Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2306/2024 10.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh orqanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixə təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı 31 mart 2023-cü il tarixindən ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının dayandırılması qərarının ləğv olunması və 31 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyası ödənişinin davam etdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəqiqləşməsi barədə ərizəni məhkəməyə təqdim edərək “xx.xx.2022-ci il tarixə təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı 31 mart 2023-cü il tarixdən ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçıya xx.xx.2022-ci il tarixdən 30 il 11 ay 19 günlük sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra ona məlum olmayan səbəbdən cavabdeh idarə tərəfindən əmək və iş illərinin araşdırılması zərurəti yaranmış və əmək kitabçasında qeyd edilən xx.xx.1992-xx.xx.1997-ci il tarixlərində Mingəçevir sınaq-təcrübə zavodunda və xx.xx.1997-18.1.2005-ci il tarixlərində X3 müəssisəsində işlədiyi illərdə müəssisələrdə əmək haqqı almağını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlər sığorta stajından çıxılaraq təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən dayandırılaraq xx.xx.2022-xx.xx.2024-cü iİ tarixləri arasında əmək pensiyası üzrə ödənilmiş vəsait əsassız hesab edilməklə, xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh idarənin ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması baradə qərarından narazıdır, həmin qərarla pensiya hüquqlarını pozulmuş hesab edir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2022-ci il tarixdən 30 il 11 ay 19 gün sosial sığorta stajı əsasında ona yaşa görə əmək pensiyasının təyin edildiyini, daha sonra ona məlum olmayan səbəblərdən yaşa görə əmək pensiyasının dayandırıldığını bildirmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-76169 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir, imtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək staıı kimi təsdiqlənmədiyi və iddiaçının ümumi sığorta stajının 19 il 3 ay 5 gün olmaqla qanunla nəzərdə tutulan dövrdən (25 ildən) az olduğu qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı ıl yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının pensiya işində olan sənədlərinin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1973-cü il tarixdən 01 07.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci i! tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövrdə nəzərə alınmaqla 19 il 3 ay 5 gün (mübahisələndirilməyən staj) təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd edirik ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Mingəçevir Sinaq- Təcrübə" zavodunda və 04,06.1997-ci il tarixdən 18.11 2005-ci il tarixədək “X3" müəssisəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının ‘‘X1 Zavodu" ASC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən İddiaçı adına Mingəçevir Təcrübi- İxtisaslaşdırılmış zavodunda 1992-ci il üzrə 5 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay əməkhaqqı hesablanmadığından, həmçinin xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı kitablarında əməkhaqqına almasına rast gəlinmədiyindən (öz hesabına məzuniyyətdə olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi tərəfimizdən mümkün olmamışdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaoiunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında11 Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsində bildirilmişdir ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin məcəllənin 129.1-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmçinin 129.2-ci maddədə göstərilmişdir ki, işçiyə işəgötürənlə qarşılıqlı razılıq əsasında və kollektiv müqavilədə nəzərdə və ya əmək məcəlləsində nəzərdə tutulan şərtlərlə 6 aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər. Bundan başqa, Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmçinin, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və bu zaman Məcəllənin 169-cu maddəsinə əsasən boşdayanmanın vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif(vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Qeyd etməyi zəruri hesab edirik ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 40/2022 nömrəli iş üzrə bildirdiyi, həmçinin hal-hazırki iş üzrə analoji rol oynayan qərara əsasən iddiaçının da işlədiyini iddia etdiyi sözügedən əmək fəaliyyəti zamanı qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2ci bəndində bildirilmişdir ki, uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Eləcə də, 2-1(102)-40/2022 nömrəli məhkəmə işi üzrə Ali məhkəmə öz qərarında qeyd etmişdir ki, ödənişsiz məzuniyyət dövrünün işəgötürənin təqsiri üzündən bas verməsi belə özü- özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. O cümlədən, X4 Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən X3 müəssisəsinin əmr kitabları mühafizə olunmaq üçün Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin həmin müəssisənin 1997-2005-ci illərə dair əmək haqqı sənədləri yoxlanılarkən iddiaçı S. Cəfərovun əməkhaqqı almağı aşkarlanmamışdır. Qeyd olunan səbəblərdən dolayı iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığı üçün həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. İddiaçı S,Cəfərova 25 il sosial sığorta stajı olmadığı halda 30 il 11 ay 19 gün sosial sığorta stajı hesablanaraq xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2024-cü il tarixdən etibarən 25 il sığorta stajı olmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Beləliklə, iddiaçının 01.01 2006-cı il tarixədək mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 19 il 3 ay 5 gündən ibarət olmaqla aşağıdakı kimidir: 01 09.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil dövrü, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti (əmək kitabçasının surətinə əsasən), Fondun 3 saylı Mərkəzi Aran regional filialının “X1 Zavodu" ASC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, y xx.xx.1993-cü il tarixdən 01,05.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri. İddiaçının mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: 01.01,1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əməkhaqqı almadığı dövrlər, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu dövr; xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, ИT-İ ******* №-li əmək kitabçası, ******* № -li hərbi bilet, 827456 №-li diplom. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra hər hansı inzibati akt qəbul edilmədən xx.xx.2024-cü il tarixdən pensiya ödənişləri dayandırılmışdır. Cavabdeh orqan iddiaçıya pensiya ödənişlərinin dayandırılmasını X3 müəssisəsinin 1997-2005-ci illərə dair əmək haqqı sənədləri yoxlanılarkən iddiaçı S. Cəfərovun əmək haqqı almasının aşkarlanmaması, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisədə əməkhaqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmadığı üçün həmin dövrlərin onun sığorta stajına daxil edilməməsi, həmçinin Mingəçevir Təcrübi- İxtisaslaşdırılmış zavodunda 1992-ci il üzrə 5 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 4 ay əməkhaqqı hesablanmadığından, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı kitablarında əməkhaqqına almasına rast gəlinməməsi (öz hesabına məzuniyyətdə olduğu üçün), buna görə də, həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkünsüzlüyü ilə əsaslandırmışdır. Beləliklə, cavabdeh orqan iddiaçının xx.xx.1992-xx.xx.1994 (əmək haqqı almadığı dövr), xx.xx.1995-xx.xx.1997 (öz hesabına məzuniyyətdə olduğu dövr) və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti müddətini mübahisələndirir və həmin müddətin ümumi sosial sığorta stajına daxil edilmədiyini bildirir. “Əmək pensiyaları haqqında" Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraata başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Buna görə də, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixinə təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı 31 mart 2023-cü il tarixdən ödənilməsinin davam etdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.