Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2289/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “2020/2021-ci illər üçün hesablanmış 1500 manat təhsil haqqı borcunun 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə maraqlı şəxs Azərbaycan Texnologiya Universitetinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə məhkəmə müraciət edərək “2020/2021-ci illər üçün hesablanmış 1500 manat təhsil haqqı borcunun 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə maraqlı şəxs Azərbaycan Texnologiya Universitetinə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2404/2023 nömrəli qərardadı ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir və mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, cavabdeh orqanlara qarşı yönəlmiş iddia tələbi “2020/2021-ci illər üçün hesablanmış 1500 manat təhsil haqqı borcunun 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə maraqlı şəxs Azərbaycan Texnologiya Universitetinə ödənilməsi” şəkilndə ifadə edilmişdir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı məcburi köçkün statusunun olması ilə əlaqədar təhsil aldığı Azərbaycan Texnologiya Universitetində təhsil haqqının ödənilməsindən azad edilməsinə nail olmaqdır. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 1308 №-li Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. Sözügedən Sərəncam məcburi köçkün ailələrinin sosial iqtisadi vəziyyəti nəzərə alınaraq və onların uşaqlarının ali və orta ixtisas təhsil müəssisələrində təhsillərinin davam etdirilməsinə dövlət köməyi göstərmək məqsədi ilə verilmişdir. Həmin Sərəncamın icrası ilə əlaqədar iddiaçının təhsil aldığı Universitetlə arasında yaranan təhsil haqqının ödənilməsindən azad edilməsilə bağlı mübahisələr mülki hüquq münasibətlərinə aiddir və yaranmış mübahisə mülki hüququn tənzimetmə predmetinə aid olduğundan publik hüquqla tənzimlənmir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. Azərbaycan Azərbaycan Texnologiya Universitetinin fəaliyyəti isə “İnzibati İcraat haqqında” qanunla tənzimlənmir. Qəbul etdiyi qərarlar inzibati akt deyil və ünvanlandığı şəxs üçün hər hansı hüquqi nəticə yaratmır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”nda Azərbaycan Texnologiya Universiteti inzibati orqan olaraq qeyd olunmamışdır. Məhkəmə iddia ərizəsində ifadə edilmiş tələbə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir; - Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli 12 №-li qərarına əsasən Dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında yaranan münasibətlərə dair “Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında X2” təsdiq edilmiş, müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi, bu qərarın 1-ci hissəsində qeyd olunan şəxslərin statusunda və təhsil formasında il ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması və digər məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə: - Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə: Müqavilənin predmeti: Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə dövlət ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən göstərilən təhsil xidmətlərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsi zamanı tərəflər arasında yaranan münasibətlər. Tərəflərin hüquq və öhdəlikləri: 2.3. Ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası təhsilalanın təhsil müddəti ərzində aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.3.1. dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının infrastrukturundan digər təhsilalanlar kimi bərabərhüquqlu əsaslarla istifadə etmək üçün müvafiq şərait yaratmaq; 2.3.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil vermək; 2.3.3. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin etmək. 2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.4.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsində nəzərdə tutulan tələblərə riayət etmək; 2.4.2. öz hərəkətləri ilə dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək; 2.4.3. dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı andan 10 (on) iş günü müddətində təqdim etmək.
3. Xərclərin məbləği və ödəniş qaydası; 3.1. Xərclərin məbləği “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə müəyyən edilmiş hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq müəyyənləşdirilir və bu vəsait Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ali təhsil müəssisələrinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına köçürülür. https://e-qanun.az/framework/22948 3.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsini və ya təşkilatı dəyişdirdikdə müvafiq Müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə yeni dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə: - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Fərdi Müqavilə:
2. Tərəflərin hüquqları: 2.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aşağıdakı hüquqları vardır: 2.1.1. dövlət ali təhsil müəssisəsindən və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək; 2.1.2. dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqaviləyə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək; 2.1.3. dövlət ali təhsil müəssisəsindən və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil verilməsini tələb etmək. 2.2. Dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.
3. Tərəflərin öhdəlikləri; 3.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq, bu Müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş qaydada ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının onun təhsil aldığı dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. 3.2. Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək; 3.2.2. tədris ili bitdikdən sonra 20 (iyirmi) iş günü müddətində təhsilalanın illik təhsilinin nəticələrinə dair hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim etmək; 3.2.3. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək; 3.2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhsil haqqının məbləği daxilində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin dövlət standartlarına uyğun təhsilini təşkil etmək; 3.2.5. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq.
4. Xərclərin məbləği və ödəniş qaydası; 4.1. Ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 4.2. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir.
Yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi məcburi köçkün statusu olan şəxslə Ali təhsil müəssisəsi arasında Nümunəvi Fərdi Müqavilə bağlandıqdan sonra dövlət ali təhsil müəssisəsinin həmin şəxsə digər təhsilalanlar kimi bərabərhüquqlu əsaslarla istifadə etmək üçün müvafiq şərait yaratmaq; dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil vermək; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin etmək öhdəliyi yaranır. Sözügedən müqavilədə təhsilalanın məcburi köçkün statusunun mövcudluğunu təsdiq edən zəruri sənədlərin təqdim edilməsindən başqa, göstərilən təhsil xidmətlərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsi ilə bağlı yerinə yetirməli olduğu hər hansı əlavə öhdəlik nəzərdə tutmamışdır. “Xərclərin məbləği və ödəniş qaydası”nda isə ödənilməsi nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ali təhsil müəssisələrinə köçürülməsi və digər məsələlər öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Fərdi Müqavilədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin məbləğinə uyğun olaraq, bu Müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş qaydada ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə qəbul olmuş məcburi köçkünün təhsil haqqının onun təhsil aldığı dövlət ali təhsil müəssisəsinə ödəməsi öhdəliyi, ali təhsil müəssisəsinin isə ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərdən biri bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edə bilər. 7.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər. 7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir. Göründüyü kimi məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə görə təhsil haqqının onun təhsil aldığı dövlət ali təhsil müəssisəsinə ödənilməsi ilə bağlı yaranan mübahisələrdə müvafiq tələbi ali təhsil müəssisəsi irəli sürmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı subyektiv hüququ olmadığı halda faktiki olaraq Azərbaycan Texnologiya Universitetinin mülki icraat qaydasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsində nəzərdə tutulmuş Nümunəvi Fərdi Müqavilə üzrə irəli sürməli olduğu tələbi öz adından irəli sürmüşdür. Hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi, irəli sürülmüş tələbin Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Nümunəvi Fərdi Müqavilə üzrə həmin tərəflər arasında mülki hüquq münasibətləri ilə tənzimlənməli olması və ümumiyyətlə həmin tələbin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçı həmin məktubu xx.xx.2023-cü il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “2020/2021-ci illər üçün hesablanmış 1500 manat təhsil haqqı borcunun 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə maraqlı şəxs Azərbaycan Texnologiya Universitetinə ödənilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.