Məhkəmə qərarları › İş №2-1(116)-230/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-230/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-230/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Azərbaycan DRES-in 1 saylı Qazan- Turbin sexinə öyrənən turbin avadanlıqları üzrə nəzarətçi maşinist, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində, xx.xx.1995-ci il xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə enerji blokun maşinisti vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1966-cı ildə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1981-ci ildən 1985-ci ilə kimi X1 təhsil almışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərəkən 1993-cü ilin fevral ayında hərbi travma almışdır. Müharibə veteranıdır. Əmək fəaliyyətinə xx.xx.1987-ci ildə Şirvan “Meşə idarəsində” başlamış, xx.xx.1990-cı ilə kimi həmin idarədə işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi 11 saylı Tikinti idarəsində xx.xx.1991-ci il tarixdən “Azərbaycan DRES-in 1 saylı Qazan-Turbin sexinə öyrənən turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçmişdir və xx.xx.1995-ci il tarixə kimi həmin sexdə işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi həmin sexdə enerji blokunun maşinisti vəzifəsində, xx.xx.2013cü il tarixdən hal-hazıradək həmin sexdə enerji blokun böyük maşinisti vəzifəsində işləyir. "xxxx" MMC tərəfindən verilmiş işin xarakteri haqqında arayışa əsasən o, işlədiyi 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün ona xx.xx.1991-cü il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətinə əlavə 6 təqvim günü əlavə edilmişdir. O, xx.xx.1991-ci il tarixdən hal-hazıradək tutduğu turbin avadanlıqları üzrə nəzarətçi maşinist, enerji blokun maşinisti və enerji blokun böyük maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24cü bölməsinin a bəndinin "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, turbin avadanlığı üzrə nəzarətçi maşinistlər (kod 2140000a-13931), enerji bloklarının maşinistləri (kod 2140000a-14415). enerji blokunun böyük maşinistləri (kod 2140000a-18832) və Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan kodlarına uyğundur. Həmin sahədə iş stajı xx.xx.1991-ci il tarixdən hal- hazıradək 31 il 09 ay 16 gün təşkil edir. "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən hallar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajını tamamladığını qeyd edərək ona 57 yaşdan xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyinizi xahiş edirik. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-265579/2023 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilmişdir, imtina məktubuna əsasən iddiaçının 1 yanvar 2006-cı 25 ildən az (18 il 04 ay 27 gün) təşkil etdiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ns-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 57 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: • xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; • xx.xx.2006-cı il tarixədək 02 nömrəli siyahı üzrə 12 il 06 ay güzəştli iş stajı. iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 4 ay 27 gün) təşkil edir: - xx.xx.1985-01,06.1987-ci il tarixləri arasındakı dövr (hərbi xidmət dövrü); - xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr (11 saylı Tikinti İdarəsində işlədiyi dövr); - xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr (“Azərbaycan DRES”-in İsaylı Qazan-turbin sexində işlədiyi dövr); - xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr iki qat ölçüdə (AR Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak dövrü); - xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr (“Azərbaycan DRES"-in İsaylı Qazan-turbin sexində işləməyə davam edib). Bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 08 ay 15 gün) “X5 İdarəsi”ndə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən dövrlə əlaqədar iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası araşdırılarkən, 42-43-cü səhifəsinin 2-ci qeydində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin qeydlərə düzəliş edilərək əmrin tarixinin dəyişdirildiyi aşkar görünür. Bu səbəbdən də, həmin qeydlərdə göstərilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Qaydaların 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda İddiaçı güzəştli iş stajı 14 il 22 gün təşkil edir: - xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövr; - K xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan güzəştli iş stajı tələbinə uyğun olsa da, ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ИT-İ ******* nömrəli əmək kitabçası, 3T 038248 nömrəli diplom, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 457 nömrəli arayışı, Azərbaycan İstilik Elektrik stansiyası MMC-nin xx.xx.2023-cü il tarixli 07-125, 07-126 və 07-127 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar, Azərbaycan İstilik Elektrik stansiyası MMC-nin xx.xx.2023-cü il tarixli 07-124 İşin xarakteri haqqında arayış, Н3 ******* nömrəli hərbi bilet, Meliorasiya və Su Təsərrüfatı ASC X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 120 nömrəli məktubu və ona əlavə edilmiş əmrdən çıxarışlar. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. M a d d ə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; ... “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1966-ci ildə doğulub). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirmir və həmin müddətin 14 il 22 günə bərabər olmasını bildirir. Bununla belə cavabdeh orqan iddiaçının xx.xx.2006-cı ilədək ümumi sosial sığorat stajının 25 ildən az - 18 il 4 ay 27 gün – olması qənaətindədir. Həmin müddətə xx.xx.1985- 01,06.1987 (hərbi xidmət dövrü), xx.xx.1990-xx.xx.1991 (11 saylı Tikinti İdarəsində işlədiyi dövr), xx.xx.1991-xx.xx.1992 (“Azərbaycan DRES”-in İsaylı Qazan-turbin sexində işlədiyi dövr), xx.xx.1992-xx.xx.1993 (AR Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak dövrü) və xx.xx.1993-xx.xx.2005-ci illər daxil edilmişdir. (“Azərbaycan DRES"-in İsaylı Qazan-turbin sexində işləməyə davam edib). Cavabdeh orqan iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 08 ay 15 gün) “X5 İdarəsi”ndə fəhlə vəzifəsində işlədiyi qeyd olunmuş dövrü mübahisələndirir və bunu əmək kitabçasının 42-43-cü səhifəsinin 2-ci qeydində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranması ilə əsaslandırır. Belə ki, həmin qeydlərə düzəliş edilərək əmrin tarixi dəyişdirildiyindən həmin qeydlərdə göstərilən dövr iddiaçının iş stajına daxil edilməmişdir. Məhkəmə işdə olan sənədlərə məcmu halda qiymət verərək qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 08 ay 15 gün) “X5 İdarəsi”ndə fəhlə vəzifəsində işlədiyi müddət işdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 120 nömrəli məktubu ilə sübuta yetirilir. Bununla belə iddiaçının xx.xx.2006-cı ilədək ümumi sosial sığorta stajı 24 il, 7 ay, 19 günə bərabər olduğundan və bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il ümumi sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar