Məhkəmə qərarları › İş №2-1(116)-2296/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2296/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2296/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və DSMF-nin 1 saylı X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “DSMF-nin 1 saylı X1 cavabdehlər siyahısından çıxarılmasını və “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxx 1958-ci ildə Kəlbəcər rayonu Zar kəndində doğulmuşdur. 1974-1977-ci illərdə atası vəfat etdikdən sonra məcbur qalaraq Ermənistan respublikasının ərazisində yerləşən “Zod” qızıl çıxarma mədənlərində yeraltı tuneldə (şaxtada) işləmişdir. 1977-1979cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən də sonra 1979-cu ildən 1988-ci ilədək həmin müəssisədə işləmişdir. 1988-ci ildə əmək fəaliyyəti zamanı tuneldə uçqun hadisəsi baş vermişdir. Torpağın altında qalaraq kəllə-beyin travması almış, aldığı zədə nəticəsində əmək qabiliyyətini itirmişdir. Müraciəti əsasında Mingəçevir şəhər Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(051)- 1882/2016 saylı qətnaməsi əsasında 08 sentyabr 1988-ci il tarixdə “Zod" qızıl çıxarma mədənində yeraltı tuneldə torpaq uçqunu zamanı əmək xəsarəti almağı nəticəsində əmək qabiliyyətinin 75-100 faizini itirməyi faktı təsdiq edilmişdir Bundan sonra 202 -ci ilə qədər 2-ci qrup əlilliyə görə hər ay kompensasiya almışdır. Ödənilən kompensasiya xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Buna görə də iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ərizəinin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçıya xx.xx.2016-cı ildə müəssisələrdə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmişdir. İddiaçı əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ona təyin edilmiş aylıq kompensasiya xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin edilmiş bu kompensasiya qrupu Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə verilən kompensasiyadır. İddiaçı əlilliyinin bərpası səbəbilə inzibati orqana müraciət edərək ona təyin edilmiş kompensasiyanın bərpasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən kompensasiyanın verilməsi üçün tələb edilən şərtlərdən biri də kompensasiya alan şəxsin qaçqın olmasıdır, iddiaçı isə məcburi köçkündür. Beləliklə, iddiaçıya haqlı olaraq cavabdeh orqan tərəfindən kompensasiyanın bərpa edilməsi ilə bağlı imtina verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinə əsasən İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2-ci bölməsində qeyd edilmişdir ki, Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur:

1. Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə;

2. Ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. Həmin Qaydaların ümumi müddəasında bildirilmişdir ki, bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qaçqın və məcburi köçkün ifadələrinin anlayışları belə verilmişdir: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İddiaçıya məxsus xx.xx.2011-ci il tarixli AZE0******* seriya nömrəli vəsiqədən aydın olur ki, iddiaçının doğulduğu yer və yaşayış yeri Kəlbəcər rayonu, Zar kəndidir. Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 1541 nömrəli arayışına əsasən iddiaçı məcburi köçkün kimi 1992-ci il tarixdən Qəbələ rayonunda məskunlaşmışdır. Kompensasiya isə qaçqınlara verilir, iddiaçı isə qaçqın deyil məcburi köçkündür, iddiaçı Azərbaycan Respublikasına aid olan torpaqlarda doğulub yaşamış, hərbi təcavüz səbəbilə yaşayış yerini tərk edərək yenə Azərbaycan Respublikasının ərazisində - Qəbələ rayonunda məskunlaşmışdır. Bu isə məcburi köçkün ifadəsinin anlayışına uyğun gəlir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 65 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonu sakini AZE 0******* nömrəli vəsiqənin sahibi İddiaçı məcburi köçkün olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-1882/2016 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin olunmuş, İddiaçı 1974-cü ilin iyul ayından 1988-ci ilin sentyabr ayına qədər Ermənistan Respublikasının “Zod” qızıl çıxarma mədənində yeraltı tuneldə 08 sentyabr 1988-ci il tarixdə torpaq uçqunu zamanı əmək xəsarəti alması nəticəsində əmək qabiliyyətinin 75-100 faizinin itirilməsi faktı müəyyən edilmiş hesab olunmuşdur. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-1016/2015 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin olunmuş, İddiaçı 1974-cü ilin iyul ayından 1988-ci ilin sentyabr ayınadək Ermənistan Respublikasının “Zod” qızıl çıxarma mədənində yeraltı tuneldə fəhlə işləməsi və 08 sentyabr 1988-ci il tarixdə torpaq uçqunu nəticəsində əmək xəsarəti alması haqqında hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir.

Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaları:

1. Ümumi müddəa Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.

2. Qaydaların tətbiq dairəsi Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qaçqın və məcburi köçkün ifadələrinin anlayışları belə verilmişdir: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın ödənilməsinə nail olmaqdır. Sözügedən Qaydalara istinad olunmaqla cavabdeh orqandan aylıq kompensasiyanın ödənilməsini tələb etmək üçün iddiaçının qaçqın statusu olmalıdır. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı, Kəlbəcər rayonu sakini olmaqla (AZE0*******) məcburi köçkün kimi ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda iddiaçı, məhz qaçqın statuslu zərərçəkənlərə münasibətdə Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə verilməsi nəzərdə tutulan kompensasiyanın ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Qaçqın” statuslu zərərçəkənlərə verilən ödənişin əvəzinə ona verilən və xx.xx.2022-ci il tarixdən əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunaraq dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar