Məhkəmə qərarları › İş №2-1(116)-2265/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2265/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2265/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanda yerləşən ½ pay hüququ ilə X8 və 2/1 pay hüququ ilə X4 məxsus olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat yazısının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən ½ pay hüququ ilə X8 və 2/1 pay hüququ ilə X4 məxsus olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat yazısının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum X11 mərhum X2 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuşdur. Onların birgə nikahından övladları olmamışdır. Göyçay rayon X9 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum X8 Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən 345.06 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.Eyni zamanda sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi paylı mülkiyyət kimi 1/2 mərhum X6 və 1/2 X7nın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. X11 xx.xx.2008-ci il tarixdə, X2 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Yakov Abramov vəfat etdikdən sonra, ondan miras qalmış yuxarıda qeyd edilən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini idarə etmiş, öz əmlakı kimi qorumuşdur. X2 vəfat edərkən onun birinci və ikinci növbədə olan vərəsələrindən heç biri olmadığından dəfn xərcini o çəkərək, hüzür mərasimini təşkil etmişdir. Tamilla Hacıyevə vəfat etdikdən sonra, miras qalmış Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsini faktiki qəbul edərək, sözügedən əmlakı öz mülkiyyəti kimi idarə edir. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün tərəfimdən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfliyə müraciət edilmiş, lakin notariat hərəkətinin aparılmasından xx.xx.2024-cü il tarixdə imtina edilmişdir. İmtinaya səbəb kimi X6 vərəsəsi hesab edilmədiyi göstərilmişdir. Bundan sonra tərəfindən Göyçay rayon Notariat Ofisinin notariusunun hərəkətindən xüsusi icraat qaydasında Göyçay rayon Məhkəməsinə müraciət edilərək, mərhum X5 miras qalmış və Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən 345.06 m2 həyətyanı torpaq sahəsinə dair adıma vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusu X10 həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Göyçay rayon Məhkəməsinin 01 08.2024-cü il tarixli 2(046)-974/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli tərəfindən məktubla cavabdeh inzibati orqana müraciət edilərək, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair mərhum X6 və mərhum X1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Həmin məktub əsasında sözügedən torpaq sahəsinə, eləcə də mövcud olmayan, yəni məhv edilmiş fərdi yaşayış evinə dair cavabdeh inzibati orqan çıxarış vermişdir. Çıxarışı aldıqdan sonra, yenidən cavabdeh inzibati orqana müraciət edərək, məhv olmuş fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsini, yalnız torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etsə də, müraciətim təmin edilməmişdir. Buna səbəb kimi cavabdeh inzibati orqan evin söküldüyünü qeyd etsədə, lakin fərdi yaşayış evinin ½ hissəsi X4 məxsus olduğu üçün və qeydiyyata alınmış hüququn məhv və ləğv edilməsi üçün razılıq ərizəsi təqdim edilmədiyi üçün ərizəsinin icrasının mümkün olmadığını göstərmişdir. Cavabdeh inzibati orqan imtinasının hüquqi əsası kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə istinad edərək, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən 345.06 m2 həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evi heç bir hüquqi əsasla ona məxsus olmadığından onun hazırkı iddiaya dair subyektiv hüququ istisna olunur. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd olunan fərdi yaşayış evinə dair xx.xx.1961-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin А hissədə payçı X7 qeyd olunduğu üçün fərdi yaşayış evi onun adına А hissədə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. Göyçay rayon İcra hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli məktubu;

3. Göyçay şəhər inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubu;

4. 2725006680 qüydiyyat nömrəli xx.xx.2025-ci il tarixli çıxarış;

5. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;

6. X15 Filialının xx.xx.2025-ci il tarixli məktubu;

7. Göyçay Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu;

Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən ½ pay hüququ ilə X8 və ½ pay hüququ ilə X4 məxsus olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat yazısının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mövcud olmadığını,fərdi yaşayış evinə dair qeydiyyatın ləğv edilməsi baradə müraciət etmişdir. “Hüququn ölmüş şəxsə məxsus olmasına” dair arayışdan görünür ki, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 94 saylı ünvanda yerləşən 26,50 kv.m ümumi sahəyə malik fərdi yaşayış evinə mülkiyyət hüququnun ½ hissədə X8 və ½ hissədə X4 məxsus olması müəyyən edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2024-cü il tarixli qeydiyyat aparılmışdır.Hazırkı iddia tələbinin predmeti həmin qeydiyyatın fərdi yaşayış evinə münasibətdə ləğv edilməsindən ibarətdir. Cavabdeh iddiaya münasibətində imtina dəlili fərdi yaşayış evinin heç bir hüquqi əsasla iddiaçıya məxsus olmadığından onun hazırkı iddiaya dair subyektiv hüququnun olmamasından ibarətdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində ½ hissədə pay hüququnu əldə etməsini nəzərə alaraq cavabdehin subyektiv hüquqla bağlı dəlilini əsassız hesab edir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı əldə edilən sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi naturada mövcud deyildir.Bu hal cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda da cavabdeh tərəfindən müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinin ½ hissədə pay hüququ X4 məxsusdur.Bu hüququnun yaranması fərdi yaşayış evinin ilkin hüquqmüəyyənedici sənədləri əsasında davam etdiyindən məhkəmə araşdırması zamanı X4 dair məlumatlar araşdırılmışdır.Lakin,həmin şəxsə dair hər hansı məlumat mövcud olmadığından cəlb edilməsi və şəxsiyyətinin,yaşayıb-yaşamamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Bu hal özlüyündə nəticə etibarı ilə faktiki olaraq mövcud olmayan əmlaka dair qeydiyyatın ləğv edilməsi ilə bağlı qanunvericiliyin tətbiqini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd edilir ki: 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəslləsinin 150-ci maddəsində qeyd edilir ki: 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ½ hissədə X8 və ½ hissədə X4 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar