Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2288/2023 07.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “yaşadığı və qeydiyyatda olduğu mənzilə mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 10, mənzil 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 1995-ci il tarixli 114 nömrəli Sərəncamı ilə iddiaçıya 4(dörd) nəfər ailə tərkibi ilə Mingəçevir şəhəri M.F.Axundov küçəsindəki 10 nömrəli evin iki otaqlı, yaşayış sahəsi 28,6 kv.metr olan 1 nömrəli mənzil verilmişdir. İddiaçı və ailə üzvləri 1995-ci ildən həmin mənzildə qeydiyyatdadırlar və orada yaşayırlar. İddiaçının adına işlənmiş 004377 nömrəli xx.xx.1995-ci il tarixli orderin üzərinə “Xidməti” sözü yazılmışdır. 2011-ci ildə o, Mingəçevir şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək həmin mənzildə on beş ildən artıq qeydiyyatda olmaqla yaşadığını nəzərə alıb, mənzilin daimi istifadəsinə verilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti müraciətilə əlaqədar Mənzil Təmir və Abadlaşdırma İdarəsinə sorğu edərək həmin mənzilin xidməti olması barədə qərarın olubolmamasını aydınlaşdırdıqdan sonra mənzilin xidməti olmadığı müəyyən edilib və onun adına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 84 nömrəli 08 iyun 2011-ci il tarixli Sərəncamda daimi order yazılması qərara alınıb və xidməti order ləğv edilərək adına xx.xx.2011-ci il tarixli 007004 nömrəli daimi order yazılmışdır. İddiaçı mənzili öz adına özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yerləşən 10 saylı binanın 1 nömrəli mənzilinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən Ərazi idarəsinə ilkin müraciət zamanı ərizəsinə əlavə etdiyi orderin surətindən göründüyü kimi, həmin 007004 saylı order iddiaçıya xx.xx.2011-ci il tarixində Mingəçevir şəhər icra Hakimiyyəti Başçısının 08 06.2011-ci il tarixli, 84 nömrəli sərəncamı əsasında verilmişdir. 01,10.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə ordər verilməsi isə nəzərdə tutulmamışdır. Bundan başqa, iddia olunan mənzilə dair Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçının adına İşlənmiş 004377 nömrəli xx.xx.1995-ci il tarixli order isə iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim olunmuşdur. Xidməti mənzillərin özəlləşdirilməsi isə qanunla qadağan olunduğundan mövcud iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 333 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri (Nümayəndə, X4 və X3 ilə birlikdə Mingəçevir şəhəri Axundov küçəsi 10 saylı binanın 1 saylı mənzilində yaşayırlar. - Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamından görünür ki, Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 10, mənzil 1 ünvanına dair İddiaçı adına verilmiş 004377 nömrəli xx.xx.1995-ci il tarixli xidməti order ləğv edilməsi, İddiaçı adına 4 (dörd) nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu və qızı) şəhərin M.F.Axundov küçəsindəki 10 nömrəli evin yaşayış sahəsi 28,6 kv.metr olan iki otaqlı 1 nömrəli mənzilə order yazılması qərara alınmışdır. - Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, 007004 nömrəli orderdən görünür ki, iddiaçının 3 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 2 ünvanında mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. - Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-3/2-1023/2023 nömrəli məktubuna əlavə olunmuş Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin xx.xx.2023-cü il tarixli 254 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri M.F.Axundov küçəsindəki 10 nömrəli çoxmənzilli yaşayış binası Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansındadır. Həmin binada yerləşən 1 nömrəli mənzil xidməti mənzil deyil. - Nümayəndə, X4 və X1 Şəki İnzibati Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, adları qeyd edilən şəxslər ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razı olduqlarını bildirmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Mingəçevir şəhəri Axundov küçəsi, 10 saylı binanın 1 saylı mənzili iddiaçıya 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə 004377 nömrəli, xx.xx.1995-ci il tarixli xidməti order əsasında verilmişdir. Həmin vaxtdan indiyədək iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamının məzmunundan görünür ki, iddiaçı, xx.xx.2010-cu il tarixdə qulluq etdiyi N №-li hərbi hissədən yaşa görə ehtiyata buraxılmışdır. İddiaçı, ehtiyata buraxıldıqdan sonra da, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmiş, uzun müddət yaşadığı mənzilə order verilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 84 nömrəli Sərəncamı əsasında əvvəllər xx.xx.1995-ci il tarixli xidməti order əsasında verilmiş mənzilə dair yenidən xx.xx.2011-ci il tarixli, 007004 nömrəli order verilmişdir. Cavabeh orqanın iddia tələbinə qarşı dəlili 007004 saylı orderin iddiaçıya xx.xx.2011-ci il tarixində Mingəçevir şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 84 nömrəli sərəncamı əsasında verilməsi və xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə ordər verilməsinin nəzərdə tutulması, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçının adına İşlənmiş 004377 nömrəli xx.xx.1995-ci il tarixli orderin isə iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim olunması, xidməti mənzillərin özəlləşdirilməsinin qanunla qadağan olunduğunması ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlillərinə münasibətdə qeyd edir ki, iddia olunan mənzillə bağlı tərtib edilmiş hər iki orderdə (08 06.2011 və 13 fevral 1995-ci il tarixli) mənzilin ayrıldığı subyektlərin dairəsi dəyişməmişdir. Sözügedən sərəncam əsasında iddia olunan mənzil iddiaçıya xidməti mənzil olaraq verildiyindən, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamı həmin mənzilin xidməti statusunun dəyişdirilməsi baxımından qiymətləndirilməlidir. Hər bir halda sözügedən mənzilin hazırda xidməti mənzil olmaması işin mübahisəsiz halıdır. Yəni, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamının məqsədinə və mahiyyətinə uyğun hüquqi dəyərləndirmə aparmaqla məhkəmə qeyd edir ki, Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 10, mənzil 1 ünvanında yerləşən mənzillə bağlı tərtib edilmiş xx.xx.1995-ci il tarixli və xx.xx.2011-ci il tarixli orderlər arasında yeganə fərq mənzilin “xidməti” statusunun dəyişdirilməsi olmuşdur. Buna görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamında xx.xx.1995-ci il tarixli orderin ləğv edilməsini qeyd etsə də, sonradan eyni subyektlərə münasibətdə eyni mənzilin yaşamaq hüququ ilə verilməsi onu göstərir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti sözügedən sərəncamla faktiki olaraq iddia olunan mənzilin artıq “xidməti” mənzil olmaması əsasından çıxış etməklə, xx.xx.1995-ci il tarixli orderdə qeyd edilmiş mənzilin “xidməti” statusunu aradan qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan mənzilə dair Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2011-ci il tarixli 84 nömrəli Sərəncamı əsasında verilmiş order mənzilin özəlləşdirilməsi üçün əsas olmasa da, həmin mənzilə dair xx.xx.1995-ci il tarixdə tərtib edilmiş order mənzilin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Sözügedən mənzildə yaşayan iddiaçının ailə üzvləri notarial qaydada təsdiq edilmiş ərizələrində mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razı olduqlarını bildirmişlər. İddia olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.1995-ci il tarixli order, həmin mənzilin xidməti mənzil olmaması ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-3/2-1023/2023 nömrəli məktubu və iddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin razılıqlarının mövcudluğu yetərlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qanunverici, mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “ARMFÖH” ARQ-nin 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 6 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-2288/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2288/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver