Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2287/2024 01.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nə qarşı “iddiaçının əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçı yenidən müayinə olunaraq əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-1138/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixindən 5 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulmuşdur. İnzibati iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 5 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vətəndaş xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbula yaxınlaşaraq məlumat verdikdən sonra bizə məlum olmuşdur. Agentlik inzibati mübahisə üzrə cavabdeh tərəf olmadığı, həmçinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmədiyi halda, müvafiq Qərar ilə Agentliyin üzərinə öhdəlik qoyulmuş, bununla da maraqlarına toxunulmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2287/2024 nömrəli qərardadı ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-1138/2023 nömrəli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı vəkili iddia elektron qaydada ərizə verərək iddia tələbini “iddiaçının əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik verilməsi öhdəliyinin Cavabdeh PHŞnin üzərinə üzərinə qoyulması” kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək partlayış travması alaraq 28 sentyabr 2020-ci il tarixdə SQ BKH-na köçürülərək, orda “yaraların birincili cərrahi işlənməsi, sol bud sümüyünün sınıqlarının Q.A.İlizarov üsulu ilə osteosintezi” cərrahi əməliyyat olunaraq 05 oktyabr 2020-ci ildən 30 noyabr 2020-ci il tarixədək stasionar müalicədə olmuşdur. 30 noyabr 2020-ci il tarixdə MH HP-da şəhadətləndirilərək məzuniyyətə çıxmışdır.xx.xx.2021-ci il tarixdə SQ BKH-na müraciət etmiş, 04 dekabr 2020-xx.xx.2021-ci il tarixədək “Partlayış travması (xx.xx.2020): sol bud sümüyü diafizinin aşağı 1/3-nin çox qəlpəli, yerdıyişən sınığa görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sol bud sümüyün Q.A.İlliazarov üsulu ilə osteosintezindən (xx.xx.2020) sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq əlillik verilməsini xahiş etmiş,tələbi təmin olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatlar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: xx.xx.2021-ci il tarixli 17136 nömrəli Hərbi Həkim Komissiyasının Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aparılmış və “Əlilliyin müəyyən olunçası meyarlarına” uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
1. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinələrdən sonra əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı;
3. Müdafiə Nazirliyi MHHK-nın 09 iyul 2021-ci il tarixli 17136 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsi.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1138/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 4822 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırılmışdır. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nə həvalə edilmişdir. Ekspertiza nəticəsində xx.xx.2023-cü il tarixli 4622 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, əyani müayinə zamanı iddiaçıya “İkitərəfli koxlear nevrit.Sol qulaqda İİİ-İV dərəcə.Sağ qulaqda İİİ dərəcə neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur.Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının aldığı travmanın səbəbli əlaqəsi “Partlayış travmasıdır.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tağşırığını yerinə yetirərkən” kimi göstərilmişdir.Yəni,hazırkı travmanın yaranması əsası müəyyəndir. Müdafiə Nazirliyi MHHK-nın 09 iyul 2021-ci il tarixli 17136 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsində iddiaçının pıçıltılı nitqi eşitməsinin sağ qulaqda 4 metr,sol qulaqda 3,5 metr məsafədə olduğu təsbit edilmişdir. Məhkəmə tərəfindən iddiaçının sağlamlıq vəziyyətinə dair qoyulmuş diaqnozun hazırkı meyarlara uyğunluğu müqayisə edilərkən aşağıda qeyd olunan nəticəyə gəlinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə dair əlavənin 9.1.3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə, 40 faiz və 5 il olmaqla müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 9.1.3-cü bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir.İş məhkəmənin icraatında olduğu müddətdə iddiaçının sağlamlıq vəziyyəti cavabdeh inzibati orqan tərəfindən əyani olaraq müayinə edilmiş 15 mart 2023-cü il tarixli qərar əsasında əliliyin təyinindən imtina olunmuşdur. İş materiallarından görünür ki,iddiaçı barəsində hazırkı meyarlara uyğun xx.xx.2022- ci il tarixli göndəriş verilmiş,həmin göndərişdə “eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi” diaqnozu göstərildiyi halda cavabdeh tərəfindən həmin diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əliliyin təyinindən imtina edilmişdir.Cavabdeh həmin diaqnozu gördüyü və müvafiq qaydada əlillik təyin etməli olduğu halda təyin etməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
qərara aldı:
İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə xx.xx.2022-ci il tarixindən 5 il müddətinə İddiaçı orqanizmin funksiyalarının pozulmasının 40 faiz dərəcəsinin müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.