Məhkəmə qərarları › İş №2-1(116)-2278/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2278/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2278/2024 09.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinin və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışın (seriya MH, N 0001590) məlumatları 1.1 ha ölçülü torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” təyinatı, kateqoriyası, “Tikinti” məqsədli istifadə növü məlumatları əsas tutulmaqla, İsmayıllı rayonu, Buynuz kəndində yerləşən 1.1 ha torpaq sahəsi ilə bağlı ona “Torpaq sahəsinin planölçüsü” sənədinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), tələbini dəqiqləşdirərək “Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinin və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, cavabdeh orqana müraciət edərək İsmayıllı rayon Buynuz kəndində yerləşən, xüsusi mülkiyyətində olan 1,1 ha torpaq sahəsinə texniki sənəd (yəni, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin) verilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-21-00xx-xx/2024 nömrəli cavab məktubu ilə ərizənin təmin olunmasından və texniki sənəd verilməsindən imtina etmişdir. İmtina bununla əsaslandırılmışdır ki, "Sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Belə ki, TEKUİS (X7 uçotu informasiya sistemi) baza xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsi (0,8250 ha) kollu-örüş, bir hissəsi isə (0,2750) əkin sahəsi kimi qeyd edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi magistral yoldan 10,5-11,0 metr məsafədə yerləşir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən texniki pasportun verilməsi mümkün deyildir." 2024-cü ilin mart ayında təkrar olaraq cavabeh orqana müraciət edib məsələyə yenidən baxılmasını, ona "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışdan (Seriya MH №-0001590) görünür ki, həmin hüquqi sənəddə, mülkiyyətində olan sözügedən 1,1 ha ölçülü torpaq sahəsinin təyinatı/kateqoriyası "Yaşayış məntəqələrinin torpaqları", məqsədli istifadə növü isə “Tikinti" növü olaraq ifadə və əks etdirilmişdir. Qanunvericiliyə görə çıxarış hüquqların dövlət qeydiyyatı aktıdır, hüquqi sənəddir. Yəni əsas sənəddir. Çıxarış daşınmaz əmlakın dövlət reyestri məlumatını özündə əks etdirir. Həmin çıxarışı 2006-cı ildə əldə etmişdir. İndiyə kimi həmin torpaq sahəsi heç bir dövlət orqanı, hər hansı hüquqi və fiziki şəxs tərəfindən mübahisələndirilməmiş, torpaq sahəsinin təyinatının, kateqoriyasının istifadə növünün dəyişdirilməsi ilə bağlı ona qarşı hər hansı tələb, iddia etiraz irəli sürülməmişdir. Çıxarış torpaq sahəsi ilə bağlı hüququn, hüquq sahibinin, təyinatın və istifadə növünün tanınması və təsdiq olunması faktıdır, aktıdır. Həmin çıxarışı 2006-cı ildə əldə etmişdir. İndiyə kimi həmin torpaq sahəsi heç bir dövlət orqanı, hər hansı hüquqi və fiziki şəxs tərəfindən mubahisələndirilməmiş, torpaq sahəsinin təyinatının, kateqoriyasının, istifadə növünün dəyişdirilməsi ilə bağlı ona qarşı hər hansı tələb, iddia, etiraz irəli sürülməmişdir. İddiaçı, Mülki Məcəllənin 140-cı, Torpaq Məcəlləsinin 84-cü maddələrinə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının müvafiq bəndlərinə istinad edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı Məmmədov X3 rayon, Buynuz kəndində yerləşən alqı-satqı yolu ilə əldə etdiyi və torpaq sahələrinin (**********82) nömrəli Çıxarışa əsasən plan-ölçülərin verilməsi ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar olaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 1,1 ha torpaq sahəsini İsmayıllı rayonu, Buynuz Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etmişdir. X2 İsmayıllı rayonu, Buynuz Bələdiyyəsinin 06 iyul 2005-cı il tarixli 05 saylı qərarı əsasında 1.1 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında 1.1 ha torpaq sahələrinə xx.xx.2006-cı il tarixli, **********82 nömrəli reyestrdən çıxarış verilmiş, plan və ölçü sənədi verilməmişdir. X5 alqı-satqıdan əvvəl həmin torpaq sahələrinin plan-ölçü sənədlərinin olmadığı bildirilmişdir. Torpaq sahələri Ərazi İdarəsinin mütəxəssisi tərəfindən X1 iştirakı ilə müayinə olunanda mütəxəssis qeyd olunan torpaq sahələrinin kənd təsərrüfatı ərazisinə düşdüyünü onun nəzərinə çatdırmışdır. X5 isə yalnız reyestrdən Çıxarış verilməsi onları qane etdiyini bildirmişdir. Daha sonra X5 qeyd olunan torpaq sahələrini alqı-satqı yolu ilə əldə etdikdən sonra reyestrdən Çıxarış sənədlərini əldə etmək üçün müraciət etmişdir. X1 müraciətinə əsasən müvafiq olaraq ona "Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X10 9 saylı Qəbələ Ərazi idarəsi də xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəli reyestrdən Çıxarış işlənərək verilmişdir. Belə ki, Məmmədova Mütəllim oğlunun müraciəti ilə əlaqədar olaraq İsmayıllı rayonu, Buynuz kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X4 X6 (TEKUİS) iddia edilən faktiki torpaq sahəsi ilə bağlı araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olmuşdu ki, İddiaçı oğlunun iddia etdiyi İsmayıllı rayonu, Buynuz kəndində yerləşən faktiki torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində, X7 X8 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsində yerləşir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli imtina məktubları, MH seriyalı ******* nömrəli (xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış), cavabdehin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (- ); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X6n yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinə və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsinə nail olmaqdır. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan 1.1 ha torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində, X7 X8 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsi olaraq qeyd edilməsi ilə əsaslandırmışdır. Hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahələrinin sonradan təyinatının dəyişdirilməsi ilə bağlı, o cümlədən ilkin sənədlər tərtib edilənədək təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə tərtib edilmiş çıxarışda torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü – “tikinti” qeyd edilməsi ilə bağlı aparılmış qeydiyyatı əsasandıra bilməmişdir. Odur ki, cavabdeh orqanın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı hesab edilə bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamənin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində birmənalı olaraq qeyd edilmişdir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifəsidir. MM-nin 140-cı maddəsinin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulduğundan cavabdeh orqan istinad olunan çıxarışın məzmununa uyğun davranmağa borcludur. İşin hallarından göründüyü kimi xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışın məzmununun qeyri-dəqiqliyi ilə bağlı cavabeh orqan tərəfindən hər hansı icraat aparılmamış və həmin çıxarışda qeyd edilmiş məlumatların mötəbərliyi mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021- ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-534/2024 №-li qərarında qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir və onun məsuliyyət sferasına aiddir. Həm də, tərtib ediləcək planölçü sənədinin məzmunu dövlət qeydiyyatına alınmış hüququn məzmununa (xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa) uyğun olmaqla onu tamamlamalıdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar