Məhkəmə qərarları › İş №2-1(116)-2349/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2349/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2349/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Müəyyən etdi: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Ucar rayonu Qazyan bələdiyyəsi, X4, X11, X12 və X8 üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşı “Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı əsasında hazırlanmış JN 543 Torpağa mülkiyyət hüququna dair dövlət aktında “0.29 hektar” kimi göstərilmiş ölçünün “2.90 hektar” olmasına dair düzəliş edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1285/2022 nömrəli qərardadı ilə Ucar rayonu Qazyan bələdiyyəsi, X4, X11, X12 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilməli olan, lakin verilməmiş faktiki istifadəsində olan 2.90 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1285/2022 nömrəli qərardadı ilə xx.xx.2022-ci il tarixli, 2-1(116)-1285/2022 nömrəli iş üzrə Maraqlı şəxs, Maraqlı şəxs, X16, X17, Bağırova (Əhmədova) Arzu Nadir qızı, X13 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-285/2022 nömrəli qərarı və qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır ki, “Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı əsasında hazırlanmış JN 543 Torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinin ölçüsü səhvən 0,29 qeyd edilmişdir. Ancaq ona və ailə üzvlərinə Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 2,9 hektar torpaq sahəsi verilmişdir. Həmin səhv aşkar edildikdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon Şöbəsindən xx.xx.2011-ci il tarixdə 136 nömrəli arayış alınmışdır. Həmin arayışda qeyd edilib ki, kənddə torpaq islahatları aparılarkən iddiaçının və ailə üzvülərinin mülkiyyətinə 2.9 hektar pay torpaq sahəsi verilmişdir. Dövlət Aktı hazırlanarkən texniki səhvə yol verilmiş torpaq sahəsi 2.9 hektar əvəzinə 0,29 hektar yazılmışdır. Torpaq sahəsinin miqdarı 2.9 hektar kimi oxunmalıdır. Arayış Ucar rayonu Qazyan bələdiyyəsinə təqdim etmək üçündür. Həmçinin Ucar rayonu Qazyan bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli arayışında qeyd edilib ki, Respublikada Aqrar islahatları aparılan dövrdə onlara ailə üzvüləri ilə birlikdə 2.90 hektar pay torpaq sahəsi verilmişdir. Lakin torpaq aktı gələrkən texniki səhv olmuş. Yəni 0.29 hektar yazılmışdır. Azərbaycan Respublikası Komitəsinin Ucar rayon Şöbəsindən xx.xx.2011-ci il tarixdə 136 nömrəli arayışına əsasən Qazyan bələdiyyəsi tərəfindən ona 2.90 hektar torpaq sahəsi verilmişdir. Yerqurluşu planına əsasən həmin yerin eni 65 metr uzunu isə 447 metrdir. Ona və ailə üzvülərinə Aqrar İslahat Komissiyasının 07 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş həmin torpaq sahəsini hər il əkib dövlətdən buna görə subsidiya alır. Subsudiya 2.9 hektar torpaq sahəsində aparılmış əkin işlərinə görə verilir.”. Cavabdeh orqan iddia tələbinə xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, “Aparılan araşdırma zamanı Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı əsasında iddiaçıya və ailə üzvlərinə verilmiş JN-543 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş 0.29 hektar kor.d təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onların faktiki istifadə etdiyi torpaq sahəsinin fərqli olması, yəni vətəndaşın başqa şəxsə (JN-247 saylı dövlət aktı- X5 və ailə üzvlərinə məxsus) məxsus pay torpaq sahəsindən istifadə etdiyi məlum olmuşdur. Bu səbəbdən də vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, iddia ərizəsində qeyd olunan 2.90 hektar torpaq sahəsi üzərində hüququnlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilməmişdir. Sözügedən torpaq sahəsinə dair vətəndaş tərəfindən hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilərək, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 16 saylı Ucar Ərazi İdarəsinə müraciət ediləcəyi halda məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.”. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazında bildirmişdir ki, “aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki olaraq istifadə etdiyi ərazi Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı əsasında ona və ailə üzvlərinə verilmiş JN- 543 saylı Dövlət Akltında qeyd olunan 0,29 ha torpaq sahəsindən fərqli ərazidir. İddiaçı faktiki olarq JN-247 saylı Dövlət Aktı ilə X4 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin bir hissəsindən istifadə edir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, JN-247 saylı Dövlət Aktı əsasında 1.1771 ha torpaq sahəsi X1 və ailə üzvlərinin adına ümumbirgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********07 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.”. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslər ştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.O bildirdi ki, iddiam budur ki, JN -543 nömrəli Dövlət Aktında qeyd edilən 0.29 ha torpaq sahəsi ləğv edilsin, 2,9 ha torpaq sahəsi qeyd edilsin. Həmin torpaq sahəsi texniki səhv olaraq yazılmışdır. Mən müraciət etdim aqrar islahat komissiyasının sədrinə. Mənə deyildi ki, bu texniki səhvdir. Həmin torpaq sahəsi 2.9 ha oxunmalıdır. Bununla bağlı arayış verildi mənə. Həmin arayışla yaxınlaşdım bələdiyyəyə. Bələdiyyə mənə 2.9 ha torpaq sahəsini ayırdı. Sonradan mənə bildirildi ki, həmin torpaq sahəsi başqa adamın torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd etdiyim arayışların əsilləri özümdədir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçı və ailə üzvlərinə dövlət xəritəçəkmə komitəsi tərəfindən verilmiş JN-543 nömrəli dövlət aktında qeyd edilən torpaq sahəsi hazırda iddiaçı tərəfindən iddia edilən torpaq sahəsindən 1750 metr məsafə kənarda göstərilir. Mütəxəssis rəyində göstərilmişdir ki, 2.9 ha torpaq sahəsi JN 243 nömrəli Dövlət Aktı ilə X12 və ailə üzvlərinə verilmiş torpaq sahəsi ilə birə-bir üst-üstə düşür. İddiaçının iddia etdiyi torpaq sahəsi ona dövlət aktı ilə yox bələdiyyə qərarı ilə verildiyini iddia edir. Lakin bələdiyyə qərarı yoxdur, şifahi şəkildə verilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2022-cı il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.10 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, 2.41 ha hissəsi dinc uqodiyalı, 0.69 ha hissəsi isə şoran torpaqlarına aiddir. İddiaçının naturda göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsinin koordinatları elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən JN-247 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.18 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 1.92 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı və ailə üzvlərinin JN-543 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.29 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi ərazidə yerləşmir.

3. 13.10.2017-ci il tarixli 58 nömrəli Ucar rayonu Qazyan bələdiyyəsi tərəfindən arayış verilmişdir.

4. DTXK Ucar rayon şöbəsi tərəfindən verilən xx.xx.2011 tarixli 136 nömrəli arayışın surəti.

5. Ucar rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 46 nömrəli məktubuna əlavə edilmiş Ucar rayon Qazyan kənd XDS.İcraiyyə Komitəsinə aid 1986-1990-cı il, Ucar rayon İHB-nın Qazyan kənd İƏD-i üzrə Nümayəndəliyinə aid 1991 -1995-ci il və Ucar rayon İHB-nın Qazyan kənd İƏD-i üzrə Nümayəndəliyinə aid 1996- 2000-ci illər üzrə təsərrüfatbaşına kitablardan çıxarışın surətləri.

6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş qazyan kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlər siyahısında bağrova Səkinə Alı qızının (ailə üzvləri ilə birlikdə) adının qarşısında təsərrüfatbaşına kitabına əsasən həyətyanı sahə - 0.30, normadan artıq həyətyanı sahə - 0.50 qeydləri icra edilmişdir.

7. JN-543 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X10 8 nəfər ailə üzvü ilə birlikdə Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 0.29 ha torpaq sahəsi ayrılmışdır.

8. JN-247 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X3 4 nəfər ailə üzvü ilə birlikdə Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə 1.18 ha torpaq sahəsi ayrılmışdır.

9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1285/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilməli olan, lakin verilməmiş faktiki istifadəsində olan 1.72 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi təmin edilməmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1285/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilməli olan, lakin verilməmiş faktiki istifadəsində olan 1.72 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

11. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1.1771 ha torpaq sahəsi X6 mülkiyyətindədir.

12. A 807312 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1.1771 ha torpaq sahəsinin hüquqi subyekti X7r.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-581/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “İddiaçı tərəfində naturada göstərilən 2.90 ha torpaq sahəsinin 0.33 ha hissəsi **********07 reyestr nömrəli (JN-247 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında) çıxarışla X12 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 1.1771 ha torpaq sahəsi ilə, 2.57 ha hissəsi isə Ucar rayonu Qazyan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfində naturada göstərilən 2.90 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən (TEKUİS) kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla 0.32 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası dinc, mülkiyyət növü bələdiyyə, 2.90 ha torpaq sahəsinin 2.25 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası şoran örüş, mülkiyyət növü bələdiyyə, 2.90 ha torpaq sahəsinin 0.33 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası dinc, mülkiyyət növu xüsusi göstərilmişdir. TEKUİS məlumatlarında göstərilən JN-543 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.29 ha torpaq sahəsi naturada göstərilən 2.90 ha torpaq sahəsindən 1750 metr şimalqərbdə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçı cari baxış zamanı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən torpaq sahəsindən fərqli ərazini göstərmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.”.

14. Ucar rayonu Qazyan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Qazyan kəndində islahat aparılarkən Qazyan kənd sakini İddiaçı 27 Oktyabr 1998-ci il tarixli 16 nömrəli qərar əsasında hazırlanmış JN- 543 nömrəli Dövlət aktında 8 nəfər ailə üzvləri ilə birlikdə 0.29 hektar pay torpaq sahəsi göstərilmişdir.İddiaçı torpaq şöbəsinə müraciət edərək həmin torpaq sahəsinin səhv olunmasını iddia etmişdir.Torpaq şöbəsi araşdırma apararaq İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən 2.90 hektar torpaq sahəsi ayrılıb verilmişdir.Bu barədə əvvəlki bələdiyyələrə heç bir akt və sair sənədlər daxil olmamışdır.İddiaçı hal-hazırda 2.90 hektar torpaq sahəsindən istifadə edir və Qazyan bələdiyyəsi həmin torpaq sahəsindən istifadə etməsinə etiraz etmir. Sözügedən torpaq sahəsinin ölçülməsi və koordinatların vurulması,torpaq aktı üzərində düzəlişlərin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti tərəfindən həyata keçirilir və onların səlahiyyətindədir.Həmin aktın düzəliş edilməsinə Qəzyan bələdiyyəsi etiraz etmir.

Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Maddə Maddə 3. Aqrar islahatın əsas prinsipləri Aqrar islahatın əsas prinsipləri aşağıdakılardır: dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması; islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi; əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi; respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması; ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi; kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı və JN 543 Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona ayırılmış 2.90 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarətdir. İş üzrə müəyyən edilmişdir ki, JN 543 Torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinin ölçüsü 0.29 ha göstərilmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddiaçı tərəfindən naturada göstərilən 2.90 ha torpaq sahəsinin 0.33 ha hissəsi **********07 reyestr nömrəli (JN-247 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında) çıxarışla X12 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 1.1771 ha torpaq sahəsi ilə, 2.57 ha hissəsi isə Ucar rayonu Qazyan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfində naturada göstərilən 2.90 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən (TEKUİS) kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla 0.32 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası dinc, mülkiyyət növü bələdiyyə, 2.90 ha torpaq sahəsinin 2.25 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası şoran örüş, mülkiyyət növü bələdiyyə, 2.90 ha torpaq sahəsinin 0.33 ha hissəsinin uqodiyası əkin, islahat uqodiyası dinc, mülkiyyət növu xüsusi göstərilmişdir. TEKUİS məlumatlarında göstərilən JN-543 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.29 ha torpaq sahəsi naturada göstərilən 2.90 ha torpaq sahəsindən 1750 metr şimal-qərbdə yerləşir. Əlavə olaraq bildiririk ki, iddiaçı cari baxış zamanı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən torpaq sahəsindən fərqli ərazini göstərmişdir.”. Göründüyü kimi iddiaçı 2.90 ha torpaq sahəsinin ona ayırlmasını bildirsədə buna dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı zamanı qanunla müəyyən edilmiş sənədlər təqdim edilərək, sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda dövlət reyestrinə müvafiq məlumat daxil edilir. İddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq hər hansı hüquqmüəyyəedici sənəd mövcud deyildir. İddiaçı həmi torpaq sahəsinin ona Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə ayrılmalı olmasını bildirsə də, iş materiallarından göründüyü kimi faktiki olaraq iddia olunan torpaq sahəsi iddiaçıya ayrılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 2.90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmalı deyil, odur ki cavabdehin imtinası əsaslı olmuşdur.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilməli olan, lakin verilməmiş faktiki istifadəsində olan 2.90 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar