Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2312/2024 14.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə1 (yaşayış yeri: Ağsu rayonunun Qırlar kəndi, orta təhsillidir, işləmir), iddiaçının vəkili Vəkil (yaşayış yeri: Şamaxı şəhəri, A.Quliyev küçəsi, ev 9, ixtisasca hüquqşünasdır, fərdi qaydada fəaliyyət göstərən vəkildir), cavabdehin nümayəndəsi Nümayəndə2 (yaşayış yeri: Ağsu rayonunun Qaraqaşlı kəndi, ixtisasca iqtisadçı (maliyyə), SHXÇDX Ağsu rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi vəzifəsində işləyir) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağsu rayonu, Kalva kəndi) cavabdeh – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə (yerləşdiyi yer: ünvan 1) qarşı «iddiaçının mərhum övladına şəhid statusunun verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçının övladı X7 1975-ci ildə Ağsu rayonunun Kalva kəndində doğulmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1993-cü ilin aprel ayında hərbi xidmətə çağırılmış və növbəti ayda xidmət yeri kimi Goranboy rayonunun Qaramusalı kəndinə göndərilmişdir. X7 23 fevral 1995-ci il tarixdə Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə “elektrik vurma” ilə əlaqədar vəfat etmişdir. Ölüm hadisəsi Mingəçevir şəhərində baş vermişdir. İddiaçı övladına şəhid statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin Xidmət ona ünvanlanmış 19 aprel 2024-cü il tarixli məktubu ilə övladı X4 şəhid statusu verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinasını mübahisələndirməklə, övladı X4 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin iş üzrə 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin Xidmətin Ağsu rayon şöbəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, övladı X7 döyüş tapşırığını yerinə yetirərkən həlak olması faktı sənədlərlə təsdiqləndiyindən və həmin dövrdə (23 fevral 1995-ci il tarixdə) Azərbaycan Respublikası döyüş şəraitində olduğundan, ona şəhid statusunun verilməsindən imtina qanunsuzdur. Cavabdeh tərəf mövqeyini belə əsaslandırır ki, mərhum X3 23 fevral 1995-ci il tarixdə “elektrik vurma” ilə əlaqədar həlak olmuşdur, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə səbəbli əlaqəni, eləcə də onun ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası ilə əlaqədar olmasını təsdiqləyən hallar müəyyən edilməmişdir. Bu səbəbdən SHXÇD Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən X4 şəhid statusunun verilməsi mümkün olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının vəkili Vəkil «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad edərək bildirdi ki, iddiaçının övladı 1975-ci il təvəllüdlü X7 1993-cü ildə hərbi xidmətə cəlb olunmuş və 1995ci ilin fevral ayının 23-də hərbi hissədə hərbi vəzifələrini yerinə yetirərkən şəhid olmuşdur. X6 hərbi hissədə əsgər kimi xidmət etmişdir, Azərbaycan Respublikasının azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumaq Daxili Xidmət Nizamnaməsinə əsasən əsgərin vəzifə borcudur. X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda həlak olduğundan, iddia təmin olunmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini bildirdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, qanuni əsaslarla qərar qəbul olunmasını istəyir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Əsaslandırma hissəsi : Məhkəmə 68-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir (maddə 33.1). Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir (maddə 33.2). Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir (maddə 33.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndinin ikinci hissəsində göstərilmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normalarının məzmunu gizir və zabit heyəti istisna olmaqla digər hərbi qulluqçulara münasibətdə şəhid və şəhid ailəsi statusunun verilməsi səlahiyyətlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli baş idarə, idarə, şöbə və bölmələrinə aid edir. Məhkəmə həmçinin diqqətə çəkir ki, İddiaçı övladına şəhid statusunun verilməsi ilə bağlı müraciəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlansa da, Xidmətin 19 aprel 2024-cü il tarixli cavab məktubunda həmin statusun Xidmətin Ağsu rayon şöbəsi tərəfindən verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, inzibati icraat haqqında qanunvericilikdə səlahiyyəti olmayan quruma daxil olmuş ərizə və sənədlərin aidiyyəti inzibati orqana göndərilməli olduğu təsbit edilmişdir. Qeyd olunanları, həmçinin hazırkı cavabdehin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tabe olan inzibati orqan olmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə hazırkı cavabdeh arasında inzibati mübahisə mövcuddur. Mübahisələndirilən imtina 19 aprel 2024-cü il tarixə, iddianın qaldırılması isə 14 may 2024-cü il tarixə, yəni imtina tarixindən 30 gün müddət keçməmiş vaxta təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Ağsu rayonunun Kalva kəndi, cavabdeh inzibati orqanın yerləşdiyi yer isə ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdehin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsinə görə bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar (1.2.1), 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər (1.2.2), Azərbaycan Respublikasında 1988-ci ildən 1990cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar (1.2.3), Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar (1.2.4), Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (1.2.5), Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər (1.2.6), Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular (1.2.7). İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədilə şəhid və şəhid ailəsi hesab olunan şəxslərin konkret dairəsini müəyyən edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya digər aidiyyəti qurumlarda (orqanlarda) döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid sayılan şəxslərin sırasına daxildir. Lakin hazırkı işin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının 1975-ci il təvəllüdlü övladı X7 1995-ci ilin fevral ayının 23-də, yəni atəşkəs dövründə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİngəçevir şəhərində yerləşən N saylı hərbi hissəsində vəfat etmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçu X3 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması işdə olan hər hansı sübutla təsdiqini tapmır. Ölümü haqqında şəhadətnamədə (akt qeydində) onun ölümünün səbəbi kimi “elektrik vurma” göstərilmişdir. Mübahisələndirilməmiş belə hal (ölümün səbəbinin “elektrik vurma” olması), əlavə sübutlar olmadıqla döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqələndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının övladı 1975-ci il təvəllüdlü X5 onun ölümünün səbəbi və digər xüsusatlar nəzərə alınmaqla şəhid sayılan şəxslərin sırasına aid etməməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə iddianı əsassız qiymətləndirir. İPM-in 68-ci maddsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı «iddiaçının mərhum övladına şəhid statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qarşı «iddiaçının mərhum övladına şəhid statusunun verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2-1(116)-2312/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2312/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver