Məhkəmə qərarları › İş №2-1(116)-234/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-234/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-234/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ 01 may 2005-ci il tarixdən 17 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMCdə asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009-cu il tarixdən 17 dekabr 2022-ci il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddət nəzərə almaqla 60 yaşın tamam olduğu 17 dekabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 may 1905-ci il tarixdən 01 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajı kimi daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01 may 2005-ci il tarixdən 17 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) işlədiyi müddətin və 01 aprel 2009cu il tarixdən 17 dekabr 2022-ci il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işlədiyi müddət nəzərə almaqla 60 yaşın tamam olduğu 17 dekabr 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. İddia ərizəsinə əsasən o, xx.xx.1962-ci ildə anadan olmuşdur. 01 may 2005-ci il tarixdən - 01 aprel 2009-cu il tarixədək Göyçay "xxxx" MMC-də asfalt-beton bişirən (operator) və 01 aprel 2009-cu il tarixdən 01 aprel 2023-cü il tarixədək Göyçay "xxxx" MMC-də asfalt bişirən (sahə rəisi) işləmişdir. Qeyd olunanları nəzərə alaraq ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 12 aprel 2023-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının Mərkəzi filiala 9 sentyabr 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının sürətində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Göyçay "ATF' MMC-də asfalt-beton bişirən (operator) vəzifəsində və xx.xx.2009cu il tarixdən xx.xx.2023- cü il tarixədək həmin müəssisədə asfalt bişirən (sahə rəisi) vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının işlədiyi vəzifələr “ATF" MMC-nin iddiaçıya dair 31 yanvar 2023-cü il tarixli 03 nömrəli arayışında istinad edilən yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə uyqun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd edək ki, Mərkəzi Filialın iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 25 ildən az olmaqla (24 il 4 ay 17 gün) aşağıdakı tərkibdən ibarətdir: Mübahisələndirilməyən ümumi sosial sığorta stajı: xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək; 14.11,1988-ci il tarixdən 01,02.1992-cü il tarixədək; xx.xx.1992-ci il tarixdən xx.xx.19993-cü il tarixədək; xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək; 2006-cı il tarixdən 2022-ci il tarixədək olan dövrlər. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28957,53 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;

2. İddiaçıya məxsus БТ seriyalı ******* nömrəli Əmək kitabçası

3. “Göyçay "xxxx" MMC -in xx.xx.2023-cü il tarixli 93 nömrəli məktubu;

4. “Göyçay "xxxx" MMC -in xx.xx.2023-cü il tarixli 21 nömrəli Arayışı;

5. İddiaçıya məxsus НВ-968892 nömrəli diplomun təsdiq olunmuş surəti;

6. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilən inzibati icraat materialları;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının iddia tələbinə münasibətdə iki dəlili olmuşdur : 1.iddiaçının ümumi sosial sığorta stajının tələb olunan 25 ildən az olması;

2. iddiaçının güzəştli şərtlərlə sosial sığorta stajının olmaması. Müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçıya məxsus НВ-968892 nömrəli diplomdan görünür ki,o, xx.xx.1980xx.xx.1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (04 il 10 ay 12 gün) ali təhsil almışdır.İddiaçının sonrakı əmək fəaliyyəti aşağıdakı dövrləri əhatə edir: xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək; (03 il) xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək; (01 il 2 ay 15 gün) xx.xx.1990-cı il tarixindən xx.xx.1992-cı il tarixinədək; (02 il) xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək; (06 ay işsiz statusuna malik) xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək; (3 il 11 ay) xx.xx.2009-cu il tarixindən- xx.xx.2022-ci il tarixinədək. (13 il 9 ay 17 gün) Yuxarıda qeyd olunanlara əsasən iddiaçının əyani təhsil müddəti daxil edilməklə ümumi sosial sığorta stajı 29 il 3 ay 14 gün olmaqla tələb olunan minimum stajdan artıqdır.Cavabdeh tərəfindən təhsil müddəti nəzərə alınmadığından qeyd olunan müddət fərqi yaranmışdır. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 17 il 08 ay müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki,iddiaçının əmək funksiyasının xüsisiyyətləri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verir. İş materiallarına əlavə edilmiş “Göyçay "xxxx" MMC -in xx.xx.2023cü il tarixli 93 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən "ATF” MMCnin Asfalt beton zavoduna xüsusi şərtlərlə operator qəbul edilmiş və xx.xx.2009-ci il tarixindən "ATF' MMC-nin asfalt bişirən (sahə rəisi) vəzifəsində bu günədək işləyir. İddiaçının xx.xx.2005-ci il tarixindən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) qeyd olunan asfalt və beton bişirənlər peşəsinə uyğundur. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşı tamam olduğu 17 dekabr 2022-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar