Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-230/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 iştirakı ilə iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Göyçay Rayon Qarabaqqal Bələdiyyəsinə (üçüncü şəxslər X10, X14) qarşı "Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli iclas qərarı ilə bağçılığın inkişafı məqsədi ilə 0,45 ha torpaq sahəsinin X3 qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə X10 arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2004-cü ildə Göyçay rayon torpaq şöbəsində 10 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas qərarı ilə 0,08 ha torpaq sahəsinin X5 qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə X14 arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 108 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına həmin torpaq sahəsi ilə bağlı A seriyalı 396260 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və Dövlət Torpaq Kadastr kitabında xx.xx.2012-ci ildə 1070 nömrəsi ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən X11 adına həmin torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,45 ha torpaq sahəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə X11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Göyçay Rayon Qarabaqqal Bələdiyyəsinə qarşı "Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla üçüncü şəxslərə satılmış torpaq sahələri uzun illərdir ki, "İddiaçı" ASC-nin Göyçay "Aqrartikinti" filialının qanuni istifadəsindədir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Üçüncü şəxslər X10 və X14 iddiaya yazılı münasibət bildirməmişlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəllər ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli iclas qərarından görünür ki, bağçılığın inkişafı məqsədi ilə 0,45 ha torpaq sahəsinin X3 qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas qərarından görünür ki, 0,08 ha torpaq sahəsinin X5 qərara alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,45 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X11 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 9-cu bəndinə görə, dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, dövlət müəssisələrinin daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilmir. İşdən göründüyü kimi, iddiaçı "İddiaçı" ASC-yə Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə 5 ha, xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarı ilə isə əlavə olaraq 1,33 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üçüncü şəxslərə Göyçay Rayonu Çayarxı Bələdiyyəsi tərəfindən satılmış torpaq sahələri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli **********62 nömrəli mütəxəssis rəyi ilə müəyyən edildi ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X4 0,45 ha və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarı ilə X6 0,08 ha torpaq sahələri Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə 8 nömrəli kolxozlararası tikinti trestinə istehsal texniki baza tikintisinə ayrılmış (5 ha+1,33 ha) cəmi 6,33 ha torpaq sahəsinin texniki sənədləri təqdim edilməsə də, üçüncü şəxslər X8 naturada istifadə etdiyi torpaq sahəsinin 0,18 ha hissəsi və X11 naturada istifadə etdiyi torpaq sahəsi (0,19 ha) elektron baza məlumatlarına əsasən Dövlət torpağı ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdən görünür ki, X6 torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə bötövlükdə, X4 torpaq sahəsi isə hissəvi üst-üstə düşür. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Sadalanan normalara istinadən, məhkəmə bu qənaətə gəldi ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı X9 münasibətdə, xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarı isə X12 münasibətdə əlverişli inzibati akt olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vururlar. Ona görə də iddia qismən təmin edilərək, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə, xx.xx.2007ci il tarixli 04 nömrəli qərar tam ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Göyçay Rayon Çayarxı X1 0,45 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004cü il tarixli 01 nömrəli qərarı Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə Göyçay rayonu 8 nömrəli kolxozlararası tikinti trestinə ayrılmış cəmi 6,33 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Göyçay Rayon Çayarxı X2 0,08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-230/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-230/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver