Məhkəmə qərarları › İş №2-1(116)-234/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-234/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-234/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs X7, üçüncü şəxsin vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4, X8, X5 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1052/2021 nömrəli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1052/2021 nömrəli qərardadı ilə X15, X5 və X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-124/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4, X8, X5 və X7 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-124/2022 nömrəli qərardadından Apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-204/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-124/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1763/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1763/2022 nömrəli qərardadı ilə X5 və X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, X4 ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin sakini olmuş, X12 həlak olmuş X2 miras qalmış, İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu X9 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elmi-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdanov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün X6 məxsus olması faktı müəyyən edilmişdir. Bu qətnamə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilərək onun əsasında X4 adma daşınmaz əmlaka dair hüquqların qeydiyyatı barədə reyestrdən çıxarış verilmişdir. Qeyd olunan Qətnamədən narazı qaldıqları üçün İddiaçı və qeyrisi tərəfindən tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1020/2014 saylı 26 noyabr 2014-cü il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, daha sonra Ali Məhkəmənin 2(102)-543/15 saylı 17 fevral 2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 saylı 26 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmış qeydiyyatın ləğvi üçün cavabdeh orqana müraciət edilmiş,tələb təmin olunmamışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 saylı, 18 may 2011-ci il tarixli qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsi, M.Hüsynov küçəsi ev 51 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi X4 adına qeydiyyat alınmışdır. X9 vəfat etdikdən sonra qeyd olunan daşınmaz əmlak vərəsələrinin adına rəsmiləşdirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 saylı, 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 saylı, 18 may 2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi əsasında aparılmış daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edilməmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə belə öhdəlik qoyulmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildirmək istəyirik ki, mübahisəli torpaq faktiki torpaq sahəsi 0.0209 hektardır, Torpaq sahəsi İsmayıllı rayonu Lahıc bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinantları arasında fərq yoxdur. Torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs və üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan : - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ********** nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 vərəsələri X5, X15 və X10r. - Cavbdehin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və xx.xx.2020-ci il tarixli 407- 3016/174 nömrəli Texniki pasportun təsdiqlənmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi M.Hüseynov küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi X4 vərəsələrinin hər birinin 1/3 hissədə birgə mülkiyyət hüququ göstərilməklə adına qeydiyyata alınmışdır. - AZEMİS Elektron Məhkəmə sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, X15 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2014 saylı 12 avqust 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə İddiaçı iddiada dönüşlə bağlı ərizəsi təmin edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsnə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İşin müəyyən olunan hallarından görünür ki, X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmışdır.Ancaq hüquq haqqında mübahisə olduğundan həmin qətnamə apellyasiya qaydasında ləğv edilmişdir. Hazırda həmin qeydiyyat və üçüncü şəxslərin adına verilmiş Çıxarış formal xarakter daşıyır. Digər tərəfdən mübahisəli əmlak barəsində mülkiyyət hüququna dair mübahisə mülki qaydada həll edilməmişdir.Mübahisənin mülki qaydada baxılması isə hazırkı Çıxarışın qüvvədə olduğu müddətcə mümkün olmamaqdadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar