Məhkəmə qərarları › İş №2-1(116)-230/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-230/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-230/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “Xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə: Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6475/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 2000-ci ildən 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Xidmət müddətində 2009-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının (Ləkin sərhəd komendantlığı) qərargah rəisi, 2014-cü ilin may ayından 2018-ci ilin iyun ayına dək N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının (Həzrə sərhəd komendantlığı) komendantı vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd məntəqələri DSX rəisinin xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrində (yeni əmr xx.xx.2020-ci il № 041) xüsusi mürəkkəb xidmət şəraiti məntəqələri kimi qeyd olmasına baxmayaraq, xidməti müddətində ona xüsusi mürəkkəb xidmət şəraitinə görə veriləcək pul əlavəsi verilməmişdir. Xidmət etdiyi sərhəd komendantlığının tabeçiliyində olan bəzi sərhəd məntəqləri xüsusi mürəkkəb xidmət və yüksəkliyə görə pul əlavəsi aldığından və komendantlığın idarə heyətinin iş fəailiyyəti ilə əlaqədar olduğundan qeyd olunan sərhəd komendantlığı xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2021- ci il tarixli ərizə (DSX-nin ünvanına çatma xx.xx.2021 -ci il) ilə müraciət etmiş, lakin inzibati orqanın xx.xx.2021-ci il tarixli 10/4 nömrəli qərarı ilə (ünvanına çatma xx.xx.2021.) ərizəsinə əsaslı cavab vermədən tələbinin icrasından imtina edilmişdir. X3 Xidmətinə xx.xx.2021-ci il tarixli ərizə (DSX-nin ünvanına çatma xx.xx.2021ci il) ilə müraciət etmiş, lakin inzibati orqan yenidən xx.xx.2021-ci il tarixli 10/37 nömrəli qərarı ilə (ünvanına çatma xx.xx.2021.) tələbinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti öz imtinasını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzər alınmışdır. Əlavə olaraq bildirmişlər ki, 31 iyul 2018-ci il tarixə dək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməyə uyğun aparılmış və həmin əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. Bununla razılaşmayaraq yenidən təkrar ərizə ilə müraciət etmiş, təkrar cavablandırmada DSX öz imtinasını onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidməti rəisi X1 14 fevral 2006-cı il tarixli müvafiq əmrinə əsasən xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş nsiyahısında həmin ərazilər üzrə xidmət edən hərbi qulluqçular ilə bağlı hər hansı bir faiz miqdarında ödəniş barədə bənd qeyd olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, N nömrəli hərbi hissə üzrə xidmət etdiyi dövrdə ona vəzifə maaşının 15%-i həcmində hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Komitə Sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmri əsasında İran İslam Respublikası ilə həmsərhəd olması ilə bağlı həyata keçirilmişdir. Hesab edirəm ki, İnzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsasızdır, işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Göründüyü kimi, İnzibati orqan hesab edir ki, N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığmda (Ləkin sərhdəd komendantlığı) xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzər alnmışdır. Burdan da görünür ki, DSX-nin imtina məktubunda qeyd etdiyi kimi 1-ci halda yəni N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığında (Ləkin sərhəd komendantlığı) xidmət müddətində 15% pul əlavələri ona ödənilib, lakin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlıənmda (Həzrə sərhəd komendantlığı) xidmət müddətinə görə əlavələrin (15%) ödənilməsinə gəldikdə isə 31 iyul 2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında Əsasnaməyə uyğun aparılmasını qeyd edir və bildirir ki, həmin əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməsində xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamasına baxmayaraq Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli qərarının tələbləri və bu tələblərdən irəli gələn DSX rəisinin xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrində xüsusi (mürəkkəb) xidmət şəraitinə aid olmuş məntəqələrə pul əlavəsi verilməlidir. Bu səbəbdən hesab edir ki, inzibati orqanın müraciətimə verdiyi imtinası əsassızdır. verilir. DSX-nin hərbi qulluqçularının güzəştlərə görə pul əlavələrin ödənişi DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin təsdiq edilməsinə qədər Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə, Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 14 sentyabr 1982-ci il tarixli 0555 №li əmrinə (“Об утверждении Инструкции о денежном содержании военнослужащих Комитета государственной безопастности СССР”), eləcədə Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 40 nömrəli əmrinə uyğun rəhbər tutularaq həyata keçirilirdi. DSX tərəfindən ərizəyə imtina məktubundan da görünür ki, DSX-də xüsusi mürəkkəb şəraitə görə pul əlavələri, yəni DSX-də İran İslam Respublikası ilə həmsərhəd olan ərazilərdə xidmətə görə pul əlavələri Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sədrinin 1992-ci il tarixli 40 nömrəli əmri ilə tənzimlənir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməsində, eləcədə DSX rəisinin 31 avqust 2018-ci tarixli 0251 №-li “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” də İran İslam Respublikası ilə həmsərhəd ərazilərdə xidmətə görə pul əlavələrinin verilməsi nəzən tutulmasa da hazırki müddətədək bu ödənişlər davam etdirilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56 nömrəli, xx.xx.1992-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrini hərbi qulluqçuları üçün pul təminatları növündə xüsusi şəraitdə qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” 562 saylı. 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSXnin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamədə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı pul əlavəsini verilməsi ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: - 4.6.-cı bəndinə əsasən, Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə sörə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri (xx.xx.2006-cı il tarixli llvə xx.xx.2020-ci il tarixli 041№li ) ilə təsdiq edilir. (Bölmələrin siyahısında Ləkin və Həzrə öz əksini tapıb ) Pul əlavəsi hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral 2006-cı il tarixli 11 nömrəli əmrinə (yeni əmr xx.xx.2020-ci 041 nömrəli) əsasən ona xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsi verilməli idi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissəsinin 2-ci (Həzrə) Sərhəd Komendatlığının komendantı vəzifəsində olduğu müddət (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi 2-ci (Həzrə) X2 Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısında qeyd olunduğu göstərilmişdir. xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi qaydaları müəyyən olunmuşdur. Qeyd olunan nəzərə alaraq bildirmək istəyirik ki, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş 11 bənddən ibarət qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - SHXÇÜDX-nin xx.xx.2022-ci il tarixli 1074 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-37/2021 nömrəli qərarının təsviri hissəsindən görünür ki, iddiaçı DSX-nin rəisinin xx.xx.2018-ci il tarixli 691 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə tərəfindən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdehə müvafiq sərəncam və sorğular ünvanlanaraq iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat materialları, arxiv arayışları, iddiaçının iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh orqan tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində işlədiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək müddət üzrə (48 ay) qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh orqanın iddia tələbinə etirazından görünür ki, cavabdeh iddiaçının xx.xx.2014-xx.xx.2018ci il tarixlərdə N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığında işləməsini mübahisələndirmir. Cavabdehin etirazının əsas dəlili xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrlə təsdiq edilmiş “xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi” Qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsinin nəzərdə tutulmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan iddiaçının xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqəsində xidmət etdiyini qəbul edir, lakin hesab edir ki, iddiaçıya xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi Qaydalarda nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Həzrə” sərhəd komendantlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarına əlavə edilmiş 1 və 2 saylı əlavələrdə göstərilməsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 nömrəli, 1992-ci il 19 oktyabr tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir, göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 2018-ci il 31 avqust tarixli 0251 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təsdiq edilir. Həmin əmrdə “Həzrə” məntəqəsi xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqəsi (Həzra) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”–yə əsasən iddiaçıya pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay olmaqla qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar