Məhkəmə qərarları › İş №2-1(116)-2297/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2297/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2297/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və DSMF-nun 1 saylı X1 qarşı “cavabdeh tərəfindən verilən və 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunması və verilən dövrə görə həmin kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala və DSMF-nun 1 saylı X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilən və 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunması və veriln dövrə görə həmin kompensasiyanın ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinin məzmunu və “xahiş edirəm” hissəsi qeyri-müəyyən formada, rabitəsiz cümlələrlə ifadə olunmuş, iddiaçının hüquqi marağının nədən ibarət olmasını, hansı cavabdeh tərəfindən hansı məqsədlə iddiaçıya kompensasiyanın ödənilməsi, ödənilmiş hansı kompensasiyanın dayandırılması, “verilən dövrə görə” ödənilmə dedikdə hansı dövrü və hansı ödənişin nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsinin məzmununda “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməyə istinad olunmuş, iddia ərizəsinə isə iddiaçının xəstəliyi ilə bağlı Azərbaycan Respublikası MN-nin Mərkəzi HHK-nın xx.xx.2021-ci il tarixli, 315 saylı qərarı, həkim məsləhət komissiyasının xx.xx.2022-ci il tarixli bildirişi, tibbi sosial ekspert komissiyasına göndəriş və digər sənədlər əlavə edilmişdir. Bununla belə cavabdeh orqanlara qarşı tələbin konkret olaraq hansı ödənişin həyata keçirilməsi ilə bağlı olmasını müəyyən etmək mümkün olmamışdır. Əlavə edilmiş sənədlərə iddiaçının müraciətinin təmin edilməsindən hər hansı inzibati orqanın imtina etməsinə dair sənəd də əlavə edilməmişdir. Odur ki, hazırkı mərhələdə iddia tələbi qeyri-müəyyən olması ilə bərabər, cavabdeh orqanlar tərəfindən iddiaçının hər hansı hüququnun və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. DSMF-nun 1 saylı X1 münasibətdə isə məhkəmə əlavə olaraq izah edir ki, sözügedən orqan ümumiyyətlə hər hansı ödənişin edilməsi ilə bağlı cavabdeh orqan qismində müəyyən edilə və üzərinə öhdəlik qoyula bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Verilmiş müddət ərzində iddia tələbinin dəqiqləşdirilməsi, cavabdeh orqanlara qarşı yönəlmiş tələbin aydın və konkret qeyd edilməsi, eyni zamanda cavabdeh orqanlar tərəfindən müraciətin təmin edilməsindən imtina cavabının (və ya müraciəti cavabsız saxlaması barədə sübutun) təqdim edilməsi təklif olunmuşdur. Yardım məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə qəbul edilməsinə baxmayaraq, yol verilmiş nöqsanlar aradan qaldırılmamış, iddia tələbi dəqiqləşdirilməmişdir. İddiaçı tərəfindən müxtəlif inzibati orqanlarla edilmiş müraciətlərə dair verilmiş cavablar və xəstəliyinə dair sənədlər məhkəməyə təqdim edilmiş, bununla belə iddiaçının hansı inzibati orqana qarşı konkret hansı tələbi irəli sürməsi qeyri-müəyyən olaraq qalmışdır. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala və DSMF-nun 1 saylı X1 qarşı “cavabdeh tərəfindən verilən və 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış aylıq kompensasiyanın bərpa olunması və verilən dövrə görə həmin kompensasiyanın ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar