Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-230/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı (üçüncü şəxslər: X3, X4) “onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və JN-5xx xxx 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində 8500.38 kv.m torpaq sahəsinin bir hissəsinə dair X3 və X1 adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən qanuni və faktiki istifadəsində olan JN 5xx xxx 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya aparılan ilkin torpaq islahatı zamanı 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.85 ha hissəsi bir sahədən, qalan hissəsi isə başqa sahədən verilmişdir. Qeyd olunan 1.23 ha torpaq sahəsinə dair JN-554 nömrəli Dövlət Aktı tərtib edilərək verilmişdir. Sonradan aparılan təkrar islahat zamanı iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi iki hissəyə bölünərək 3500 kv.m hissəsi iddiaçıya, qalan hissəsi isə səhvən Muxax kənd sakinləri X3 və X1 adına rəsmiləşdirilmişdir. Əvəzində iddiaçıya başqa sahədən 4699 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, digər şəxslərin adına işlənmiş sənədlərin və səhvən özünün adına işlənmiş plan və ölçü sənədlərinin ləğv edilməsi və ilkin islahat zamanı verilmiş 0.82 ha torpaq sahəsinə dair yeni sənədin hazırlanmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina və etiraz məktublarında qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin təmin edilməsi onların səlahiyyətləri daxilində deyildir. Cavabdeh orqan bildirir ki, tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmamış və JN-554 nömrəli Dövlət Aktının nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Zaqatala rayonu, AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İdarənin arxiv fondunda 3-cü şəxs X2 məxsus torpaq sahələrinə dair hər hansı bir məlumat və sənəd aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-5xx xxx 40214018 nömrəli Dövlət Aktının surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə 1.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Aktı qeydiyyat kitabında 16967 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 4699 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 421 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 485532 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 3499 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 353 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 242999 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2098-ci il tarixli 69 saylı qərarı ilə 1498.82 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 247813 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə 140 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 247814 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə 2646 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 246748 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə 1198.99 kv.m həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 1728 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 249395 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə 175 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 485533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 1200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 485605 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 799 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş “Zaqatala rayonunun Muxax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adına 0.15 ha, X1 adına isə 0.12 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. İş materiallarından görünür ki, iddiaçının adına tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmamış və JN-554 nömrəli Dövlət Aktının nüsxəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Zaqatala rayonu, AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu, Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Plan ölçü sənədlərindən müəyyən olunur ki, iddiaçıya ümumilikdə 10984 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı isə onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və müvafiq olaraq JN 5xx xxx 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasını tələb edir. Halbuki iddiaçının hüququnun əsası kimi istinad etdiyi aktda ona 1.23 ha torpaq sahəsinin verildiyi qeyd olunmuşdur. Onun tələbi təmin ediləcəyi təqdirdə onun yekunda 14785 kv.m torpaq sahəsi olacaq ki, bu da ona iddia etdiyi kimi ilkin olaraq verilmiş 1.23 ha-dan çoxdur. Həmçinin İddiaçı Zaqatala rayon Muxax kəndində yerləşən 0,85 ha torpaq sahəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Məhkəmə araşdırması nəticəsində torpaq sahəsinin 3-cü şəxslərə aid olduğu məlum olmuşdur. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının adına tərtib edilmiş Dövlət Aktı haqqında məlumatlar ərazi idarəsinin arxiv fondunda və İdarənin xidməti istifadəsində olan xəritələrdə öz əksini tapmadığı, JN-554 nömrəli Dövlət Aktının nüsxəsinin Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi, həmçinin Zaqatala rayonu Muxax kəndi üzrə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarının, o cümlədən JN-554 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın qeydiyyatı barədə “Qeydiyyat kitabları” ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən İdarəyə təhvil verilmiş arxiv fondunda aşkar edilmədiyi üçün hazırki vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, 3-cü şəxslərin adına tərtib edilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı (üçüncü şəxslər: X3, X4) “onun adına hazırlanmış 4699 kv.m torpaq sahəsinə dair A seriyalı 485600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və JN-5xx xxx 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində 8500.38 kv.m torpaq sahəsinin bir hissəsinə dair X3 və X1 adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin ləğv edilməsi, Zaqatala rayonu, Muxax kəndində yerləşən qanuni və faktiki istifadəsində olan JN 5xx xxx 40214018 saylı Dövlət Aktının 2-ci səhifəsində göstərilən 0.85 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması və həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-230/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-230/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver