Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-232/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı X3 və X2 adına verilmiş Torpağın mülkiyyət verilməsinə dair” JN 1915F saylı Şəhadətnamənin ləğv edilməsinə iddiaçıya satılmış 0.06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd “Çıxarış”ın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı X3 və X2 adına verilmiş Torpağın mülkiyyət verilməsinə dair” JN 1915F saylı Şəhadətnamənin ləğv edilməsinə iddiaçıya satılmış 0.06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd “Çıxarış”ın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1743/2022 nömrəli qərardadı ilə X8 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, o, ünvan 1 ünvanda yaşayır. 2002-ci ildə Qəbələ şəhər sakini Vidadi adlı şəxs ilə razılığa gələrək ondan 1000 ABŞ dolları qarşılığında 0,06 ha torpaq sahəsi almışdır. Hazırda torpaq onun sahibliyində və istifadəsindədir. Vidadi həmin torpaq sahəsinə onun adına JN- 1915F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də almışdır. Hal-hazırda Qəbələ şəhərində onun adına JN-1915F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır və qeyd etdiyi kimi torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənəd olan "Çıxarış” almaq istəyəndə məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair başqa adamların ünvan 3 ünvanda qeydiyyatda olan X3 və ünvan 4 ünvanda qeydiyyatda olan X2 adına da eyni tarixdə, eyni nömrədə, eyni kodda və eyni ölçüdə, yəni 2002-ci ilin oktyabr ayında tərtib olunmuş JN-1915F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə vardır. Onlar ona bildirdilər ki, torpağın onun adına rəsmiləşməsinə və onların adına olan həmin şəhadətnamənin ləğv olunmasına dair heç bir etiraz etmirlər. Hətta ona 09 aprel 2022-ci il tarixdə etibarnamə də vermişlər ki, torpağı adına rəsmiləşdirsin. Həmin etibarnaməni aldıqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmiş və ona həmin idarənin 13 aprel 2022-ci il tarixli, **********96 saylı məktubu ilə rədd cavabı verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********96 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ləğv olunmuş DT və XK Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrdə başqa vətəndaşa məxsus eyni nömrəli və eyni qərararlı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Qəbələ rayon X12 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsinə dair JN-1915F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilir. Üçüncü şəxslər xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, Qəbələ rayon X12 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsi haqqında heç bir məlumatları yoxdur, həmin torpaq sahəsinin iddiaçıya verilməsi barədə heç bir məlumatları yoxdur və həmin torpaq sahəsi üzərində heç bir tələbləri yoxdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 nömrəli məktubuna əlavə edilmiş JN-1915F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon X12 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsi Qiyafət Niyazi qızı və X2 adına verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 nömrəli məktubuna əlavə edilmiş JN-1915F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon X12 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsi İddiaçı adına verilmişdir
3. 25.11.2022-ci il tarixli 4/1594-5/1369 nömrəli Ekspert Rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, X9 adına verilmiş KOD 406010** JN ***5F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü səhifələrində olan “T.Məmmədov” qrafaları qarşısında olan imzalar - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X3 adına verilmiş KOD 40601004 JN-1915F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü səhifələrində olan “T.Məmmədov” qrafaları qarşısında olan imzalar - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X3 adına verilmiş KOD 406010** JN ***5F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü səhifələrində olan “T.Məmmədov” yazısının qarşısında olan imzalar ilə X9 adına verilmiş KOD 40601004 JN-1915F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü səhifələrində olan “T.Məmmədov” və “F.Cəfərov” qrafaları qarşısında olan imzalar Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş qeyd olunan Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, şəhadətnamənin arxiv nüsxəsi və “Şəhadətnamələrin qeydiyyat kitabı”nda 1872 nömrə ilə qeydiyyata alınan şəhadətnamə aşkar olunmamışdır.Eyni kodlu Şəhadətnamənin verildiyi üçüncü şəxslər X3 və X2 adı subyektlərin siyahısında aşkar olunmuş,həmin şəxslərə JN- 1915F Kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmisinə dair “Şəhadətnamələrin qeydiyyat kitabı”nda 1872 nömrə ilə qeydiyyat aparılmışdır. İddia olunan torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünü göstərən miqyasda torpaq sahəsi üçüncü şəxslərə verilmiş Şəhadətnamədə göstərilən sahəyə uyğun gəlir. Müəyyən olunan hallar iddiaçının deyil,üçüncü şəxslərin adına tərtib olunmuş JN- 1915F Kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin həqiqiliyini təsdiq etdiyindən iddiahəmin hissədə təmin edilə bilməz. İddia ərizəsinin məzmununda göstərilir ki,iddiaçı 2002-ci ildə Qəbələ şəhər sakini Vidadi adlı şəxs ilə razılığa gələrək ondan 1000 ABŞ dolları qarşılığında 0,06 ha torpaq sahəsi almışdır.İddiaçının təqdim etdiyi Şəhadətnaməyə əsasən isə torpaq sahəsi Qəbələ RAİK-in xx.xx.2001-ci il tarixli qərarına əsasən verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı adına hazırlanmış JN-1915F Kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı X3 və X2 adına verilmiş “Torpağın mülkiyyət verilməsinə dair” JN 1915F saylı Şəhadətnamənin ləğv edilməsinə, iddiaçıya satılmış 0.06 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd “Çıxarış”ın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 126 (bir yüz iyirmi altı) manat iddiaçı X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə