Məhkəmə qərarları › İş №2-1(116)-2326/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2326/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2326/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azerbaycan Respublikası Qanununa əsasən müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 8-ci madələrinə əsasən müraciət etdiyim 01 fevral 2024-ci il tarixdən hər ay 420 AZN olmaqla ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq 1 ilin məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin imtina qərarının ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Azerbaycan Respublikası Qanununa əsasən müraciət etdiyi 01 fevral 2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə xx.xx.2024-cü il tarixli **********77001 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********77001 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir:  ailə tərkibinin düzgün göstərilməməsi;  Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi;  Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması. Daxil olan müraciətə əsasən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün ünvanda olmuş əməkdaşlar tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən təmsilçi İddiaçı atası və anası ilə eyni ünvanda birgə təsərrüfat aparmaqla yaşadığı müəyyən edilmişdir. Belə ki, ünvanda təmsilçi və iki övladı ilə bərabər valideynlərinin yaşadığı aşkar edilmişdir. Qeyd edək ki, təmsilçi ərizə bəyannamədə ailəsinin özü və iki övladı olmaqla üç nəfərdən ibarət olmasını qeyd etmişdir. Mənzildə yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmaması araşdırılarkən, təmsilçinin qeyd olunan ünvanda atası və anası ilə birgə təsərrüfat apardığı müəyyən edilmişdir. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərüüfat aparıb-aparmamasınm müəyyən edilməsi üçün zəruri olan hallara nəzər salaq:

1. Mənzilin iki ailənin ayrı təsərrüfat aparmaqla yaşaması üçün əlverişli olması;

2. Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi;

3. Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi. Lakin tərəfimizdən aparılan müayinə zamanı təmsilçi İddiaçı valideynləri birgə yaşamasına baxmayraq ayrı təsərrüfat aparmaları ilə bağlı heç bir əsas tapılmamışdır. Təqdim olunan videogörüntüyə eyni zamanda maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib olunmuş akta əsasən aşkarlanmış hallara nəzərən ünvanda yaşayanşəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən faktlara nəzər salaq, mənzilin giriş, mətbəx, və yaşam üçün vacib digər hissələr iddiaçının qeyd etdiyi kimi, iki ailənin ayrı-ayrılıqda təsərrüfat aparması üçün əlverişli deyil. Mənzildə yerləşən sayğaclar (qaz, su, işıq) birqədir, kommunal xidmətlərdən birgə istifadə olunur və əgər ünvandakı şəxslər ayrı təsərrüfat aparırlarsa kommunal xərcləri hansı meyar əsasında bölünərək ödənilməsi məlum deyil. Mənzildə yerləşən otaq sayı iki ailənin ayrı təsərrüfat apararaq yaşaması üçün nəzərdə tutulmayıb. Göründüyü kimi maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Əlavə olaraq onuda qeyd edək ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrıayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti və imtina bildirişi.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə oluna sənədlər.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);  Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı müraciət etdiyi tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsindən ibarətdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir.Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur: ailə tərkibinin düzgün göstərilməməsi, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi,ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması. Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir -sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Cavabdehin istinad etdiyi iki mərhələli yoxlama qaydasına münasibətdə isə məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır vəsosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvününbirinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanındadövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədarişsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi,azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.  Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.  Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır.  Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin“e-sosial” internetportallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraqMərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə(bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmişŞöbəninünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbəninünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir.  Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı,haqqı ödənilən ictimaiişlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.  Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1- ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailəüzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyinolunur (4.2.2-ədalətlilik). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu,işsizlikdən sığorta,demoqrafiya, tibbi-sosial ekspertiza,əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarınreabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. İmtinanın dəliləri ilə bağlı yuxarıda qeyd olunan normaları tətbiq edən məhkəmə həmin dəlili əsassız hesab edir.İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin həm də birgə təsərrüfat apardığı valideynlərindən ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Mövcud qanunvericilik bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh müvafiq müraciətin təmin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparmasını subyektiv mülahizələrlə əsaslandırmış və iddiaçının birgə yaşadığı şəxslərlə birgə təsərrüfat aparmadan yaşamasının mümkünsüzlüyünə istinad etmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının valideynlərinin həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir. İddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən ünvanlı sosial yardımın təyin edilməsindən eyni əsasla imtina edilmiş,həmin hal məhkəmə mübahisəsinin predmeti olmuşdur.Yekun nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-610/2024 saylı Qərarına əsasən “cavabdehin üzərində İddiaçı xx.xx.2023cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyinin qoyulması” barədə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.  68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.  Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.  Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar