Məhkəmə qərarları › İş №2-1(116)-2351/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2351/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2351/2023 16.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.2016-cı il tarixində Şəki şəhər İHB-nın Şəki kənd İƏD-si üzrə icra nümayəndiliyi tərəfindən tərtib edilmiş 02 nömrəli ölüm haqqında akt qeydində əri X7 adı qrafasına düzəliş edilməklə adının “Hüseyin” kimi qeyd olunması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2016-cı il tarixində Şəki şəhər İHB-nın Şəki kənd İƏD-si üzrə icra nümayəndiliyi tərəfindən tərtib edilmiş 02 nömrəli ölüm haqqında akt qeydində əri X7 adı qrafasına düzəliş edilməklə adının “Hüseyin” kimi qeyd olunması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının mərhum ərim X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ərinin ölümü Şəki şəhər İHB-nın Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli 02 nömrəli ölüm aktı tərtib edilmiş və həmin akt əsasında ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin, mərhum ərinin ölüm haqqında şəhadətnaməsində adı səhvən "Hüseyin” əvəzinə "Hüseyn” kimi qeyd edilmişdir. Mərhum ərindən 55BP852 dövlət qeydiyyat nömrəli VAZ 21061 minik markalı avtomobil miras qalmışdır. Ərinin ölüm haqqında şəhadətnaməsində adının səhv qeyd edilməsi ona mirası qəbul etməkdə çətinliklər yaradır. İddiaçı ölüm haqqında akt qeydinə düzəlişin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1728/23 nömrəli etirazında aşağıdakıları qeyd etmişdir: - vətəndaş İddiaçı əri xx.xx.1962-ci il təvəllüdlü X7 ölüm haqqında akt qeydində adına “Hüseyn”dən “Hüseyin"ə dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Lakin, ölüm haqqında akt qeydində adına “Hüseyn”dən “Hüseyin"ə dəyişiklik edilməsi üçün hər hansı bir sənəd təqdim edə bilmədiyindən (mərhumun doğum haqqında şəhadətnaməsi) həmin akt qeydində dəyişiklik edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1448/2023 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - AC N185790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 55BP852 qeydiyyat nişanlı VAZ 21061 minik markalı nəqliyyat vasitəsi X3 adına qeydə alınmışdır. - AZ-İ 782533 nömrəli Ölüm haqqında şəhadətnamədən və xx.xx.2016-cı il tarixli 2 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - İİİ-ЖГ 483945 nömrəli nikah haqqında şəhadətnamədən və xx.xx.1986-cı il tarixli 10 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X9 ilə X2 arasında xx.xx.1986-cı il tarixində nikah bağlanmışdır. - xx.xx.2001-ci il tarixli 601 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1987-ci il tarixli 24 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1988-ci il tarixli 54 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 313-109/2-20536/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X1 ŞRPŞ-nin QMQ-dan şəxsiyyət vəsiqəsi almamış, barəsində məlumat yoxdur. - AB seriyalı 009532 nömrəli Traktor və digər Mexaniki Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsindən görünür ki, X8 A, B, V kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək üçün icazə verilmişdir. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, X9 xx.xx.1980-ci ildə hərbi xidmətə getmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, mərhum X9 ilə xx.xx.1986-cı il tarixində nikah bağlamışdır. İddiaçının əri xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ölüm akt qeydində adı Hüseyn olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək ölüm akt qeydində mərhum ərinin adında düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün hər hansı sənədin təqdim edilməməsinə istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.1986-cı il tarixli 10 nömrəli nikahın bağlanması haqqında akt qeydində və xx.xx.2001-ci il tarixli 601 nömrəli doğum haqqında akt qeydində mərhumun adı “Hüseyin” olaraq qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən digər sənədlərdə (AC N185790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, İİİ-ЖГ 483945 nömrəli nikah haqqında şəhadətnamə, AB seriyalı 009532 nömrəli Traktor və digər Mexaniki Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi, НЗ ******* nömrəli hərbi bilet) mərhumun adı “Hüseyin” olaraq qeyd edildiyindən cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuşdur. Odur ki, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Şəki Rayon Qeydiyyat şöbəsinin üzərinə xx.xx.2016-cı il tarixində Şəki şəhər İHB-nın Şəki kənd İƏD-si üzrə icra nümayəndiliyi tərəfindən tərtib edilmiş 02 nömrəli ölüm haqqında akt qeydində mərhum X7 adı qrafasına düzəliş edilməklə adının “Hüseyin” kimi qeyd olunması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar