Məhkəmə qərarları › İş №2-1(116)-234/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-234/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-234/2020 17.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi ilə İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı X6 (üçüncü şəxs X3) qarşı “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması”tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh DƏDRX-nin 17 saylı X6 (üçüncü şəxs X3) qarşı üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin mülkiyyətçisidir və mülkiyyət hüquqları xx.xx.2015-ci ildə qeydə alınmışdır. Belə ki, həmin mənzili onun əri və övladlarının razılığı ilə adına özəlləşdirilmişdir. X9 X3 ilə xx xxxxxxxx 2014-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşdu. Gülşad Məmmədova 2015-ci ildə onun mənzilinə qeydiyyata düşdüyündən formal olaraq ondan da Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin özəlləşdirilməsinə razılıq alınmışdır. Onlar arasındakı nikah xx xxxxxxxx 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Gülşad Məmmədova hamiləliyi ilə əlaqədar mənzilinə qeydiyyata düşsə də daimi olaraq mənzilində yaşamamışdır. Mənzilindəki əşyalarını saxlanca qoyulan əşyalar kimi saxladığından Mingəçevir Şəhər Məhkəməsində Gülşad Məmmədovaya qarşı mənzilə istifadə hüququnun olmaması və əşyaların mənzildən çıxarılmasının tələbinə dair iddia qaldırmışdır. Qarşılıqlı olaraq da Gülşad Məmmədova ona qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 saylı qətnaməsinə əsasən onun cavabdeh X2 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması” tələbinə dair iddia tələbi rədd, X1 ona qarşı "mənzildən istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması” tələbinə dair iddiası təmin edilmiş, X1 və azyaşlı övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X4 Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən istifadə hüququ tanınmış, X1 və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmənin qarşılıqlı iddianın təmin edilməsi əsası isə yalnız 2015-ci ildə mənzilinə qeydiyyata düşmüş Gülşad Məmmədovanın mənzilin özəlləşdirilməsinə verdiyi ərizəsi əsas götürülmüşdür. Gülşad Məmmədovanın verdiyi ərizə mənzilinin özəlləşdirilməsi sənədlərinin içindədir və həmin ərizə ləğv və ya etibarsız sayılmamışdır, həmin ərizədən onun mənzilinə istifadə hüququnun tanınması əsası kimi qəbul edirlər, bununla da onun hüquqlarına toxunurlar və həmin ərizənin mənzilin özəlləşdirilməsində iştirak onun hüququnun olmasının tanınması kimi istifadə olunmasına etiraz edir. İddiaçı, cavabdehin və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməiş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə məhkəmə iddianın “ərizənin etibarsız sayılması” hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan ərizə, yəni mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizəsi inzibati akt olmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında etibarsız sayılması mümkün deyil. İnzibati Prosessual Məcəllənin; 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddianın “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması” hissəsinə dair məhkəmə qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. İddia ərizəsindən də güründüyü kimi 3-cü şəxs mənzil özəlləşdirilən zaman iddiaçının gəlini olmuş, 2017-ci ilin sentyabr ayında iddiaçının oğlu ilə nikahlarına xitam verilmişdir. Mülki qaydada aralarında mübahisə yarandıqdan və məhkəmə qətnaməsi çıxdıqdan sonra iddiaçı hazırki iddianı qaldırmışdır. İddiaçı mənzili özəlləşdirdiyi dövrdə 3-cü şəxsin razılığına ehtiyacın olmamasını bildirməklə cavabdehin 3-cü şəxsin ərizəsinin alınmasında ehtiva olunan hərəkətini məhkəmə qaydasında mübahisələndirə bilərdi, lakin iddiaçı bunu etməmiş, hətta 2017-ci ildə nikah pozulduqdan sonra da qısa müddətdə bununla bağlı iddia qaldırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı X6 (üçüncü şəxs X3) qarşı “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar