövlət sosial yardım haqqında Qanun un 1.0.3, 6.2, 6.3, 7.1, 7.3cü maddələrinə, Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması uçun müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" na, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarlarına istinad olunaraq qeyd edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - Sosial Yardım) təyin edilməsi ilə məqsədilə xx.xx.2024-cü il tarixli, **********3828 1 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən təqdim edilən məhkəmə qətnaməsində əvvəl rəsmi nikahda olub boşandığı, lakin aliment tələbinin olmamasını bildirmişdir. Daha sonra iddiaçı xx.xx.2024cü il tarixdə **********1118-1 nömrəli ərizə ilə müraciət etmiş, lakin maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilməməsi səbəbindən sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə maddi-məişət şəraitinin yoxlanılması məqsədilə təmsilçinin yaşadığı ünvana baxış keçirmək məqsədilə yaxınlaşılsa da mənzildə heç kəs olmamışdır. Belə ki, ərizə bəyannamədə qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanılsa da təmsilçi zənglərə cavab verməyərək maddi-məişət şəraitinin yoxlanılması üçün şərait yaradılmamışdır. Həmçinin qeyd edilən müraciətlə bağlı əməkdaşlar yenidən xx.xx.2025-ci il tarixdə təkrar maddi-məişət şəraitinin yoxlanılması məqsədilə ünvana yaxınlaşmışdır. Bu zaman təmsilçi ilə əlaqə saxlamaq mümkün olmuş hazırda evdə olmadığı 10-15 dəqiqə ərzində evə yaxınlaşacağını bildirmişdir. Bununla bağlı olaraq əməkdaşlar qeyd edilən müddətdən də artıq gözləmələrinə baxmayaraq təmsilçi ünvana yaxınlaşmamış maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaratmamışdır. Hazırda isə İddiaçı xx.xx.2025-ci il tarixli **********1004-1 nömrəli müraciəti təyinata namizəd statusundadır. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi İddiaçı müxtəlif tarixlərdə təkrar-təkrar müraciət etməsi, hər müraciətinin imtina məktubu ilə cavablandırılması, buna baxmayaraq iddaçı tərəfindən qeyd edilən sosial yardımın təyin edilməsindən imtina barədə qərarların hər dəfə mübahisələndirilmədən təkrarən yenidən müraciət etməsi onun artıq cavabdeh tərəfindən verilmiş imtinalarla razılaşmasına gətirib çıxaran əsas haldır. Hazırki hal üzrə İddiaçı cavabdeh orqan tərəfindən verilən imtinalarla razılaşmış növbəti müraciətədək onları mübahisələndirməmişdir. Həmçinin zəruri hesab edərək bildirilmişdir ki, iddiaçının Ali Məhkəmənin mövqeyinə uyğun olaraq müraciət edəcəyi halda belə onun aliment ödənişindən imtina etməsi ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sözügedən Məcəllənin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1 uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə. 113.2 2 aliment ödənilən uşaq övladlığa götürüldükdə. 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda. 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə: 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Qanunvericiliklərin əlaqəli təhlilindən görünür ki, iddiaçının aliment ödənişindən imtina etməsi ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün əsas ola bilməz. Belə hallar sui istifadəyə gətirib çıxara bilər ki, tərəflər faktiki nikah münasibətlərinə xitam verməklə aliment ödənişindən imtina edərək ünvanlı dövlət sosial yardımı üçun müraciət edə bilər. Bu isə dövlət büdcəsində nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmamasına gətirib çıxarır. Həmçinin qanunvericilik uşaq üçün ödənilməli aliment məbləğinin sosial yardım şəklində dövlətdən alınması imkanını tanımır. Ailə Məcəlləsində qeyd olunduğu kimi aliment ödəmək valideynin vəzifəsidir. Valideyn alimentdən imtina edib, həmin məbləği dövlətdən tələb etməsi qanunvericiliyin normaları ilə ziddiyyət təşkil edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin butun subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. mHəmçinin zəruri olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamış və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı hərəkət və ya hərəkətsizlik edilməmişdir. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür". Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hesab edilmişdir ki, iddiaçı ona cavabdeh orqanın qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vətəndaşın müraciətləri ilə bağlı detallı məlumatlara aid sistem çıxarışından görünür ki, cavabdeh orqan ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina etmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: “Ünvana zənglə yaxınlaşdıq, evin qohumlarına məxsus olduğunu, ödəniş etmədən qaldıqlarını dedi. Mənzildə hər 3 sayğacın olduğunu bildirdi. Təmsilçi rəsmi nikahda olduğunu, aliment iddiası olmadığını, gəliri isə övladına görə aldığı 250 manat müavinətdən ibarət olduğunu, həmçinin həyat yoldaşının (keçmiş) övladlarına hər ay 150 manat köməklik etdiyini bildirdi. Mənzildə ev telefonu olduğunu, nömrəni bilmədiyini dedi. Son 1 ildə alqı-satqı atmədiklərini əlavə etdi.” Əsaslandırma hissəsi: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. İddiaçı iddia ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi iddiaçı tərəfindən ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Ailənin gəlirləri barədə uyğunsuzluq Qaydaların 3.7.2-ci bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh orqan Qaydaların 3.7.2-ci bəndində göstərilən səbəblərin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermiş, məhkəmə araşdırması zamanı da, aşkar edilmiş uyğunsuzluqların ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olması müəyyən edilməmişdir. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təminat altına alınan sosial təminat hüququnun və “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, imtina üçün əsas gətirilən “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” iddiası iddiaçının xx.xx.2024cü il tarixli maddi-məişət şəraitinin müayinəsi vərəqəsində keçmiş həyat yoldaşının uşaqlara hər ay 150 manat köməklik etdiyini açıq şəkildə bildirməsi və bu məbləği ailənin gəliri kimi göstərməsi faktı ilə təkzib edilir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.2-ci və 5.3-cü bəndləri ilə tələb olunan bütün növ gəlirlərin, o cümlədən mənbəyi bəlli olan digər mənbələrdən daxil olan gəlirlərin nəzərə alınması prinsipinin iddiaçı tərəfindən pozulmadığını göstərir. Cavabdeh orqanın, iddiaçının aliment tələb etməməsini əsas tutaraq, Ailə Məcəlləsinin 75.1-ci maddəsindən irəli gələn valideynlik öhdəliyinin sui-istifadəsinə dair verdiyi qiymətin hüquqi əsası yoxdur. Belə ki, qanunvericilik hazırki işin hallarına münasibətdə rəsmi alimentin təyin edilməsi barədə məhkəmə qətnaməsinin mövcud olmamasını birbaşa imtina əsası kimi müəyyən etmir. İddiaçının faktiki olaraq övladları üçün aldığı 150 manat yardımın ailənin orta aylıq gəlirinin hesablanmasında nəzərə alınması kifayətdir və inzibati orqan inzibati akt qəbul edərkən İnzibati İcraat Haqqında Qanunun tələblərinə uyğun olaraq obyektiv və hərtərəfli araşdırma apararaq yalnız şifahi məlumatlar əsasında deyil, ailənin faktiki maddi vəziyyətini müəyyən edən bütün faktları nəzərə almalı idi. Məhəkəmə onu da qeyd edir ki, cavabdeh orqan İddiaçı ünvanlı sosial yardım təyinatı ilə bağlı müxtəlif tarixlərdə təkrar-təkrar müraciət etməsi və əvvəlki imtina qərarlarını mübahisələndirmədən növbəti müraciətə keçməsi faktını əsas gətirərək, bu vəziyyətin imtinalarla razılaşmaya dəlalət etdiyini iddia etmiş, bu mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarlarına istinad edərək gücləndirməyə çalışmışdır. Lakin Ali Məhkəmənin həmin qərarlarının mahiyyətindən görünür ki, inzibati orqan tərəfindən verilmiş əvvəlki imtina qərarları (inzibati aktlar) rəsmi olaraq ləğv edilmədikcə və ya qüvvədən düşmədikcə, həmin aktlar qüvvədə qalır və bu səbəbdən məhkəmə yalnız iddiaçının sonuncu və mübahisələndirilən müraciəti əsasında yaranan sosial yardım hüququnu yoxlayaraq, həmin tarixdən (son müraciətə uyğun) yardımın təyin edilməsini qanuni hesab etmişdir, yəni təkrar müraciətləri imtina ilə razılaşma kimi qiymətləndirmək əvəzinə, sonuncu müraciətin hüquqi əsaslı olubolmamasını araşdırmağı əsas götürmüşdür. Beləliklə, məhkəmə, cavabdeh orqanın etirazında ünvanlı sosial yardımın təyin edilməsi üçün əsaslı hüquqi maneələrin mövcudluğunu sübut edə bilməməsi faktını, həmçinin iddiaçının verdiyi məlumatların Qaydaların 3.7.2-ci bəndində nəzərdə tutulan ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya ondan yuxarı olması halını yaratmadığına dair aşkar bir əsaslandırma təqdim etməməsini müəyyən edərək inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun tələb etdiyi obyektiv və hərtərəfli araşdırma aparmadığını, əksinə, alimentin rəsmiləşdirilməməsi kimi formal səbəbləri əsas tutaraq Konstitusiyanın 38-ci maddəsi ilə qorunan sosial təminat hüququnu əsassız yerə məhdudlaşdıran qərar qəbul etdiyini nəzərə alır. Ona görə də iddia qismən, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyinon qoyulması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin iddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Məhkəmə, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsindən əsassız imtina olunması səbəbindən keçirdiyi iddia edilən 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbini əsaslı hesab etmir ona görə ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələri, habelə “İnzibati İcraat Haqqında” Qanunun 89.1-ci maddəsi üzrə mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri olan üç əsas ünsürün – cavabdeh orqanın qanunsuz hərəkəti (əsassız imtina), iddiaçının məruz qaldığı mənəvi iztirab (zərər) və bu iki ünsür arasında birbaşa səbəb-nəticə əlaqəsinin – tam və qəti şəkildə sübuta yetirilməməsi müşahidə olunur. Hüquqla müdafiə edilən başqa şəxsə vurulan ziyanın əvəzinin ödənilməsi tələb edildiyi halda, iddiaçının yalnız inzibati orqanın əsassız inzibati akt qəbul etməsi faktına əsaslanaraq məbləğini heç bir sübutla əsaslandırmadığı 1000 manatlıq mənəvi zərər tələbi qeyri-müəyyən hesab olunur və Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında tələb olunan mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün zərərçəkənin keçirdiyi iztirabların xarakteri və ağırlığı barədə yetərli və ağlabatan dəlillər təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh orqanın imtinası əsassız hesab edilərək iddiaçının sosial yardım almaq hüququ tam bərpa olunduğundan, bu halda inzibati aktın qanunsuzluğu səbəbindən yaranan əsas hüquqi pozuntu aradan qaldırılmış olur. Buna görə də, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi ilə müəyyən edilən və inzibati orqanın üzərinə qoyulan öhdəliyin həcminin güddüyü məqsədə mütənasibliyini tələb edən prinsipə əsasən, mənəvi zərərin ödənilməsi üçün iddiaçının ayrıca və ağır mənəvi iztirablarını sübut edən qəti dəlillər təqdim edilmədiyi təqdirdə, inzibati orqanın üzərinə əlavə maliyyə öhdəliyi qoyulması qanuni olaraq zəruri və mütənasib hesab edilmir. Cavabdehin əsassız imtina qərarı ləğv edilərək iddiaçının sosial yardım almaq hüququ bərpa olunduğundan, inzibati aktın qanunsuzluğu səbəbindən yaranan əsas hüquqi nəticə aradan qaldırılmış və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsindəki mütənasiblik prinsipinə əsasən, mənəvi zərərin ödənilməsi üçün əlavə zərurət qanuni olaraq yoxdur. Əlavə olaraq, iddiaçının ünvanlı sosial yardımın verilməsindən imtina nəticəsində əsəb sarsıntısı keçirdiyinə dair iddiaları ilə onun sağlamlıq vəziyyəti arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu sübut edən heç bir tibbi rəy və ya sənəd təqdim edilməmişdir. Belə ki, hüquqi mübahisənin özü, inzibati orqanın qanunsuz hərəkətindən asılı olmayaraq, mənəvi zərərin yaranması üçün əsas sayılmır və nəticədə məhkəmə, Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə cavab verən və Mülki hüquq pozuntusu kimi qiymətləndirilə biləcək sübutların olmaması səbəbindən mənəvi ziyan tələbini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar