Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2342/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı "əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 1991-ci ilin 09 oktyabrdan 1995-cü ilin may ayının 10a kimi N saylı hərbi hissədə zabit olaraq hərbi xidmət kemişdir. Qarabağ müharibəsi illərində Gədəbəy, Xocalı, Ağdərə, Sıxavənd, Tərtər və Tovuz rayonları və ətraf ərazilərin müdafiəsində iştirak etmişdir. Azərbaycan Respublikası müstəqilliyi ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən 13 aprel 1994-cü ildə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralanmışdır. 04 may 1994-cü il tarixədək stasionar qaydada müalicə almışdır, sonra ambulator şəkildə müalicəni davam etdirmək üçün buraxılmışdır. Bu proseslərin döyüş zamanı aldığım xəsarədərin fəsadı olaraq müəyyəm edidiyini nəzərə alaraq o hərbi komissarlığa müracət etdi. Tibbi sənədlərini və hərbi komissarlıq tərəfindən müvafiq sənədlərin verilməsini və onun hərbi həkim tibbi komissiyasına göndərilməyini xahiş etdi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müvafiq sorğu göndərildi. İddiaçı 13 aprel 1994-cü il tarixində Tərtər rayonu Papravənd kəndində Yaralanmışdır. İddiaçı 13 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanma faktı müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına Müraciət etdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 4/267 nömrəli və xx.xx.2023-cü il tarixli 5/405 nömrəli məktubları.
2. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixli məktubları.
3. MH 084236 seriya nömrəli Veteranlıq statusu vəsiqəsinin surəti;
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı ilkin olaraq Müdafiə Nazirliyinə qarşı “müharibə əlili” statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş,iddiaçıya hüquqi yardım qaydasında iddia tələbinin Cavabdeh2nə qarşı "əlilliyin ümumi növündən müharibə ilə əlaqdəar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi dəyişdirilməsi olduğu,həmçinin həmin tələbə dair imtina məktubu əlavə edilərək yenidən müraciət etmək hüququ izah edilmişdir.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin imtina məktubu təqdim olunmaması əsası ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-507/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə işə yenidən baxılaraq, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu nəzərə alınmaqla inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın yuxarıda qeyd olunan hissədə mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını və iddia tələbinin digər mümkünlük şərtlərini araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2014-cü ildən ona təyin edilmiş əlilliyin səbəbli-əlaqəsinin dəyişdirilməsinə nail olmaqdır. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçıya yuxarıda göstərilən tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir.İddiaçı ona təyin edilmiş əlilliyin ümumi xəstəlik səbəbi ilə təyin edilməsi ilə razılaşmır,hesab edir ki, əlilliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq dəyişdirilməlidir. İddiaçı həmin tələblə bağlı müxtəlif vaxtlarda cavabdehə müraciət etmişdir. Cavabdehin 13 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki,iddiaçıya səbəbli əlaqənin dəyişdirilməsi ilə müvafiq hərbi həkim komissiyasının qərarını və ya xəstəlik haqqında şəhadətnaməni təsdiq edən sənədlər əlavə edilməkə yeni göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmə bilər. İş materiallarına əlavə edilmiş hazırkı iş üzrə cavabdeh inzibati orqanın xx.xx.2019cu il tarixli məktubundan da görünür ki,iddiaçının eyni məzmunlu müraciəti oxşar qaydada cavablandırılmışdır. Göründüyü kimi əlilliyin təkrar qiymətləndirilməsi,səbəbli əlaqənin iddia olunan qaydada dəyişdirilməsi üçün ilkin olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının qərarı və ya xəstəlik haqqında şəhadətnamənin təqdim edilməli olduğu iddiaçıya bilidirilmişdir.Lakin,iddiaçı 10 ildən artıq müddət ərzində əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə dair mübahisə açmamışdır.Həmçinin,iş materiallarına əsasən əlilliyin xüsusi səbəblərinə dair sənədlər təqdim edilməmişdir.İddiaçının iş materiallarına əlavə etdiyi forma 27 göndərişində də “hipertoniya xəstəliyi,qeyri-stabil stenolardiya” diaqnozundan müalicə aldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilən cavabdehin imtina məktubları xx.xx.2019-cu il və 13 oktyabr 2023-cü il tarixli məktubları iddiaçıya təqdim edilmişdir.İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 10 may 2024-cü il tarixində müraciət etmişdir.İddiaçı müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh2ə qarşı "əlilliyin ümumi növündən müharibə ilə əlaqədar əlilliyi olan şəxsi növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə