Məhkəmə qərarları › İş №2-1(116)-2350/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2350/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2350/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “övladları X7 və X5 imtinanın verildiyi 19 oktyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladları X7 və X5 imtinanın verildiyi 19 oktyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının dörd övladından böyüyü - 27 mart 2016-cı il təvəllüdlü X8 uşaqlıqdan sağlamlıq imkanları məhduddur. İddiaçının qızı X3, Bakı şəhəri ETTOİ-də və X4 müalicələr almış, lakin müalicələr nəticəsində qızının xəstəliyinin irsi olduğu təsdiqləndiyi üçün sonuncu dəfə 11 sentyabr 2020-ci ildə keçirilmiş təkrar müayinə zamanı uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 3.1-ci bəndinə əsasən qızına “uşaq doğulandan anadangəlmə qüsur - “İki tərəfli əyripəncəlik”lə doğulub, hər iki aşağı ətrafda hipotrafiya qalıqları adduksio, solda daha dərin adduksio və ekvinus vardır" diaqnozu qoyulmuşdur. Diaqnoz əsasında iddiaçının qızının 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Növbəti müayinə tarixi 11 sentyabr 2023-cü ildir. İddiaçının 1 yaşlı əkiz övladları - 01 iyun 2022-ci il təvəllüdlü X7 və X9 da eyni diaqnozdan əziyyət çəkirlər. Hər ikisinin sağlamlıq imkanları məhdud olduğu halda cavabdeh tərəfindən onlara əlillik təyin edilməsindən imtina olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının cavablarından görünür ki, xx.xx.2022-ci il tarixli göndərişlər əsasında X9 və X7 müayinə olunmuş və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması tam olaraq iddaçıda olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cavabdeh etirazında iş üzrə əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş olunur. Cavabdeh həmçinin İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsindən göndərişlə, Mülki Prosessual Məcəllənin sübutlar və sübutetmə ilə bağlı müddəalarına istinad etmiş, qeyd olunanların hazırkı işə tətbiq olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının övladları X7 və X9 xx.xx.2022-ci il təvəllüdlü əkiz uşaqlardır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: TSEK müayinələrinə dair sənədlərdən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona “əsas diaqnoz Q68.8 dəqiqləşdirilmiş digər anadangəlmə sümükəzələ deformasiyaları, anadangəlmə iki tərəfli ekvinovarus əyripəncəliyi ağır dərəcəli, əzələlərin atrofiyası ilə” diaqnozu qoyulmuş, göndərişin natamam doldurulması (səbəb: ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təsdiq edən instrumental və labarator müayinələr tam aparılmayıb. əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir) səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. TSEK müayinələrinə dair sənədlərdən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona “əsas diaqnoz Q68.8 dəqiqləşdirilmiş digər anadangəlmə sümükəzələ deformasiyaları, anadangəlmə iki tərəfli ekvinovarus əyripəncəliyi orta ağır dərəcəli, əzələlərin atrofiyası ilə” diaqnozu qoyulmuş, göndərişin natamam doldurulması (səbəb: ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təsdiq edən instrumental və labarator müayinələr tam aparılmayıb. əsas diaqnoz və ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir) səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir. TSEK müayinələrinə dair sənədlərdən görünür ki, iddaçının övladları həmçinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində də müayinə olunmuş, onlara ixtisaslaşmış bərpa müalicənin davamı məsləhət görülmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə ünvanlanmış və qeyd olunmuşdur ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubuna qoşma edilmiş xx.xx.2022-ci il müayinə tarixli “TSEK müayinələri” vərəqəsində “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi” bölməsində X5 münasibətdə “Əsas diqanoz Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, Anadangəlmə iki tərfli ağır dərəcəli ekvinovarus əyripəncəliyi, Ağırlaşma M21 Ətrafların digər qazanılma deformasiyaları, Əzələlərin atrofiyası” qeyd edilməklə “əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış bərpa müalicənin davam etdiriləsi məsləhət görülür” səbəbi ilə imtina cavabı verilmişdir. Bu səbəblə işə baxarkən yaranmış zərurətlə əlaqədar olaraq, X1 “Əsas diqanoz Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, Anadangəlmə iki tərfli ağır dərəcəli ekvinovarus əyripəncəliyi, Ağırlaşma M21 Ətrafların digər qazanılma deformasiyaları, Əzələlərin atrofiyası” diqanozu üzrə əlavə müalicə oluncağı halda sağalma ehtimalının olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə ünvanlanmış və qeyd olunmuşdur ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubuna qoşma edilmiş xx.xx.2022-ci il müayinə tarixli “TSEK müayinələri” vərəqəsində “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi” bölməsində X6 münasibətdə “Əsas diqanoz Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, Anadangəlmə iki tərfli ağır dərəcəli ekvinovarus əyripəncəliyi ağır dərəcəli, Əzələlərin atrofiyası” qeyd edilməklə “Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr yeterli deyil. Sümük/s retgenoqrafiyası ətraflı qeyd edilsin” səbəbi ilə imtina cavabı verilmişdir. Bu səbəblə işə baxarkən yaranmış zərurətlə əlaqədar olaraq, X2 “Əsas diqanoz Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, Anadangəlmə iki tərfli ağır dərəcəli ekvinovarus əyripəncəliyi ağır dərəcəli, Əzələlərin atrofiyası” diqanozu üzrə əlavə müalicə oluncağı halda sağalma ehtimalının olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli məktublarında qeyd etmişdir ki, xəstə Süleymanlı Eltac və Süleymanlı Elton əlavə müalicə və “zasepin əməliyyatı” olunarsa, oynaqlarında hərəkət yaxşılaşa bilər. Şəki Rayon Mərkəzi Xəstəxanasının məktubunda uşaqların tam sağalacağı barədə məlumat öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, işin göstərilən faktiki hallarına aşağıda göstərilən normaların tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Hazırda və iddiaçının övladlarına cavabdeh tərəfindən imtinanın verildiyi zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmçinin qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Bununla yanaşı cavabdeh etirazında da əyani müayinənin keçirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “göndərişin natamam doldurulması” ilə əsaslandırmışdır. Yəni, cavabdehin imtinasında göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olması, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. Həmin normalar tələb edir ki, TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirsin, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul etsin, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərsin. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən Qaydanın 2.4-cü bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Əsasnamənin 2.9-cu bəndinə əsasən isə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2022ci il tarixli (müayinə tarixləri xx.xx.2022-ci il) göndərişlər əsasında iddiaçının övladları X9 və X6 verdiyi imtina qərarları ləğv edilməklə onun üzərinə xx.xx.2022-ci il tarixdə doğulmuş X9 və X6 aid xx.xx.2022-ci il tarixli göndərişlərə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-277/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)-1808/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında da eyni mövqedən çıxış etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli (müayinə tarixləri xx.xx.2022-ci il) göndərişlər əsasında iddiaçının övladları X9 və X6 münasibətdə verdiyi imtina qərarları ləğv edilməklə cavabdehin üzərinə xx.xx.2022-ci il təvəllüdlü X9 və X6 aid xx.xx.2022-ci il tarixli göndərişlərə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar