Məhkəmə qərarları › İş №2-1(116)-2263/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2263/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2263/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissədində ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissədində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0,022598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. Həmin daşınmaz əmlaklara iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 avqust 2019-cu il tarixdə **********17-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının mərhum valideynlərindən miras qalmış ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi ilə onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi arasında hasar olmamış və iddiaçı mülkiyyətində olan torpaq sahəsinə ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən keçərək girib-çıxmışdır. Mərhum atasının ölümündən sonra ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının mərhum anası X10 ilə iddiaçının qardaşı, X3 adına qeydə alınmışdır (dövlət reyestrindən çıxarış seriya MN, № 0007792, 29 iyun 2009). 2020-ci ilin sonunda X6 iddiaçı ilə ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən istifadəyə dair mübahisə yaratmış və 21 aprel 2021-ci il tarixdə Göyçay Rayon Məhkəməsində iddiaçıya qarşı torpaq sahəsinin sərhədinin müəyyənləşdirilməsi və hasarlanması tələbinə dair iddia qaldırmışdır. Həmin iddia ərizəsində T.Rəhimov iddiaçı və ailə üzvlərinə torpaq sahəsindən istifadə etmənin qadağan edilməsini və torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilərək hasarın çəkilməsinə mane olmama öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 22 iyul 2021-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Üçüncü şəxsin məhkəməyə iddia ərizəsi verməsindən xeyli əvvəl 2020-ci ildə iddiaçı dəfələrlə Göyçay şəhər bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinin qarşısının alınmasını xahiş etmişdir. DƏDRX iddiaçıya cavab versə də, Göyçay şəhər bələdiyyəsi onun yazılı müraciətlərinə nə yazılı, nə də şifahi cavab verməmişdir. İddia tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-859/2022 nömrəli qərardadı (hakim Vüqar Musayev) ilə prosessual müddətin ötürülməsi səbəbinə görə mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(107)-307/2022 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 859/2022 nömrəli qərardadı ləğv edilmiş, iddia müddəti buraxılmamış hesab edilmiş, iddia mümkün sayılmış və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Cavabdeh Göyçay bələdiyyəsi tərəfindən iddia tələbinə dair münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-859/2022 nömrəli qərardadı ilə (hakim Vüqar Musayev) X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı, üçüncü şəxs və onun nümayəndəsi və vəkili bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh Göyçay bələdiyyəsinin sədri Cavid Rəhimov xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlamış, yaranmış zərurətlə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Vəsatəti əsaslandıran heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(107)-307/2022 nömrəli qərardadı iddia müddəti buraxılmamış hesab edilmişdir. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: xx.xx.2019-cu il tarixli ********** nömrəli çxıarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,022598 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X6 və X7 mülkiyyətindədir. Göyçay Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli R- 845 nömrəli məktubunda qeyd olunur ki, müraciətlə bağlı Göyçay bələdiyyəsindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 416 saylı arayışda Göyçay şəhər sakini X3 mərhum anası X10 ilə onun ümumi birgə mülkiyyətində olan və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 472 kv.metr hissəsinin bələdiyyə mülkiyyətində olduğunu və həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiyini nəzərə alaraq torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Göyçay bələdiyyəsinə şifahi müraciət etdiyini, müraciəti ilə bağlı qeyd edilən 472 kv.metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanıdılması üçün ilkin olaraq yerquruluşu planının alındığı, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Ucar Ərazi şöbəsi tərəfindən torpaq sahəsinin alqı-satqısına dair müsbət rəylərin verildiyi, qeyd edilən sənədlər əsasında həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququna dair ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış və plan və ölçü sənədlərinin verildiyi, bundan sonra T.Rəhimovun xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinin ona satılmasına dair Göyçay şəhər bələdiyyəsinə rəsmi ərizə ilə müraciət etdiyini, onun müraciətinin bələdiyyənin xx.xx.2021ci il tarixli 21 saylı iclasında müzakirə edildiyi və 472 kv.m torpaq sahəsinin T.Rəhimova satılmasının qərara alındığı və bələdiyyə ilə T.Rəhimov arasında torpaq sahəsinin alqısatqısına dair notariat qaydada alqı-satqı müqaviləsi bağlandığı, torpaq sahəsinin satılması ilə bağlı Telman Rəhimov tərəfindən yalnız Göyçay bələdiyyəsinin hesabına 1710 manat ödənildiyi, qeyd edilən məbləğdən əlavə sonuncudan heç bir vəsait alınmadığı, İddiaçı 472 kv.m torpaq sahəsi ilə bağlı Telman Rəhimovla arasında mübahisənin olması ilə bağlı Göyçay bələdiyyəsinə müraciətin daxil olmadığı, eyni zamanda sözügedən torpaq sahəsi ilə bağlı naturada ölçmə isləri aparılarkən heç bir etiraz bildirmədi, həmçinin 472 kv.m torpaq sahəsindən istifadə etməyinə dair hər hansı sübutu bələdiyyəyə təqdim etmədiyi, 472 kv.m torpaq sahəsinin mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşməklə, birbirindən təcrid olunmuş və aralarında möhkəm daşdan mərz çəkildiyi qeyd edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən 472 kv.metr torpaq sahəsinin T.Rəhimovun xüsusi mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Göyçay bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 21 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 472 kv.metr torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerqurluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən, həmçinin beş ildən artıq şəhər ərazisində yaşamasını nəzərə alaraq həmin torpaq sahəsinin həyətyanı məqsədilə şəhər sakini X4 1710 (bir min yeddi yüz on) manata satılması qərara alınmışdır. Göyçay Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, R-845 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2021-ci il tarixli məktubda iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli R-845 nömrəli məktubunda göstərilənlər qeyd olunmuş və əlavə olaraq bildirilmişdir ki, Göyçay bələdiyyəsinin fəaliyyəti daha əvvəlki tarixdə Sumqayıt şəhər sakini X8 müraciəti əsasında İdarə tərəfindən inzibati nəzarət qaydasında araşdırılmış, toplanmış sənədlər xx.xx.2021ci il tarixdə 20-80 nömrəli məktubla Bələdiyyələrlə iş mərkəzinə göndərilmiş, qeyd edilən sənədlər Göyçay rayon prokurorluğunda araşdırılaraq bələdiyyənin fəaliyyətində cinayət tərkibi olmadığından işin icraatına xitam verilmişdir. xx.xx.2009-cu il tarixli, 4818 inventar nömrəli texniki pasportdan görünür ki, Nizami küçəsi dalan 2 ev 3 ünvanında sənəd üzrə 0,06 ha, faktiki 0.1072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçüncü şəxs Telman Rəhimovun xüsusi mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən 0,0472 ha torpaq sahəsi Göyçay şəhər bələdiyyəsinin mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Göyçay bələdiyyəsi mülkiyyətində olan 0,0472 ha torpaq sahəsini üçüncü şəxs X2. xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışdan və AA seriyalı 631223 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0,0472 ha torpaq sahəsi üçüncü şəxs X3 xüsusi mülkiyyətindədir. Göyçay Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 246xid-22 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərarda qeyd olunur ki, X5 və onun həyat yoldaşı İddiaçı X9 və X6 tərəfindən narahat edilmələri, özünü öldürmək həddinə çatdırılması ilə bağlı müxtəlif instansiyalardan rayon prokurorluğuna müraciətlər daxil olmuşdur. Həmin material və müraciətlər əsasında araşdırma aparılmış və 14C-21 saylı material üzrə hər hansı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göyçay Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 246xid-22 nömrəli məktubuna əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 186/2022 nömrəli qətnaməsi ilə həmin iş üzrə iddiaçı X3 cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Göyçay Rayon Notariat Ofisinə qarşı «miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik hüququnun tanınması» tələbinə dair ilk iddiası təmin edilmiş, ünvan 11 ünvanda yerləşən ev və torpaq sahəsinin Sona Rəhimovaya məxsus miras qalmış hissəsinin X6 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, daşınmaz əmlakın həmin hissəsinə dair iddiaçı X3 qanun üzrə vərəsəlik hüququ tanınmış, İddiaçı X4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Göyçay Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 246xid-22 nömrəli məktubuna əlavə olunmuş 472 kv.m Torpaq sahəsinin kadastr göstəriciləri sənədində qeyd olunur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi Göyçay bələdiyyəsinin Göyçay şəhəri ərazisində olmaqla yaşayış məntəqələri torpaqlarında yerləşir. Ayrılan torpaq sahəsi hasar daxilindədir, vətəndaşın şəxsi istifadəsindədir, daxilində fərdi yaşayış evi və qeyri-yaşayış tikilisi (talvar) mövcuddur. Ayrılan torpaq sahəsi **********98-10301 reyestr nömrəli çıxarışın zəbt hissəsində yerləşir. Torpaq sahəsi heç bir kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 153-cü maddəsinə görə bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). Həmin Məcəllənin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə X1 hissədində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar