Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-227/2022 22.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X16, üçüncü şəxslər X24, X20 və X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN 227A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi, mülkiyyətində olan JN 226A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə JN 227 A nömrəli şəhadətnamənin üst-üstə düşən hissədə ləğv edilməsi və faktiki vəziyyətə uyğun həyətyanı torpq sahəsinin adına rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona rəsmiləşdirilmiş hissədə, şəhadətnamənin hissəvi olaraq ləğv edilməsi və faktiki vəziyyətə uyğun həyətyanı torpaq sahəsini özünün adına rəsmiləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 noyabr 2021-ci il tarixli, 2-1(116)-1332/2021 nömrəli qərardadı ilə X13, X2, X8, X17, X6, X21, X22, X18 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 22.04.2022-ci il tarixli, 2-1(116)-227/2022 nömrəli qərardadı ilə adi cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin iştirakı zəruri cəlbetməyə dəyişdirilmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “JN 227A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi, mülkiyyətində olan JN 226A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə JN 227 A nömrəli şəhadətnamənin üst-üstə düşən hissədə ləğv edilməsi və faktiki vəziyyətə uyğun həyətyanı torpq sahəsinin adına rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı JN-226A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ailə üzvləri ilə birlikdə 0.21 ha, X10 JN-227A saylı Şəhadətnaməyə əsasən ailə üzvləri ilə birlikdə 0.11 ha torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq iddiaçı və Elbrus Cumayev onlara şəhadətnamə ilə ayrılmış torpaq sahələrini şəhadətnamədə göstərilən qaydada yox, cüzi konfiqurasiya fərq olmaqla faktiki vəziyyətdə istifadə etmişlər. Elbrus Cumayev mülkiyyətində olan torpaq sahəsini Azər Məmmədova 2018-ci ildə alqı-satqı müqaviləsi ilə satmış, bundan sonra torpaq sahəsinin sənəd üzrə istifadə edilməməsi ilə bağlı iddiaçı ilə Azər Məmmədov arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçının faktiki vəziyyətdə istifadə etdiyi torpaq sahəsi Azər Məmmədova satılmış, əvvəllər Elbrus Cumayevin mülkiyyətində olmuş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Buna görə də iddiaçı cavadeh orqana müraciət edərək JN-227A saylı Şəhadətnamənin, onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsini və torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin 1985-ci ildə Zaqatala rayonu Nizami adına kolxozun qərarı ilə ona verilməsi, həmin dövrdən (35 il bundan əvvəl) torpaq sahəsini daş hörgü ilə hasara alması, özünə məxsus torpaq sahəsinin qonşusunun mülkiyyətinə işlənməsi, DTXK-nin əməkdaşlarının sənədləri düzgün tərtib etməməsi ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının faktiki vəziyyətə uyğun iddia etdiyi Zaqatala rayonu Lahıc kəndində yerlşən torpaq sahəsinin bir hissəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin (6 nəfərin) ümumbirgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-227A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi əsasında rəsmiləşdirilmiş 0,1071 ha torpaq sahəsi ilə üst-üstə düşür. X14 və onun ailə üzvləri tərəfindən həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş 03 iyun 2018-ci il tarixli, 4Ə-907 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. X11 həmin alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmənin 15.03.2021-ci il tarixli hüquqi yardım məktubunda və iş üzrə keçirilən 07.02.2022-ci il və 22.04.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçının dinlənilmə hüququ təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtinə cavab vermədiyi izah edilmiş, işin halları tərəflərin iştirakı ilə müzakirə edilmişdir. Lakin, iddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxslər X24 və X19 iddia tələbinin təmin olunmasını, X20 isə iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. İşdə olan, “Kadastr və Yerquruluşu” layihə-Tədqiqat Mərkəzi” MMC-nin 27.12.2021ci il tarixli rəyində aşağıdakılar qeyd olunmuşdur: - Zaqatala rayonu, Lahıc kəndində yerlışən JN-226A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş 0,21 ha torpaq sahəsinin kordinatları, JN- 227A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş 0,11 ha torpaq sahəsinin kordinatları ilə üst-üstə düşmür. - İddiaçının faktiki istifadəsində olan (iddia etdiyi) torpaq sahəsi onun adına tərtib edilmiş JN-226A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş 0.21 ha torpaq sahəsi ilə üst-üstə düşür. - İddiaçı faktiki vəziyyətə uyğun iddia etdiyi Zaqatala rayonu, Lahic kəndində yerləşən torpaq sahəsinin bir hissəsi Zaqatala rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin (6 nəfərin) ümumbirgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-227A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında rəsmiləşdirilmiş 0,1071 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi X14 və onun ailə üzvləri tərəfindən notarial qaydada təsdiq edilmiş 03 iyun 2018-ci il tarixli, 4Ə-907 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. X11 həmin alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan, kod 40211018, JN-227A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı əsasında 0.11 ha torpaq sahəsi X7 (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə verilmişdir. İşdə olan, kod 40211018, JN-226A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı əsasında 0.21 ha torpaq sahəsi İddiaçı (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə verilmişdir. İşdə olan, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, Cumazadə Elbrus və digər ailə üzvləri Zaqatala rayonu Lahıc kəndində yerlşən ümumi sahəsi 0.1071 ha torpaq sahəsini X15 03.06.2018-ci il tarixdə satmışlar. Zaqatala rayon AİK-nın Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı və ona əlavə edilmiş, Lahıc kəndi üzrə DBF siyahısından çıxarışdan görünür ki, rayonun təsərrüfatlarında torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qismən dəyişikliklər edilməsi, torpaq islahatı zamanı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqların verildiyi yerdə saxlanılması və digər məsələlər qərara alınmışdır. Müvafiq siyahılarda iddiaçının (5 nəfər ailə üzvləri ilə birlikdə) və X7 (5 nəfər ailə üzvləri ilə birlikdə) adları qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən kod 40211018, JN-227A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Zaqatala rayon AİK-nın Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı əsasında verilmişdir. Odur ki, müvafiq qərar mübahisələndirilmədən onun əsasında tərtib edilmiş şəhadətnamənin mübahisələndirilməsi yolverilməzdir. X3 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Zaqatala rayon AİK-nın Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarı mübahisələndirilməsi ilə bağlı müddətlər nəzərə alınarkən Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X34 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən şəhadətnamənin verilməsinə əsas olmuş Zaqatala rayon AİK-nın Komissiyasının 25.09.2003-cü il tarixli 110 saylı qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz. İş üzrə təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi iddiaçının üst-üstə düşdüyünü iddia etdiyi torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsi müəyyən olunmur. İddiaçı öz torpaq sahəsini kod 40211018, JN-226A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərə uyğun istifadə etmir və faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi JN-227A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinə düşür. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçı, torpaq islahatı aparıldığı dövrdə mübahisələndirdiyi şəhadətnamədə qeyd olunan 0.21 ha torpaq sahəsində olan fərdi yaşayış evində yaşadığını, 35 il əvvəl torpaq sahələri arasında daş hasarın çəkildiyini bildirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin JN-226A saylı və JN-227A saylı şəhadətnamələrdə qeyd edilən torpaq sahələrinə uyğun olmamasından məlumatı olmalı və həmin sənədlər onun hüquq və maraqlarına toxunduğu halda qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etməklə həmin sənədləri mübahisələndirilməli idi. Qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə edilmədiyindən, artıq yeni qanuna istinadla inzibati iddianın qaldırılması imkanı da itirilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Odur ki, artıq ötürülmüş prosessual müddət İPM-lə bərpa oluna bilməz. Yəni, 01.01.2011-ci il tarixədək mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisələndirilə bilməzlər. İddia tələbinin faktiki vəziyyətə uyğun həyətyanı torpq sahəsinin adına rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə isə məhkəmə izah edir ki, həmin tələb ilkin tələbdən asılı tələbdir. Odur ki, ilkin tələbin qeyri-mümkün olması iddia tələbinin həmin hissəsinin də mümkünsüzlüyünə gətirib çıxrdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN 227A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi, mülkiyyətində olan JN 226A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə JN 227 A nömrəli şəhadətnamənin üst-üstə düşən hissədə ləğv edilməsi və faktiki vəziyyətə uyğun həyətyanı torpq sahəsinin adına rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-227/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-227/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver