Məhkəmə qərarları › İş №2-1(116)-227/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-227/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-227/2024 14.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə bağçılıq kitabçası əsasında ona verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə bağçılıq kitabçası əsasında ona verilmiş 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1988/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Mingəçevir şəhər XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə bağçılıq kitabçası əsasında ona verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ümumittifaq xüsusi Su tikinti İdarəsinin “Zəngəzur” bağçılıq sahəsinin üzvlərinin siyahısında onun adına verilmiş 15-ci sırada 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. Uzun illərdir həmin bağ sahəsindən istifadə edir. Müəyyən abadlıq işləri görmüş, xeyli meyvə ağacları əkmişdir. Həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ əldə etmək üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim olunan sənədlər ekspertiza edilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanmış və zəruri olan inventarlaşdırma işləri aparılmışdır. Sözügedən torpaq sahəsinə idarənin mühəndisi tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, torpaq sahəsinin şimal istiqamətinin şərq tərəfindən 17,0 m eyni zamanda qərb tərəfindən 17,80 m məsafəsindən gücü 220 kvt-luq yüksək gərginlikli hava elektrik xətti keçir. Torpaq sahəsinin elektrik xəttinin qorunma zolağına düşüb-düşməməsi və vətəndaşın mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsi barədə məlumat verilməsi üçün “Azərenerji ASC “X2 Şəbəkəsi MMC-nə sorğu məktubu göndərilmişdir. Lakin, müvafiq təşkilatdan sorğu məktubuna cavab verilməmişdir. Belə olan halda iddiaçıyada rəsmi qaydada həmin torpaq sahəsiin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qeyri mümkün olduğu bildirilmiş eləcədə ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil edildiyi diqqətinə çatdırılmışdır. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, X3 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışı, oktyabr 1995-ci il tarixli 5 nömrəli “Zəngəzur” bağçılıq təsərrüfatının üzvlərinin ümumi yığıncağının protokolu, Ümumittifaq xüsusi Su tikinti İdarəsinin “Zəngəzur” bağçılıq sahəsinin üzvlərinin siyahısı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Ümumittifaq xüsusi Su tikinti İdarəsinin “Zəngəzur” bağçılıq sahəsinin üzvlərinin siyahısı ilə müəyyən edilir ki, iddiaçının adı 15 sıra nömrəsində qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Yəni, istinad olunan norma kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. Hazırkı işdə iddiaçının Ümumittifaq xüsusi Su tikinti İdarəsinin “Zəngəzur” bağçılıq sahəsinin üzvlərindən biri olması mübahisəsizdir. Lakin, idiaçıya bağçılığın üzvü olaraq ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı sənəd məhkəmə araşdırmasına təqdim edilməmişdir. İddiaçının istifadəsində olan bağ sahəsinə dair tərtib edilmiş cizgi Mingəçevir şəhər İH-nin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Sözügedən cizginin hansı tarixdə tərtib edilməsi bəlli olmasa da, nəzərə alınmalıdır ki, həmin cizgi iddiaçıya ayrılmış torpaq sahəsinə yox, onun naturada faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. İddiaçı, 0,06 ha torpaq sahəsinə münasibətdə tələb irəli sürsə də, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, “Zəngəzur” bağçılığına aid digər torpaq sahələri ayrılması dövrünə görə 0,05 ha ölçüdə olmaqla bölünmüşdür. İddiaçının istinad etdiyi cizgidə torpaq sahəsinin ölçüsü 497 kv.m göstərilmişdir. Qeyd olunanlardan başqa hər hansı digər sənədlə iddiaçıya hansı ölçüdə torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qeyd yoxdur. Hər bir halda məhkəmə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən sözügedən bağçılıq üzrə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün norma daxilində 0.05 ha olması qənaətinə gəlir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi “Zəngəzur” bağçılığının yox, “Şəfa” bağçılığının ərazi hüdudlarına daxildir (mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir.). Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış digər subyektlərə dair ilkin torpaqayırma sənədləri cavabdeh orqandan götürülərək sözügedən ərazinin ortofotosu ilə müqayisəli yoxlanılmışdır. Müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən **********92 və **********67 reyestr nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri “Şəfa” bağçılığına aid torpaq sahələridir. Təqdim edilmiş ərazinin ortofoto xəritəsindən çıxarışdan da, görünür ki, “Şəfa” bağçılığı və “Zəngəzur” bağçılığı arasında kifayət qədər məsafə vardır. Odur ki, iddiaçı, “Zəngəzur” bağçılığının adlı siyahısında adının olmasına istinad edərək həmin bağçılığın ərazisinə aid olmayan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edə bilməz. İddia olunan torpaq sahəsinin “Zəngəzur” bağçılığı ərazisində naturada yerinin müəyyən edilməsinə imkan verən hər hansı sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Şərh olunanları ümumiləşdiərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmadığından və iddia olunan ərazi “Zəngəzur” bağçılığının ərazi hüdudlarına aid olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS icraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə bağçılıq kitabçası əsasında ona verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar