Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2263/2024 10.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh orqanın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “29 may 1985-ci il tarixdə tərtib edilmiş 557 nömrəli doğum akt qeydində soyadının “Ənvərli” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “29 may 1985-ci il tarixdə tərtib edilmiş 557 nömrəli doğum akt qeydində soyadının “Ənvərli” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, 16 mart 1985-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ona məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində, XVİİ 305106 nömrəli doğum haqqında şəhadətnamədə, 132239 nömrəli nikah haqqında şəhadətnamədə, AO099851 nömrəli hərbi biletdə, AC149472 nömrəli sürücülük vəsiqəsində, Bİ32344 nömrəli diplomda soyadı “Ənvərli” kimi qeyd edilmişdir. O, 10 may 2023-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum akt qeydində soyadının "İbadullayev"dən "Ənvərli" yə dəyişiklik edilməsini xahiş etmişdir. Şəki rayon qeydiyyat şöbəsinin 10 may 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydində (№ 557, xx.xx.1985 Şəki rayon qeydiyyat şöbəsi) soyadı “İbadullayev’’ kimi qeyd edilmişdir. Lakin ərizəyə əlavə edilən xx.xx.1992-ci il tarixdə verilmiş XVİl seriyalı 305106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, soyadı "Ənvərli" kimi yazılsa da, bu barədə doğum haqqında akt qeydinin üzərində hər hansı bir qeyd aparılmamışdır. Qeyd edilənlərə əsasən doğum haqqında akt qeydində soyadı "İbadullayev”dən "Ənvərli”yə dəyişiklik edilməsi mümkün olmamışdır. Şəki rayon Qeydiyyat Şöbəsinin 10 may 2023-cü il tarixli imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazı aşağıdakı kimi əsaslandırmışdır: - Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydində (N° 557, xx.xx.1985. Şəki rayon qeydiyyat şöbəsi) iddiaçının soyadı ‘'İbadullayev” kimi qeyd edilmişdir. Lakin ərizəyə əlavə etdiyi xx.xx.1992-ci il tarixdə verilən XVİİ-JQ seriyalı 305106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, soyadı “Ənvərli" kimi yazılsa da, bu barədə doğum haqqında akt qeydinin üzərində hər hansı bir qeyd aparılmamışdır. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən göndərilmiş sorğuya cavab olaraq X3 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-12F/2-140/2023 nömrəli məktubunda 1991- 1992-ci illər üzrə Şəki şəhər İHB-nın sərəncamlarına əsasən soyadı “İbadullayev”dən '‘Ənvərli”yə dəyişdirilməsi barədə qeydiyyat tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin müddəaların 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. Göründüyü kimi dəyişikliklə bağlı ona doğum haqqında yeni şəhadətnamə verilsə də, bu barədə aktın üzərində müvafiq qeyd aparılmamış, imza və möhürlə təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən doğum haqqında akt qeydində soyadının “İbadullayev”dən “Ənvərli”yə dəyişiklik edilməsi mümkün olmamışdır. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Beləliklə, doğum haqqında akt qeydi ilə iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə soyadında ziddiyyət olduğundan təkrar şəhadətnamənin verilməsi imkan xaricində olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, XVİİ-ЖГ 305106 №-li “doğum haqqında” şəhadətnamə, AA******* №-li şəxsiyyət vəsiqəsi, AO № ******* hərbi bilet, №132239, 21 oktyabr 2011-ci tarixli nikah haqqında şəhadətnamə, AC 149472 nömrəli sürücülük vəsiqəsi, xx.xx.1985-ci il tarixli, №104 doğum akt qeydi, Şəki şəhər rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkası, SHXÇÜDX-nin Şəki rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartası. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş,xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 16 mart 1985-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. Onun barəsində Şəki rayon qeydiyyat şöbəsində xx.xx.1985-ci il tarixdə N° 557 doğum akt qeydi tərtib edilmiş, soyadı “İbadullayev” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində soyadına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsindən imtinasını iddiaçı barəsində tərtib edilmiş doğum akt qeydində düzəlişlə bağlı hər hansı qeydin mövcud olmaması ilə əsaslandırmışdır. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus bütün digər sənədlərdə (AA******* nömrəli şəxsiyyət vəsiqəsi, XVİİ 305106 nömrəli doğum haqqında şəhadətnamə, 132239 nömrəli nikah haqqında şəhadətnamə, AO099851 nömrəli hərbi bilet, AC149472 nömrəli sürücülük vəsiqəsi) onun soyadı “Ənvərli” qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, doğum akt qeydi cavabdeh orqanda saxlanılan sənəddir. Həmin sənəd əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamə isə birbaşa aid olduğu subyektə (qanuni nümayəndəsinə) təqdim edilir. İş materiallarında olan XVİİ-ЖГ 305106 №-li “doğum haqqında” şəhadətnamədə iddiaçının soyadı “Ənvərli” qeyd edildiyindən həmin dəyişikliyin akt qeydində öz əksini tapıb-tapmaması cavabdeh orqanın məsuliyyət sferasına aiddir. Belə ki, iddiaçının və onun valideynlərinin akt qeydinə baxış imkanı olmadığından həmin sənədin məzmununun qeyri dəqiqliyindən məlumatı olmaması mümkündür. Odur ki, akt qeydinin məzmunun qeyri-dəqiqliyinin mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz. Bununla belə həm də, nəzərə alınmalıdır ki, iddiaçı uzun illər ərzində soyadının “Ənvərli” olması ilə bağlı onda olan sənədlərin məzmununa etimad göstərmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin üzərinə 29 may 1985-ci il tarixdə tərtib edilmiş 557 nömrəli doğum akt qeydində iddiaçının soyadının “İbadullayev”-dən “Ənvərli”-yə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.