Məhkəmə qərarları › İş №2-1(116)-2348/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2348/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2348/2025 22.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, İddiaçı2, İddiaçı3, Cavabdeh2 oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi və iddiaçıların payına uyğun yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi və iddiaçıların payına uyğun yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvandakı mənzil hazırda biz iddiaçılar İddiaçı1, X4 və İddiaçı2 birgə istifadəsindədir. Sözügedən mənzili iddiaçıların atasına 26 may 1982-ci il tarixdə Azərbaycan İstilik Elelrik stansiyasında çalışdığı vaxt müqavilə əsasında verilmişdir. Həmin mənzil iddiaçının atasına verilərkən mənzildə yaşamaq hüququ olan şəxslər arasında İddiaçı1, anası, bacısı X4 olmuşdur. İddiaçının atası 22 mart 1994-cü il tarixdə İsgəndərzadə Hicran Veysəl qızı İlə ailə qurmuşdur. İddiaçının atası ailə qurarkən hazırda iddiaçıların istifadəsində olan məzili iddiaçılara verib getmişdir. Göründüyü kimi həmin mənzil atalarına verilərkən müqavilədə qeydiyyatda olan şəxslər arasında iddiaçı olmamışdır. İddiaçının atası xx.xx.2020-ci il tarixdə vəfal etmişdir. Vəfat elməmişdən öncə mübahisəli mənzil olan hazırda iddiaçı və ailə üzvlərinin yaşadığı mənzili ödəmədiyi alimentin qarşılığı olaraq iddiaçılara verərək evdən getmişdir. Həmin vaxtdan etibarən həmin mənzildə İddiaçı1 və ailə üzvləri ilə birgə yaşayırlar. İddiaçının atası vəfat etdikdən sonra iddiaçılar atalarının ikinci nikahdan olan arvadı İsgəndərzadə Hicran Veysəl qızı ilə uzun müddət normal münasibətlərdə yaşadılar. İddiaçıların hazırda mübahisəli olan həmin mənzildən başqa yaşayış yeri yoxdur. Daha sonra Hicran İsgəndərzadə dəfələrlə zəng vuraraq iddiaçıları çağırmış və bununla bağlı danışıq aparmaqlarını və razılaşmağı istəmişdir. İddiaçılar onunla razılığa gəlmək üçün iddiaçının yaşdığı mənzilə getdilər. Orada razılığa gəldikki hər kəs öz yaşadığı mənzildə qalcaq və heç kim heçnəyə iddia etməyəcək. Biz bunun müqabilində ünvan 2 ünvandakı mənzilin hüququn ölmüş şəxs məxsus olması barədə dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə çıxarış aldılar. Həmin sənədin dövlət reyestrində qeydə alınması üçün tələb olunan bütün rüsumlarıda İddiaçı1 ödəmişdir. Həmin razılaşmada qonşu İlham adlı bir şəxsdə olmuşdur. X1 adına aldıqdan sonra iddiaçı Mingəşevir şəhər Məhkəməsində X2 miras qalmış mənzilin paylara uyğun bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sözü gedən mənzil iddiaçı tərəfindən mənimsənilməsinə yol verilə bilməz. ünvan 1 ünvandakı ********** Qeydiyyat nömrəli. xx.xx.2024-cü il tarixli mənzilin mülkiyyətə verilməsinə dair çıxarış qanunsuz və əsassızdır. Cavabdeh etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsin mülkiyyətinə verilmiş daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışda hər hansə bir düzəlişin edilməsi, həmin sənədin ləğv olunması və ya etibarsız sayılması 17 saylı Yevlax ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı2 xx.xx.2025-ci il tarixli ərizə göndərərək bildirmişdir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 2-1- (116)-234/2025 nömrəli inzibati iş üzrə iddia ərizəsi mənim tərəfimdən imzalanmamışdır və iddiadan heç bir şəkildə xəbərim yoxdur. İddianın kim təfərindən göndərildiyindən də xəbərim yoxdu. Məhkəmənin xx.xx.2025-cı il tarixli iclasında iddiaçının dinlənilmək hüququ təmin edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hazırkı qərardadda təsbit olunan iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuşdur. Sədrlik edən mübahisənin mahiyyətini ümumi şəkildə şərh etdi, sonra vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün iddiaçılara söz verdi (İPM 63.2, 63.3m). Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Eyni zamanda İddiaçı3 İddiaçı1 hazırda ölkədə olmadığını bildirmiş, iddia ərizəsinin isə kim tərəfindən tərtib edilməsini dəqiq cavablandıra bilməmişdir. Məhkəmə iclasında İddiaçı2 izahat verərək bildirdi ki, iddia ərizəsinin kim tərəfindən imzalanması ilə bağlı qətiyyən xəbəri olmayıb. Bu barədə ona məhkəmədən məlumat veriblər. Onun heç bir tələbi olmadan, imzası olmadan onun adından məhkəməyə ərizə verilib. O buna etiraz edir və bu barədə ərizəsini məhkəməyə təqdim edib. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddia ərizəsində faktiki olaraq üç iddiaçı tərəfindən verilsə də, iddiaçılardan İddiaçı2 iddia tələbini müdafiə etməyərək, ümumiyyətlə ərizədəki imzanın ona məxsus olmamasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırkı halda tələb birgə iddiaçılar tərəfindən qaldırılmış mübahisənin səmərəli və prosessual qənaət baxımından mahiyyəti üzrə araşdırılmasının məqsədəuyğunluğunu, habelə iddiaçılardan İddiaçı2 iddia tələbinin mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, belə vəziyyətdə iddianın mahiyyəti üzrə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi və iddiaçıların payına uyğun yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar