Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-231/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı iclasının – 120 ha örüş torpaq sahəsinin 40 il müddətinə X1 icarəsinə verilməsi barədə aktının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı iclasının – 120 ha örüş torpaq sahəsinin 40 il müddətinə X1 icarəsinə verilməsi barədə aktının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-231/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5ndə vətəndaş müraciətinə baxılması ilə əlaqədar Cavabdeh mülkiyyətinə aid olan torpaq sahələrindən istifadə vəziyyəti öyrənilərkən məlum olmuşdur ki, Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı iclasında 120 ha örüş torpaq sahəsinin 40 il müdətinə icarəyə verilməsi barədə qərar qəbul edilərək vətəndaş X1 icarəsinə verilmiş və onunla müvafiq icarə müqaviləsi bağlanmışdır. Halbuki, həmin dövrdə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin tələblərinə əsasən yay və qış otlaqları, habelə bələdiyyələrin mülkiyyətində olan örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq 5 ildən 15 ilədək verilə bilərdi. Aşkar olunan pozuntunun nəticələrinin aradan qaldırılması məqsədilə Turan bələdiyyəsinin 08 may 2005-ci il tarixli 05 saylı iclasında 120 ha örüş torpaq sahəsinin 40 il müdətinə icarəyə verilməsi barədə qərarının ləğv edilməsi, həmin qərara əsasən bağlanmış icarə müqaviləsinin və digər hüquqmüəyyən edici sənədlərin ləğv edilməsi üçün tədbirlər görülməsi, torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 tərəfindən Turan Bələdiyyəsinə 3-16-9/2-4666-379-6/2013 nömrəli xx.xx.2023-cü il tarixli təklif məktubu göndərilsə də həmin məktub Şəki rayonu Turan bələdiyyə iclasında müzakirə edilməmiş, nəticəsi barədə inzibati nəzarət orqanına məlumat verilməmişdir. Cavadeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli məktub göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. X5 tərəfindən Turan Bələdiyyəsinə göndərilmiş 3-16-9/2-4666- 379-6/2013 nömrəli xx.xx.2023-cü il tarixli təklif məktubunun surəti.
2. 08.05.2005-ci il tarixli 05 nömrəli İcarə müqaviləsinin surəti
Əsaslandırma hissəsi:
Hazırkı inzibati iş üzrə iddia tələbi inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (İPM 2.2.8) aid iddiadır. İddia mümkün iddiadır.Lakin, iddia mahiyyət etibarı ilə əsassızdır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsinə nail olmaqdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati nəzarəti həyata keçirən orqanın bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, o cümlədən bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdiyi hallarda həyata keçirdiyi tədbirlərin dairəsini konkret müəyyən etmiş, həmçinin bələdiyyənin, inzibati nəzarəti həyata keçirən orqanın müraciətini müəyyən olunmuş müddət ərzində yerinə yetirilmədiyi halda inzibati nəzarəti həyata keçirən orqanın məhkəməyə müraciət etmək hüququnun olması təsbit edilmişdir. Qanunun 8.3-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Qanunun 8.4-cü maddəsinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin qanunun 8.5-ci maddəsinə əsasən isə inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Həmin vaxt qüvvədə olmuş Torpaq Məcəlləsinin 16-cı maddəsi :
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.10-ci maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır.Hazırda mübahisə predmeti olan Cavabdehnə qarşı “Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı qərarı iddiaçıya münasibətdə əlverişli inzibati aktdır. Həmin aktın qanunsuz olduğu qəbul edildikdə belə, qərarın ləğvi sözügedən Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv edə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunun 67.6-cı maddəsinin tələbinə görə, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun 67.7-cı maddəsinə görə, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Yuxarıda qeyd olunan Qanunun 67.6-cı maddədə qeyd olunan və etimadın qorunması hüququna istinadı istisna edən hallardan hər hansı biri hazırkı işdə mövcud deyil. Əksinə,üşüncü şəxs müvafiq bələdiyyə qərarının məzmununun qanuniliyinə etimad göstərməkdə haqlı olmuşdur. Çünki bu etimadın əsasında hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq onun ən azından iki qolunun – icra və məhkəmə hakimiyyətinin iradəsi aşkar olaraq var idi. Digər tərəfdən Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Hazırda Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri dəyişmişdir.Belə ki,qüvvədə olan 16.3-cü maddəyə əsasən müddət məhdudiyyəti aradan qalmış,norma aşağıdakı kimi yeni redaksiyada verilmişdir “Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir.” Yuxarıda qeyd olunanlara əlavə olaraq məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1.12-ci maddəsinin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 08 may 2005-ci il tarixli 05 saylı iclasının – 120 ha örüş torpaq sahəsinin 40 il müddətinə X1 icarəsinə verilməsi barədə aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə