Məhkəmə qərarları › İş №2-1(116)-2347/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2347/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2347/2022 14.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçılar İddiaçı və X7 Cavabdehnə qarşı “Ağsu rayon Kalva kəndi ərazisində yerləşən, ümumi ərazisi 12 sot olan, təsərrüfat təyinatlı torpaq sahəsinin 3-cü şəxslərin zəbtindən azad istifadəmizə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddi ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu rayon Kalva kəndi ərazisində yerləşən, ümumi ərazisi 12 sot olan, təsərrüfat təyinatlı torpaq sahəsinin 3-cü şəxslərin zəbtindən azad edilməklə istifadəyə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılara xx.xx.2022-ci il tarixli məhkəmə yardım məktubu ünvanlanaraq cavabdeh qoyulan inzibati orqanın həmin iddia tələbini yerinə yetirməli orqan olmadığı, cavabdehdən səlahiyyəti olmayan məsələnin həllini tələb etdiyi və mübahisəli torpaq sahəsi ilə bağlı mülki mübahisə qaydasında məhkəmə qətnaməsi qəbul edildiyi bildirilmişdir. Qeyd olunanlara münasibət bildiriməyi üçün 5 (beş) gün vaxt təyin edilmişdir. Lakin iddiaçılar yardım məktubuna münasibət bildirməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbi Ağsu Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(016)-49/2019 saylı qətnaməsinin icrası ilə bağlıdır. Belə ki, Ağsu rayon məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(016 49/2019 saylı qətnaməsi ilə İddiaçı, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələbinin təmin edilməməsi, X3 - İddiaçı və X8 qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması, zəbt olunmuş torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi İddiaçı və Elçin Ayaz oğlu X1 Ağsu rayonunun Kalva kəndində yerləşən və mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, X2 və İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 94.90 manat alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, kod 20071 VÖEN(bank)**********, Müxbirhesab:AZ37NABZ******************** SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Belə ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Cavabdeh inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5-ci bəndində inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri təsbit edilmişdir.Həmin vəzifə və səlahiyyətlərin dairəsində hazırkı iddia tələbinin predmeti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-nin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16,35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X7 cavabdeh Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Ağsu rayon Kalva kəndi ərazisində yerləşən, ümumi ərazisi 12 sot olan, təsərrüfat təyinatlı torpaq sahəsinin 3-cü şəxslərin zəbtindən azad istifadənizə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar