Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2275/2023 19.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9732/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətini göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2275/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının oğlu - X1 Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. İddiaçı, oğlu X8 Tahirova ilə rəsmi nikaha daxil olmasını, xx.xx.2007-ci il təvəllüdlü Tahir Tahirli, xx.xx.2009-cu il təvəllüdlü Səma Tahirli, xx.xx.2014-cü il təvəllüdlü Xanım Tahirli, xx.xx.2018-ci il təvəllüdlü Cəlal Tahirov adlı 4 azyaşlı övladının olmasını, özünün və Roman Tahirovun digər ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində yaşamasını, X9 Federasiyasının ərazisində cəza çəkdiyi üçün onunla görüşə bilmədiklərini, övladlarının da artıq uzun müddətdir ki, atası Tahir Romanovla görüşə bilmədiklərindən onların mənəvi cəhətdən bir çox məhrumiyyətlərlə üzləşdiklərini bildirərək Roman Tahirovun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, xx.xx.1984-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, R.Tahirov Russiya Federasiyasının Moskva vilayətinin Vidnovsk Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Russiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsinə (cinayətə hazırlıq və cinayət etməyə cəhd) və 228.1-ci maddəsinin 4-cü hissəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli xx.xx.2021-ci İl tarixdən hesablanır. Hazırda R.Tahirov cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum R.Tahirovun Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq 10 (on) il müddətinə azadlıqdan məhrum edilmiş X3 Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci İl 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Qaydalara uyğun olaraq müraciət təqdim edildikdən sonra Penitensiar xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi (bundan sonra İdarə) vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. Qaydaların 3.3-cü bəndinə əsasən Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. Qaydalara uyğun olaraq İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının inzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyqun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyqun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı iddiasınının rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş demoqrafik məlumatlardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan X2 Vilayəti Vidnovsk Şəhər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 30 M.3 His.; 228.1 M.4 HİS. “T” Bən.; RF CM maddələri ilə xx.xx.2021-ci il tarixdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. - Əməliyyat-rejim idarəsinin və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş məhkum R.Tahirovun ölkəyə qəbul edilməsinə dair arayışlarından görünür ki, Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş məhkum R.Tahirovun cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi məsələsinə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində baxılmış, aşağıdakılar müəyyən edilmişdir. xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış R.Tahirov Rusiya Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda R.Tahirov cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. Cəzasının əvvəli: xx.xx.2021-ci il, Sonu: xx.xx.2031-ci il. İstintaq müddəti: xx.xx.2021-xx.xx.2021-ci il. Məhkəmə hökmündən göründüyü kimi məhkum R.Tahirov başqa şəxslə qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda hesab edilən narkotik vasitə olan 3,75 qram kokain və 5,71 qram metadonu əldə etmiş, lakin narkotik vasitə qəbulunun təsiri altında olduğundan polis əməkdaşları tərəfindən saxlanılmış və satış niyyətini başa çatdıra bilməmişdir. Məhkum R.Tahirov barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 2 dəfə tənbeh tədbirləri tətbiq edilmişdir. Geyim qaydalarına hər zaman riayət etmir, tərbiyəvi xarakterli tədbirlərdə iştirakdan yayınır. Psixoloji yardım tədbirlərində iştirak etmədiyinə görə barəsində akt tərtib edilmişdir. Özünü cəzanın çəkilmə qaydalarına əməl etməyən məhkum kimi tanıtmışdır. RF-nın Cəzaların İcrası Federal Xidmətinin Lipetsk vilayəti üzrə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən R.T.Tahirov cəzanın çəkilməsi qaydalarına əməl etməyən məhkum kimi mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum R.Tahirovun Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müsbət rəy bildirilmiş, lakin Daxili İşlər Nazirliyi R.Tahirovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalar”ı: 2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 2.2. Məhkumun verilməsi barədə müraciət yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdirir. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - övladı X3 azadlıqdan məhrum cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsinə nail olmaqdır. Belə ki, R.Tahirov Rusiya Federasiyası Moskva vilayətinin Vidnovsk şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 h4-cü maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 10 il müddətinə azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını Lipetsk vilayətində yerləşən 6 saylı islah müəssisəsində çəkir. İddia tələbi “Roman Tahirovun Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçı, məhkum olunmuş övladı Roman Tahirovun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə cavabdeh orqan tərəfindən rəyin verilməsində maraqlıdır. Odur ki, iddiaçının hüquqi marağı nəzərə alınaraq, məhkəmə tərəfindən iddiaçının müraciəti əsasında cavabdeh orqanın məhkum Roman Tahirovun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı apardığı inzibati icraat yoxlanılmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati icraata başlayaraq, “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydalar”-ının tələblərinə uyğun şəkildə müvafiq orqanlara sorğular vermiş, məhkum Roman Tahirovun Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilmişdir. Belə ki, “Qaydaların” 3.1-ci bəndinə əsasən cavabdeh tərəfindən İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmiş və sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunmuşdur. Eyni zamanda sözügedən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Daxili İşlər Nazirliyinə sorğular verilmişdir. Təqdim edilmiş cavab məktublarında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti sözügedən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinə mane olan halların olmamasını qeyd etsələr də, Daxili İşlər Nazirliyi R.Tahirovun ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. İstinad olunan “Qaydaların” 3.5-ci bəndinin tələbinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra hazırlanmalıdır. Yəni, cavabdeh orqan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədə uyğun olması barədə rəyi müvafiq cavab məktubları əsasında hazırlayır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan məhkum R.Tahirov barəsində təqdim olunmuş məlumatlarda o, mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 2 dəfə tənbeh tədbirləri tətbiq edilməsi, geyim qaydalarını pozması, tərbiyəvi xarakterli tədbirlərdə iştirakdan yayınması, psixoloji yardım tədbirlərində iştirak etməməsi, özünü cəzanın çəkilmə qaydalarına əməl etməyən məhkum kimi tanıtması öz əksini tapmışdır. Odur ki, məhkəmə məhkum R.Tahirov barəsində təqdim olunmuş məlumatları, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş cavab məktubu ilə kompleks şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş cavab məktubunu nəzərə alaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, bütövlükdə aparılan inzibati icraat qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “X3 cəza çəkməsi üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2275/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2275/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver