Məhkəmə qərarları › İş №2-1(116)-231/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-231/2020

31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-231/2020 31.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2 iştirakı ilə İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “hazırki ad və soyadı olan İddiaçı dəyişdirilərək əvvəlki ad və soyadı olan X3 dəyişdiriliməsi haqqında müvafiq qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxx 1974-cü ildə Ağdaş rayon Əmirarx kəndində anadan olmuşdur. Həmin vaxtdan etibarən də həmin kənddə yaşamış, ilk təhsilini də kənd orta məktəbində almışdır. 1992-ci ildə hərbi xidmətə yollanmışdır. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hazırda 2-ci qrup müharibə əlilidir. 2016-cı ilin noyabr ayında qanunvericiliyə uyğun olaraq ad və soyadını dəyişdirmək üçün müvafiq orqanlara müraciət etmişdir. xx.xx.2016-cı ildə əvvəlki ad və soyadı olan X4 dəyişdirərək İddiaçı olaraq yeni adda doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almışdır. Bu minvalla 3 ilə yaxındır ki, İddiaçı olaraq fəaliyyət göstərir. Hazırda isə yenidən ad və soyadını dəyişdirərək əvvəlki ad və soyadına qayıtmaq zərurəti yaranmışdır. Bu məqsədlə Cavabdehnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktub ilə ərizəyə imtina cavabı verilmiş, aidiyyatı üzrə olaraq bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsi iddia tələbinə qarşı rəsmi münasibət bildirməmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli X1 surəti, AZE seriyalı 08768094 nömrəli X1 surəti,Ə seriyalı 007546 nömrəli əlillik vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli 05/Q-367 nömrəli, xx.xx.2019-cu il tarixli 33 nömrəli məktubları, AZ-İİİ seriyalı 884247 nömrəli döğum haqqında şəhadətnamənin surəti, AZ-İ seriyalı 013991 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi barədə şəhadətnamənin surəti, doğum akt qeydinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kimi, xx.xx.2016-ci il tarixdə iddiaçının müraciəti əsasında onun adı və soyadı müvafiq qeydiyyat orqanında dəyişdirilmişdir. İddiaçı mülki qanunvericilikdlə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmişdir. Qeyd edilən prosedurdan cəmi 3 il ötdükdən sonra iddiaçı yenidən soyadın dəyişdirilməsi tələbi ilə inzibati orqana, sonradan məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən adının və soyadının dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır, şübhəlidir və mötəbər sübutlara əsaslanmır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “hazırki ad və soyadı olan İddiaçı dəyişdirilərək əvvəlki ad və soyadı olan X3 dəyişdiriliməsi haqqında müvafiq qərar qəbul edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı “hazırki ad və soyadı olan İddiaçı dəyişdirilərək əvvəlki ad və soyadı olan X3 dəyişdiriliməsi haqqında müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar