Məhkəmə qərarları › İş №2-1(116)-232/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-232/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-232/2020 20.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "mərhum əri X6 1978-1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş və hazırda Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. O, 12.06.1980-ci ildə X9 (təvəllüdü - 01.10.1958-ci il) ilə ailə qurmuşdur. İddiaçının əri X9 1978-1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi N.Nərimanov adına kolxozda işləmiş və 29.04.1991-ci ildə vəfat etmişdir. İddiaçı 61 yaş 6 aya çatdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 19.09.2019-cu il tarixli **********8 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasınınarxiv arayışına əsasən təyin edilməsi mümkünsüzdür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, əri X1 işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edən arxiv arayışı vardır. Cavabdeh məhkəmənin sorğusuna 05.11.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı 61 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. İddiaçının mərhum əri X8 onun yaş həddi üçün 5 il 8 ay iş stajı tələb olunur. X3 1978-1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozunda işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 19.09.2019-cu il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, X10 filialının 09.09.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçıya ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi mümkünsüzdür. - İşdə olan, Göyçay Rayon Dövlət Arxivinin 09.09.2019-cu il tarixli 287 nömrəli arxiv arayışından görünür ki, X9 1978-1991-ci illər ərzində Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda işləmişdir. - İşdə olan, İV-ЖГ seriyalı 290431 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 29.04.1991-ci il tarixdə vəfat etmişdir. - İşdə olan, İİ-ЖГ seriyalı 277036 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X9 ilə 12.06.1980-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 05.11.2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçının ailə başçısını itirən kimi əmək pensiyası hüququ 19.09.2019-cu il tarixdə yaranmışdır. İddiaçının mərhum əri X8 onun yaş həddi üçün 5 il 8 ay iş stajı tələb olunur. X3 1978- 1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozunda işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normalara uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Qadınlar üçün pensiya yaşı 01.07.2018-ci ildən 30.06.2019-cu ilədək 61 olmuş, iddiaçı isə 61 yaşına 02.07.2018-ci ildə çatmışdır. İddiaçının mərhum əri X9 01.10.1958-ci ildə anadan olmuş və vəfat etdiyi 29.04.1991-ci il tarixə onun tam 32 yaşı olmuşdur. Göstərilən rəqəmdən 15 il çıxdıqda, əmək qabiliyyətli yaş dövrü 17 il olmuşdur ki, həmin illərin hər biri üçün 4 ay hesabı ilə 68 ay, yəni 5 il 8 ay sığorta stajı tələb olunur. Göyçay Rayon Dövlət Arxivi tərəfindən verilmiş 09.09.2019-cu il tarixli 287 nömrəli arxiv arayışından görünür ki, X9 1978-1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi N.Nərimanov adına kolxozda işləmişdir. Həmin kolxozda minimum əmək iştirakı norması kişilər üçün 1978-1989-cu illərdə 200 adam/gün, 1990-cı ildən sonra isə 180 adam/gün müəyyən edilmişdir. X9 1980-1983, 1985-1988, 1991, 1992-ci illərdə əmək iştirakı minimumunu tam yerinə yetirmişdir ki, bi illərin cəmi 10 il təşkil edir. O, 1978-ci ildə 68 adam/gün, 1979-ci ildə 190 adam/gün, 1984-cü ildə 163 adam/gün, 1989-cu ildə 181 adam/gün, 1990-cı ildə 70 adam/gün işləmişdir ki, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 3 il 4 ay təşkil edir. Göründüyü kimi, iddiaçının mərhum əri X6 1978-1991-ci illərdə Göyçay rayonu Ləkçıplaq kəndi N.Nərimanov adına kolxozda işləməsi, həmin müddətdə sosial sığorta stajının 13 il 4 ay təşkil etməsi müəyyən edilir. Mərhumun adına əmək kitabçası olmadığına görə bu stajın nəzərə alınmalı olmaması barədə cavabdehin dəlili ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X6 adına verilmiş arxiv arayışında göstərilmiş müddət onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh həmin müddəti sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X6 1978-ci ildən 1991-ci ilədək Göyçay rayonu Ləkçıplaq kəndi N.Nərimanov adına kolxozda işlədiyi 13 il 4 ay müddətin (1980-1983, 1985-1988, 1991,1992-ci illər tam, 1978, 1979, 1984, 1989, 1990-cı illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar