Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2356/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdehin pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdehin pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2438/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İdiaçı İddiaçı xx.xx.2024-cü il tarixində vəfat etdiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçının hüquqi varisi X1 İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 368/2024 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(107)-205/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2356/2025 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X2 ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 25 sentyabr 2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu ildən sonrakı artımlara da 58 faiz dərəcəsi tətbiq etməklə hesablama aparmışdır. Pensiya məbləğinin düzgün hesablanmadığını səbəbi ilə qanunvericiliyə uyğun yenidən hesablanmaqla yaranmış kəsrin aradan qaldırılaraq fərqin birdəfəlik olaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Hesab edir ki, cavabdeh onun 2009-cu ildən pensiyaya çıxdığını nəzərə almalı və pensiya məbləğində olan artım üzrə hesablamanı 1 iyul 2017-ci ilədək olan qaydaya uyğun aparmalı idi. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə 80 faiz dərəcəsinin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58 faiz müəyyən edilib. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-100329/2023 nömrəli məktubda ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq tablandığı qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Hazırkı işə iddiaçının hüquqi varisinin iştirakı olmadan baxılması mümkün hesab edilir. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. AZE seriaylı 0******* nömrəli şəxsiyyət vəsiqəsi;
3. Cavabdehin etirazı və 03.2024-cü il tarixində ona edilmiş əlavə;
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 27 dekabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinin surəti
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Məhkəmə İPM-nin 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla (“Əmək pensiyaları haqqında” Qanunun 3 may 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına ) tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsinə nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixdə iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 322,50 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 96,75 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 11,25 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 45,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 533,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (533,90 manat) 80 faizi-427,12 manat məbləğində hesablanıb. Məhkəmə qeyd edir ki, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 58 % müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun : Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyada) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyada) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. ... Maddə 26. Əmək pensiyasının yenidən hesablanması ... 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. ... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: ... 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür İddiaçının 17 il 8 ay 3 gün qulluq stajına görə əmək pensiyasının hesablanmasını yuxarıdakı düstura uyğun hesabladıqda 58 faiz dərəcənin hesablanması qanuni olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının əmək pensiyası orta əmək haqqının 80 faizi miqdarında, sonrakı artımlar isə 58 faiz miqdarında hesablanmışdır. İddiaçıya əmək pensiyası təyin edilərkən (xx.xx.2009-cu il) həmin vaxt qüvvədə olan normalar (“Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi), dövlət qulluqçularının əmək haqlarının artırılması zamanı isə qüvvədə olan normalar (Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndi) tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdehin pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.