Məhkəmə qərarları › İş №2-1(116)-2328/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2328/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2328/2023 23.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. xx.xx.2004-cü il tarixdən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almışdır. Mərhum əri X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhum əri fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmişdir. İddiaçıya həyat yoldaşının vəfat etdiyi xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin Filial tərəfindən iddiaçıya sənədlərinin təqdim edildiyi xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin Filial tərəfindən ünvanına məktub göndərilərək müraciətdən əvvəlki 3 il üçün ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması bildirilmişdir. Buna səbəb isə hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 34-cü maddəsi olduğu bildirilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarına əlavə edilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Həmçinin iş materiallarına əlavə edilmiş 29 avqust 1974-cü il tarixli 309794 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum həyat yoldaşı X1 ilə xx.xx.1974-cü il tarixdə nikah bağlamışdır. İddiaçıya xx.xx.2004-cü il tarixdən ömürlük müddətə Fondun Şəki şəhər şöbəsi tərəfindən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2014-cü il tarixli 683792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı mərhum həyat yoldaşı Z.Bağırov xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, həyat yoldaşı vəfat etdikdən dərhal sonra ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün müvafiq quruma müraciət etməmişdir. Sözügedən pensiyanın təyin edilməsi üçün iddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq ona xx.xx.2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixli yeni bir ərizə təqdim edərək ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin edilməsini, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının 17 may 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından yaşa görə əmək pensiyası 28 fevral 2023-cü il tarixinədək ödənilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar olaraq, iddiaçıya 24 fevral 2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir Qeyd olunanlara əsasən, yasa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi Qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Sözügedən məsələ ilə bağlı həmçinin bunu da qeyd etmək istərdik ki, iddiaçıya 18.02,2004-cü il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixədək ödənilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçı da xx.xx.2014-cü il tarixdə (bu tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəyir) yaşa görə əmək pensiyası alan şəxs statusunda olduğu üçün həmin dövr üzrə ona ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Maddənin məzmunundan da göründüyü kimi qanunvericilikdə konkret olaraq təsbit olunmuşdur ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizənin təqdim edildiyi tarixdən hesablanmalıdır. Yəni iddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının ərizə təqdim ediliyi 24 fevral 2023-cü il tarixdən hesablanması qanuna uyğun şəkildə həyata keçirilmişdir. Sözügedən pensiya məbləğinin xx.xx.2014-cü il tarixdən təyin edilməsi isə qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A3 309794 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə X1 ilə X3 arasında nikah bağlanmışdır. - AZ-İ 683792 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. - Pensiya təyinatı alt sistemindən görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə “4 uşaqlı ana” kimi , aylıq pensiya məbləği 362,26 manat olmaqla müddətsiz pensiya təyin olunmuşdur . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən ömürlük Fondun Şəki şəhər şöbəsi tərəfindən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı, ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı Z.Bağırovun vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (710,55 manat) 80 faizi-568,44 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən pensiyanın müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi tələbi isə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə zidd olduğundan cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, həmin normada əmək pensiyasının bir növündən başqa növünə keçirilmənin bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılması birmənalı olaraq müəyyən edilmişdir. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdən daha əvvəl cavabdeh orqana müraciət etməsi iş materialları ilə sübut olunmur. xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, ƏPHQ-nun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etdiyi xx.xx.2014-cü il tarixdə artıq o, xx.xx.2004-cü il tarixdən 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyasında olduğundan, ona ümumiyyətlə ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar