Məhkəmə qərarları › İş №2-1(116)-2328/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2328/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2328/2024 14.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməyi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməyi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxxxxx 1979-cu il tarixdə Oğuz rayon Ərmənət kəndində anadan olmuşdur. 5 oktyabr 1997-ci il tarixdən 18 ivul 1999-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 2000-ci ilin may ayından 13 yanvar 2001-ci il tarixədək gizirlər məktəbində təhsil almışdır. Həmin məktəbi bitirəndən sonra 2019-cu ilin may ayına kimi Azərbaycan Respublikası Milli Ordusunun bir sıra hərbi hissələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət etmişdir. 2019cu ilin mart ayında xidmət müddəti başa çatması əsası ilə Milli Ordudan ehtiyata buraxılmışdır. Ehtiyata buraxılandan sonra Oğuz rayon Ərmənət kəndində yaşayır. Ehtiyata buraxılandan sonra ona nə mənzil, nə də fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılıb verilməmişdir. Ona 2019-cu ilin may ayından 2022-ci ilin mart axınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilmişdir. 2022-ci ilin mart ayında ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənişi dayandırılmışdır. O, rəsmi ərizə ilə Cavabdeh başçısına müraciət edərək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2004-cü il tarixli, 5-68-6/2-S-8-230/2024 saylı cavab məktubunda müraciətinə imtina cavabı verilmişdir. Buna görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, Oğuz rayonu Ərmənət kənd sakini X3 xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək ehtiyatda olan hərbçi olaraq AR Müdafiə Nazirliyi tərəfindən yaşayış evi ilə təmin edilmədiyi üçün və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadına uyğun olaraq onun Cavabdehndə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. X1 müraciətinə Cavabdeh tərəfindən aşağıda qeyd edilmiş müvafiq qanunvericiliyin tələblərinə istinad edilməklə 11,03.2024-cü il tarixli məktubla imtina cavabı verilmiş və müraciət müəllifi verilmiş imtina cavabını mübahisələndirərək hazırki iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı, iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinə istinad edərək onun Cavabdehndə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməli olduğunu qeyd edir, iddiaçının bu dəlili tamamilə əsassızdır. Belə ki, X3 Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməsinin 156-cı maddəsinin a) bəndinə (xidmət müddətləri başa çatdıqda) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən 27.11,2018-ci il tarixdə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasında qeyd edilmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər”. Həmin qaydalar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən "yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir”. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməsinin 156-cı maddəsinin yaşa görə, xəstəliyə görə, ştatların ixtisarına görə və ailə vəziyyətinə görə bəndləri ilə ehtiyata və va istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmuş və Əsasnamənin 156-cı maddəsinin a)-xidmət müddəti basa çatdıqda bəndi ilə ehtiyata və va istefaya buraxılmış hərbi gullugçulara isə müvəggəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. 2) iddiaçı iddia ərizəsinin dəlillərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadına əsaslanaraq onun Cavabdehndə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməli olduğunu qeyd edir, iddiaçının bu dəlili də tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Şirvan İnzibati Məhkəməsinin müraciəti əsasında “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının bəzi müddəalarının, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılmış və Konstitusiya Məhkəməsinin Plenumu həmin iş üzrə öz Qərardadının əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, Şirvan İnzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin müvafiq qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə ehtiyac duyulmur. Bu əsasdan da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən halların nəzərə alınması və əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Şirvan inzibati Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi barədə 18 iyul 2022-ci il tarixli Qərardad qəbul etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı ilə “xidmət müddəti basa çatdıqda" əsası ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsinə əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. 3) İddiaçı həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin müvafiq tələblərinə əsaslanaraq Cavabdeh tərəfindən ona verilmiş imtina cavabını qanunsuz inzibati akt hesab edir. İddiaçının bu dəlili tamamilə əsassızdır. Məlum olduğu kimi, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən inzibati icraat haqqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı, Cavabdeh tərəfindən ona verilmiş imtina cavabının (inzibati aktın) hansı inzibati icraat haqqında hüquq normasının və ya hansı maddi hüquq normasının, yəni “xidmət müddətləri başa çatdıqda” əsası ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsinə əsas verən hansı maddi hüquq norması mövcud olduğu halda həmin hüquq normasının pozulması və va düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyini ayrı-ayrılıqda hüquq normalarına istinad edərək əsaslandıra bilməmişdir. Göründüyü kimi, Oğuz RİH tərəfindən iddiaçıya verilmiş imtina cavabında hər hansı bir inzibati icraat haqqında hüquq norması və ya maddi hüquq norması pozulmamış, istinad edilmiş hüquq normaları düzgün tətbiq edilmiş və həmin imtina cavabı əsaslıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, N №-li hərbi hissənin xx.xx.2018-ci il tarixli, 339 saylı əmrindən çıxarış, AO №0146045-li hərbi biletin surəti Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Həmçinin iddia əsaslıdır. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də oxşar müddəa əks olunmuşdur. Qeyd edilən norma ilə müəyyən olunmuşdur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq məbləğlərdə kompensasiya ödənilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı adının müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmaqdır. İcraat materiallarına əlavə edilmiş, N №-li hərbi hissənin xx.xx.2018-ci il tarixli, 339 saylı əmrindən çıxarışdan görünür ki, baş gizir X3 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: - hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. İstinad olunan Konstitusiya Məhkəməsi Plenumunun Qərardadını hazırkı mübahisəyə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı, məhz 1-ci qrupa aid olmaqla öz iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılmış hərbi qulluqçular kateqoryasına aiddir. Buna görə də, o, haqlı olaraq Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsi və həmin maddənin 7-ci hissəsi nəzərə alınmaqla müvafiq sosial təminat hüququnun həyata keçirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsasının onun öz iradəsindən asılı olub-olmamasına hüquqi qiymət vermədən imtina cavabı vermiş, bu isə iddiaçının qanunvericiliklə təminat altına alınmış hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququna malik hərbi qulluqçuların siyahısına İddiaçı adının daxil edilməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar