Məhkəmə qərarları › İş №2-1(116)-227/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-227/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-227/2021 25.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, İddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına (hazırda 17 saylı regional ərazi filialı) qarşı “birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X3, Moskva şəhəri, Naqatinsk rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə X4 Məcəlləsinin 105.1-ci maddəsi ilə 9 il azadlıqdan məhrum edilmişdir. O, xx.xx.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş, RF Miqrasiya Xidməti tərəfindən 3 (üç ay) karantində saxlanılmış və yalnız xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına gələ bilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxs kimi ona birdəfəlik müavinət verilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçının cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsini, həmçinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 7.2-ci maddələrini əsas gətirərək iddiaçının tələbini mümkünsüz hesab edir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Sözügedən Qanunun 7.2-ci maddəsində göstərilir ki, Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Sadalanan maddələrin tələblərinə əsasən cavabdeh orqan bildirir ki, iddiaçı qeydiyyata düşmək üçün 3 ay ərzində müvafiq orqana müraciət etmədiyi, həmçinin üç ay ərzində ölkə ərazisinə qayıtmadığı üçün onun müavinət hüququ yaranmamış və cavabdeh tərəfindən iddiaçının maraqları pozulmamışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 053330 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 vilayətində cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İş materiallarında olan Arxanqelsk vilayəti Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli sənədindən müəyyən edilir ki, iddiaçı həmin mərkəzdə COVİD-19-la bağlı müayinə edilmiş və “neqativ” nəticə olmuşdur. İş materiallarında olan “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”ndən müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsin arayışına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Nizami” atletlər kəndində COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. İş materiallarında olan Asan-Mingəçevir tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan müəyyən edilir ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi iddiaçıya xx.xx.2020-ci il tarixdə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, X3nda cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra həmin ölkədə üç ay müddətində pandemiya ilə əlaqədar karantində saxlanılmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı Azərbaycan Respublikasına göndərilmiş və yenidən on gün müddətində karantinə alınmışdır. Karantin müddəti bitdikdən sonra şəxsiyyət vəsiqəsi almış və Mingəçevir Şəhər Polis Şöbəsində qeydiyyata durmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə əsaslanaraq tələb olunan müddət ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir. Belə ki, RF-da cəzaçəkmə müddətini başa vuran iddiaçı vətəndaşı olduğu ölkəyə qaytarılmamışdan əvvəl dərhal üç ay müddətinə karantinə alınmış, karantin müddəti bitdikdə müvafiq analizlər alınmış və COVİD-19 virus daşıyıcısı olmadığı müəyyən edildikdən sonra ölkəyə göndərilmişdir. Həmçinin ölkəyə qayıdan kimi hava limanında yenidən 10 gün müddətinə karantinə alınmış və beləliklə də qeydiyyata düşmək üçün tələb olunan üç aylıq müddəti iddiaçı ondan asılı olmayan səbəblərdən ötürmüşdür. "“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının (hazırda 17 saylı regional ərazi filialı) üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar