Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2299/2023 11.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1968-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Məlum Qarabağ hadisələri başlayan gündən, yəni xx.xx.1993-ci ildə Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən Səfərbərlik üzrə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində yəni N nömrəli hərbi hissədə qulluq etmişdir. xx.xx.N-cü ildə döyüş əməliyyatlarında ağır qəlpə yarası almış, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında xx.xx.N-cü ildə xx.xx.N-cü ilə kimi müalicə almışdır. Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2020-ci il tarixli 114 nömrəli qərarı ilə aldığı xəsarət hərbi travma kimi qiymətləndirilmişdir. İddiaçı, müharibə adının verilməsi barədə cavabdehə müraciət etməyinə baxmayaraq, ona xx.xx.2019-cu il tarixli 1/n-17704 nömrəli məktubu ilə müsbət cavab verilmədiyinə görə hüquqlarının müdafiəsinin təmin olunması üçün İnzibati Məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-4985 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-4985 nömrəli arxiv arayışından görünür ki, Mingəçevir RHK-dan çağırılmış, 1968-ci il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 5 №-li nizamı hissə üzrə əmrilə (əsas: səh 39, § 1, sıra 45) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş, Mingəçevir RHK-dan çağırılmış, 1969-cu il təvəllüdlü hesab nömrəsi sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 139 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 45, § 11, əmrdə təvəlüdü “1969” yazılmışdır) ştatdan kənar edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 114 nömrəli qərarından görünür ki, Mingəçevir ŞHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 16/2559 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.Ncü ildə aldığı və xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ budun arxa 1/3nin qəlpə yarası” xx.xx.2020-ci ildə SQ Baş Klinik Hospitalında aparılmış rentgen müayinəsinin nəticəsi- diaqnoz: “Sağ budun orta 1/3-nin yumşaq toxumasında 4-5 mm ölçüdə bir ədəd yad cisim (qəlpə)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Minqəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 212 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 409 nömrəli arayışı, Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasından verilmiş xx.xx.N-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 114 nömrəli qərarında iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü ildə aldığı və xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında müayinə və müalicə olunduğu qeyd edilsə də, faktiki olaraq müalicədən sonra iddiaçının hərbi xidməti barədə məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-4985 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 139 №-li nizami hissə üzrə əmrində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilməsi barədə qeyd mövcuddur. Qeyd olunan hallar iddiaçının faktiki olaraq xx.xx.N-cü il tarixdən sonra hərbi xidmətini davam etdirməməsini birbaşa sübut edir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2299/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2299/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver