Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2346/2023 11.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı “cavabdehin Yunis Hüseynli barəsində xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və X1 müsahibədən keçmiş hesab edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Yunis Hüseynli barəsində xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və X1 müsahibədən keçmiş hesab edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçının övladıdır. Yunis Hüseynli xx.xx.2023-cü il tarixdə tədrisi digər dildə aparılan bölmə üzrə müsahibədə iştirak etmiş, həmin müsahibə zamanı təxminən 10 sualdan 7-sini cavablandırmışdır. Müsahibədə iddiaçı şəxsən özü iştirak etmiş və uşağın verdiyi cavablar onu həqiqətən qane etmişdir. Lakin nəticə tamamilə fərqli olmuşdur. Komissiyanın qərarı ilə Yunis Hüseynli həmin müsahibədən kəsilmiş hesab edilmişdir. İddiaçı dərhal, elə həmin gün Göyçay Rayon Təhsil Şöbəsinə yaxınlaşıb yazılı qaydada Komissiyanın qərarından apellyasiya şikayəti vermişdir. Lakin Apellyasiya komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəlki qərar qüvvəsində saxlanılmışdır. İddiaçı dəfələrlə şifahi şəkildə Göyçay Rayon Təhsil Şöbəsi və Yevlax Rayon Təhsil İdarəsində müsahibənin videoyazısının ona təqdim edilməsini xahiş etsə də, onun konfidensial olduğunu əsas gətirərək verməmişlər. İddiaçı həmçinin müsahibənin keçid meyarlarları (keçid üzrə minimal qiymət və qəbul olunacaq şagirdlərin say limiti və s.) barədə məlumatı da ala bilməmişdir. İddia ərizəsinə əlavə olunmuş “Ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların İ sinfinə elektron sənəd qəbulu sistemi”ndən çıxarışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə keçirilmiş müsahibədə iştirak etmiş və müsahibədən keçə bilməmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli SMS məlumatda isə qeyd olunmuşdur ki, onun apellyasiya müraciətinə baxılmış və Komissiyanın rəyinə əsasən övladının əvvəlki nəticəsi qüvvədə qalmışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamış, cavabdeh iş üzrə sənədlərin təqdim edilməsi ilə kifayətlənmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək onun övladına münasibətdə müvafiq qərar qəbul edilməklə onun müsahibədən keçmiş hesab edilərək, rus bölməsi üzrə orta məktəbin birinci sinfinə qəbul olunmasını xahiş etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İddiaçı tərəfindən inzibati qaydada verilmiş şikayət də təmin edilməmiş, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. (İPM-in 2.2.2 və 33-cü maddələri) Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin 3-29-40/2-921/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş: Göyçay rayonunda xx.xx.2023-cü il tarixdə keçirilən müsahibə protokolunun surətindən görünür ki, X2 münasibətdə Komissiyanın hər 3 üzvü tərəfindən “qeyri-məqbul” rəyi vermişdir. xx.xx.2023-cü il tarixli müsahibə protokoluna əsasən müəyyən edilmişdir ki, Y.Hüseynlinin dil bilgiləri 5 meyar – (1) fikrə münasibət bildirməsi, (2)ünsiyyət zamanı fikrini sərbəst ifadə etməsi, (3) ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edilməsi, (4) özü, ailəsi və vətəni haqqında qısa məlumat verməsi, (5) təklif edilən əşya və hadisələr haqqında danışması və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurması əsasında qiymətləndirilmişdir. Komissiyanın hər 3 üzvü (X5, X6 və X3) bütün 5 meyar üzrə mənfi rəy verməklə, “yekun” qrafasında qeyri-məqbul nəticəyə gəlmişlər. xx.xx.2023-cü il tarixli apellyasiya komissiyasının protokolunun surətindən görünür ki, X4 barəsində Komissiyanın hər 3 üzvü (Sevda Məmmədova, Afət Abdullayeva, Aytən Kosayeva) yalnız bir meyar üzrə - “özü, ailəsi və vətəni haqqında qısa məlumat verir” meyarı üzrə müsbət rəy verməklə “apellyasiya komissiyasının yekun rəyi qrafasında” qeyri-məqbul nəticəyə gəlmişlər. Cavabdeh tərəfindən müsahibə zamanı aparılmış video çəkiliş materialları Məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən həmin materiallardakı görüntülər araşdırılmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagir qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinifə qəbul olunmaq üçün müsahibədən keçirilən xx.xx.2017-ci il təvəllüdlü X1 müsahibənin keçirildiyi xx.xx.2023-ci il tarixdə daha 6 yaşı tamam olmamışdır. Cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvləri müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı büyün meyarlar üzrə Y.Hüseynlinin cavablarını qeyri-məqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı tam fərqli nəticənin şahidi olunur. Belə ki, video görüntüyə baxış zamanı aydın olur ki, Y.Hüseynli müsahibə zamanı bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Videoyazının 01:27-1:55-ci, 02:40-02:50-ci və s. dəqiqələrində bunun şahidi ola bilərik. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. Y.Hüseynlinin bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür. 07:30-07:35-ci saniyələrdə verilən sual isə qeyri dəqiq qururlduğundan ümumiyyətlə azyaşlı uşaq üçün həmin sualın verilmə məqsədinin başa düşülmə ehtimalı ağlabatan deyildir. Həmçinin müəyyən olunur ki, Y.Hüseynli müsahibənin videoyazısının 00:05-01:59-cu, 02:40-02:47ci, 03:20-04:04-cü, 05:05-5:35-ci, 06:35-06:50-ci, 07:00-07:16-cı, 07:44-8:39-cu dəqiqələr aralığında (saniyə aralığı ilə) verilmiş bütün suallara cavab vermişdir. Belə olan halda cavabdehin komissiya üzvləri tərəfindən fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır meyarlarının hamısı üzrə qeyri-məqbul rəyinin verilməsi, cavabdeh tərəfindən diskresion səlahiyyət və qiymətləndirmə meyarlarına uyğun davranış zamanı səlahiyyət meyarında sui-istifadə edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin o da qeyd olunmalıdır ki, apellyasiya komissiyası tərəfindən təkrar qiymətləndirmə aparılması zamanı yalnız bir meyar üzrə nəticə dəyişdirilmiş, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir meyarı üzrə müsbət rəy verilmişdir. Bir meyar üzrə nəticənin dəyişməsi isə yekun nəticədə iddiaçının tələbinə uyğun əlverişli qərarın qəbul edilməsinə gətirib çıxarmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir meyarı üzrə müsbət qiymətləndirilmiş şəxsin fikrə münasibət bildirir meyarı üzrə və ünsiyyət zamanı fikrini sərbəst ifadə edir meyarı üzrə qeyri-məqbul qiymətləndirilməsi anlaşılmazdır. Həmçinin keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsnasında Y.Hüseynlinin azyaşlı olması, onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hərhansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalı, cavabdehin X4 ilə keçirilmiş xx.xx.2023-cü il tarixli müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməsi barədə yekun qərarı ləğv edilməli, Y.Hüseynli ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş müsahibənin nəticəsinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh X4 ilə keçirilmiş xx.xx.2023-cü il tarixli müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməsi barədə yekun qərarı ləğv edilsin. İddiaçı övladı X4 ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş müsahibənin nəticələrinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2346/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2346/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver