Məhkəmə qərarları › İş №2-1(116)-2311/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2311/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2311/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X6, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X17 və ailə üzvlərinə məxsus JN-305B KOD 40600068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə verilmiş Qəbələ rayonu, Nic kəndi ərazisindən 1,01 ha fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X17 və ailə üzvlərinə məxsus JN-305B KOD 40600068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə verilmiş Qəbələ rayonu, Nic kəndi ərazisindən 1,01 ha fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi üzərində hüquqların Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2311/2024 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İddia ərizəsinə əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999cu il tarixli, 03 saylı qərarı ilə iddiaçının atası X17, anası X12, qardaşı X16 və İddiaçı Qəbələ rayonu Nic kəndi ərazisindən 1,01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dö/lət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə JN-305B, KOD 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Atası X17 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Eyni zamanda qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sonradan məlum olmuşdur ki, texniki səhv olaraq mərhum X8 atasının adı "Jorayeviç", anasının adı "Julyetta", atasının adı "Qaraqini" kimi yazılmışdır. Lakin doğum, nikah və ölüm haqqında Şəhadətnamələrdə və s. digər sənədlərdə atası X17 və anam X12 kimi qeyd edilmişdir. X17 vəfat etdikdən sonra ondan qalmış miras əmləkın qəbul edilməsi və vərəsəlik işinin açılması ilə əlaqədar Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişik. Notariat ofisindən məktub ilə iddiaçının mərhum həyat yoldaşının adına olan JN-305B, KOD 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə çıxarış alınması üçün cavabdehə göndərilmişdir. Müraciətinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixli, 3- 21-3-42/2- 2058/2024 nömrəli məktub ilə Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmışdır. Həmin torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron DWJ baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 1.01 ha torpaq sahəsinə dair təqdim olunan sənədlərə əsasən ərazidə müayinə işləri aparılmış və nəticədə Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunarkən məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi həyətyanı məqsədi ilə ayrılmasına baxmayaraq baza xəritəsində həmin torpaq sahəsinin kataqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Bu səbblərdən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması mümkün deyildir. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək iddia olunan torpaq sahəsinin bir hissəsinin hazırda onun istifadəsində olduğunu,bu barədə ona və bir neçə kənd sakinə dürüstləşdirmə aparıldıqdan sonra çıxarış verildiyini bildirdi.Üçüncü şəxs iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. AZ-İ 933285 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixində vəfat etmişdir

3. JN 305B KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X13 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə 1.01 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. 1923015408 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1.7397 ha torpaq sahəsi X11 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.

5. 1923013436 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.6219 ha torpaq sahəsi X10 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.

6. JN 331 KOD 40600068 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X11 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə 4.52 ha həyətyanı torpaq sahəsi verilmişdir.

7. JN 336 KOD 40600068 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə 4.77 ha həyətyanı torpaq sahəsi verilmişdir.

8. B 172234 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1.7397 ha torpaq sahəsi X3 mülkiyyətindədir.

9. B 171371 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.6219 ha torpaq sahəsi X6 mülkiyyətindədir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X13 və onların ailə üzvlərinin adları qeyd olunmuşdur.

11. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarının surəti.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı X17 və ailə üzvlərinə məxsus JN-305B KOD 40600068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə verilmiş Qəbələ rayonu, Nic kəndi ərazisindən 1,01 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 03 dekabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən İddiaçı iddia olunan 1,605 ha torpaq sahəsi X17 və ailə üzvlərinə verilmiş JN-305B kod40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 1,01 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi JN-334 nömrəli Dövlət Aktına əsasən qeydiyyata alınmış **********86 nömrəli çıxarış ilə X7 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,2168 hektar, JN-335 nömrəli Dövlət Aktına əsasən X9 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,37 hektar, JN-336 nömrəli Dövlət Aktına əsasən qeydiyyata alınmış **********91 nömrəli çıxarış ilə X6 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,62 hektar, JN-337 nömrəli Dövlət Aktına əsasən qeydiyyata alınmış **********57 nömrəli çıxarış ilə X15 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,2066 hektar və JN-309 Dövlət Aktına əsasən qeydiyyata alınmış **********41 nömrəli çıxarış ilə X4 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,1916 hektar torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi X2 X5 (TEKUİS) əsasən Kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyət növü xüsusi göstərilmişdir. Yerquruluşu planları və mütəxəssis rəyi X2 X5 (TEKUİS) əsasən trətib edilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN-305B kod 40600068 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində qeyd edilmiş 1,01 ha torpaq sahəsi ilə üst-üstə düşür.İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi yoxdur. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində digər şəxslərin,o cümlədən üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçıya hüquqi yardım qaydasında izah edilir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə qeydə alınmış ilkin qeydiyyatlar mübahisələndirilə bilər. Həmçinin,əgər torpaq sahəsinin faktiki istifadə vəziyyəti TEKUİS-ə uyğun deyildirsə iddiaçı cavabdeh inzibati orqana müraciət etməklə verilmiş hüquqmüəyyənedici sənədin yerləşmə vəziyyətinin TEKUİS-ə uyğunlaşdırılması məsələsini araşdıra bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X17 və ailə üzvlərinə məxsus JN-305B KOD 40600068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə verilmiş Qəbələ rayonu Nic kəndi ərazisindən 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar