Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2293/2024 12.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı “övladı-Ruslan Ramazanova əlilliyə görə təyin olunmuş müavinəti almaq hüququ yarandığı gündən- xx.xx.2021-ci il tarixdən ödənilməsi, eyni zamanda övladının orqanizmin funksiyasını 81-100% pozulmasına görə əlillik müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü onu almaq hüququ yarandığı gündən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “övladı-Ruslan Ramazanova əlilliyə görə təyin olunmuş müavinəti almaq hüququ yarandığı gündən-xx.xx.2021-ci il tarixdən ödənilməsi, eyni zamanda övladının orqanizmin funksiyasını 81-100% pozulmasına görə əlillik müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü onu almaq hüququ yarandığı gündən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu X2 xx.xx.2003-cü il tarixdə dünyaya gəlmişdir. Övladı anadangəlmə əqli qüsurludur. Ona ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Oğluna 18 yaşma qədər anası qulluq etmişdir. Eyni zamanda oğluma 18 yaşınadək əlilliyə görə hər ay 150 manat müavinət təyin olunmuşdur. Övladının 18 yaşı tamam olduqdan sonra ona təyin edilmiş müavinətin dayandırılacağını nəzərə alaraq Şəki rayon Psixiatriya xəstəxanasında müayinə olunmaq üçün aparmışdır. Oğlu xx.xx.2021-ci il tarixdə Şəki rayon Psixiatriya xəstəxanasında müayinə olunmuş və ona “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu ilə F 72.1.” diaqnozu qoyulmuşdur. Bundan sonra digər bütün lazımi sənədləri toplayaraq Zaqatala RMX-nin PHŞ Konsullativ Poliklinika şöbəsinə təhvil vermişdir. Lakin bu işə bilavasitə məsul şəxslər ona məlum olmayan səbəblər üzündən sənədlərin vaxtında göndərilməsini təmin etməmişlər. Onu müxtəlif bəhanələrlə aldadaraq sənədlərin göndərilməsini uzatmış,”gah növbəyə almışıq, gah da göndərəcəyik" ifadələri ilə onu arxayınlaşdırmışlar. Beləliklə aidiyyatı orqanlar və ya şəxslərin təqsiri üzündən müddət ötürülərək sənədlər Tibbi Sosial Ekspert Komissiyasına gec göndərilmiş, TSEK-sı isə sonuncu müayinə tarixini xx.xx.2022-ci il kimi qeyd etmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində, yəni 1 il 4 ay ərzində 1 qrup əlilə təyin olunmuş müavinat və əlilə qulluğa görə verilən Prezident təqaüdündən qanunsuz olaraq məhrum olmuşdur. Cavabdeh orqan Sosial ödənişlər üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırmışdır: - İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 xx.xx.2003-cü il tarixdə dünyaya gəlmiş və anadangəlmə əqli qüsurludur. O, bildirir ki, oğlu R.Ramazanova əlilliyə görə müavinət 18 yaşı tamam olduqdan sonra dayandırılmış, daha sonra Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2022-ci il tarixdən ona birinci qrup əlillik təyin edilmiş və müavinətin ödənilməsi davam etdirilmişdir. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-156/2023 nömrəli qərarı ilə İddiaçı oğlu R.Ramazanova qəyyum təyin olunduğundan ona qulluq etməyə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin, iddiaçı hesab edir ki, oğlu R.Ramazanova əlilliyə görə müavinət onu almaq hüququ yarandığı gündən (əlilliyi təkrar müəyyən olunduğu gündən) və ona qulluğa görə Prezindet təqaüdü onu almaq hüququ yarandığı gündən yəni, xx.xx.2021-ci il tarixdən ödənilməlidir. İddiaçı daha əvvəl eyni məzmunlu tələblə Şəki inzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-468/2024 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmiş, qərardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.4-cü bəndinə əsasən, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iddiaçının “övladı R.Ramazanova əlilliyə görə təyin edilmiş müavinəti onu almaq hüququ yarandığı gündən xx.xx.2021-ci il tarixdən ödənilməsi və eyni zamanda övladının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü almaq hüququnun yarandığı gündən, yəni xx.xx.2021 -ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması'-na dair iddiası barədə qanunu qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı daha əvvəl eyni məzmunlu tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli 2-1(116)-468/2024 nömrəli qərarla iddia tələbi təmin edilməmişdir (qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir). İş materiallarından göründüyü kimi əvvəlki iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsasları hazırki işlə eynidir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılmasının mümkünlüyünü istisna edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı “övladı-Ruslan Ramazanova əlilliyə görə təyin olunmuş müavinəti almaq hüququ yarandığı gündən xx.xx.2021-ci il tarixdən ödənilməsi, eyni zamanda övladının orqanizmin funksiyasını 81- 100% pozulmasına görə əlillik müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən prezident təqaüdünü onu almaq hüququ yarandığı gündən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.