Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2266/2023 15.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1214/2023 saylı qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçının vəkili (nümayəndəsi) məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-371/2023 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1214/2023 saylı qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin olunmuşdur. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölük komandiri vəzifəsində olarkən hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 14 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 17 may 2017-ci il tarixdə Tərtər Hərbi prokuroru tərəfindən İddiaçı rəis kimi öz tabeliyində olan əsgərlərə qarşı zor tətbiq edərək döyməsi faktına şörə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında ”Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 12 mart 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM- nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 -ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 274-cü, həm də 331.3cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da İddiaçı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı İddiaçı 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o 13 oktyabr 2022-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 17 may 2018-ci ildən əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı xx.xx.2018-ci il tarixli əmri məhkəməyə 2023-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ücün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1101/22 qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: “...İddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur, (b.24)” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)" Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR İPM-nin 35.1-ci maddəsinə əsasən: iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mumkun sayılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-cı ıl tarixli Qərarını rəhbər tutaraq, Məhkəmədən iddia ərizəsinin təmin edilməməsini və mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - iddia ərizəsinə əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci tarixli 0374 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. - Cavabdehin 19 sentyabr 2023-cü il tarixli məktubu; - Cavabdehin 20 sentyabr 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki,iddiaçıya xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində pul təminatı ödənilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -26.1-ci maddəsinə əsasən, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. -26.2-ci maddəsinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. -26.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ilkin müraciəti zamanı irəli sürdüyü tələblər cavabdeh tərəfindən qismən təmin edilmişdir. Belə ki, təqdim olunan iddia ərizəsindən görünür ki, iddia tələbi aşağıdakı hissələrdən ibarət olmuşdur.
1. “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi;
2. işə bərpa edilmə;
3. itirilmiş illərin əmək stajına hesablanması;
4. məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli vəsatətinə əlavə olunan müdafiə nazirinin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki,iddiaçının ərizəsi əsasında xx.xx.2022-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmısınız.Bununla da iddia ərizədə göstərilən “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi” və “işə bərpa edilmə” tələbləri ilə bağlı mübahisə aradan qalxmışdır. Məhkəmənin təkrar sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki,iddiaçının Azərbaycan Ordusunda hərbi xidmətə qəbul olunduğu tarixdən ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək olan müddət fasiləsiz əmək stajına daxil edilmişdir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, xx.xx.2022-ci il tarixindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxıldığından məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məcburi iş buraxma müddəti ərzində İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.