Məhkəmə qərarları › İş №2-1(116)-236/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-236/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-236/2020 04.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “14.09.1970-ci ildə Mingəçevir şəhərində doğulması barədə doğum haqqında şəhadətnamənin ona təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 14.09.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Onun doğumu Mingəçevir Şəhər VVAQ Şöbəsində 15.10.1970-ci ildə qeydə alınaraq 1033 nömrəli “Doğum haqqında akt qeydi” tərtib edilmiş və 019654 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı 09.12.1988-ci ildən 27.11.1990-cı ilədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən onun adına 18.12.1992-ci ildə SSRİ vətəndaşının pasportu verilmiş, 01.10.2001-ci ildə isə həmin pasporta ikinci fotoşəkil yapışdırılıb imza və möhürlə təsdiq olunmuşdur. O, Ukraynaya köçmüş və 2005-ci ildə orada daimi yaşamaq üçün şəhadətnamə almışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu olmadığına görə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş və həmin Xidmətin 05.09.2019-cu il tarixli ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən İddiaçı adına AA0163656 nömrəli 20.09.2019-cu il tarixli “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi” verilmişdir. İddiaçı 26.09.2019-cu ildə həmin sənəd əsasında Azərbaycan Respublikasına qayıtmışdır. O, cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə müraciət edərək ona doğum haqqında təkrar şəhadətnamə verilməsini xahiş etmiş, lakin cavabdeh 02.10.2019-cu il tarixli məktubla imtina etmiş və bildirmişdir ki, təkrar şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. İddiaçı həmin imtina ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 14.09.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, 2001-ci ildə şəxsiyyətini təsdiq edən sənədi, pasportu dəyişdikdən sonra Zaporojye vilayətində yaşamağa başlamışdır. Ona 10.05.2005-ci ildə həmin vilayətdə müvəqqəti yaşayış şəhadətnaməsi verilmişdir. 26.09.2019-cu ildə AA0163656 nömrəli qayıdış şəhadətnaməsilə Azərbaycana qayıtmışdır. Geri qayıtmaq üçün xarici pasport, xarici pasport almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət vəsiqəsi, keçmiş SSRİ pasportu qüvvədən düşdüyündən şəxsiyyətini təsdiq edən sənəd hesab edilmir. O, doğum haqqında şəhadətnaməni təkrar almaq üçün Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli 05/76-149/13 nömrəli məktubla şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyinə görə doğum haqqında təkrar şəhadətnamə verilməsindən imtina edilmişdir. Cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi iddiaya qarşı öz münasibətini (etirazını) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli 05/76-149/13 nömrəli imtina məktubundan görünür ki, şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyindən iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyil. - İşdə olan, Mingəçevir Şəhər VVAQ Şöbəsində tərtib olunmuş 15.10.1970-ci il tarixli 1033 nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, İddiaçı 14.09.1970-ci ildə doğulması qeydə alınmış və onun adına 019654 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05.09.2019-cu il tarixli ******* nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən verilmiş AA0163656 nömrəli 20.09.2019-cu il tarixli “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”ndən görünür ki, həmin sənəd İddiaçı adına verilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 23.11.2019-cu il tarixli 33/6849 nömrəli məktubundan görünür ki, İddiaçı sonuncu dəfə 26.09.2019-cu ildə AA0163656 nömrəli “Vətənə qayıdış haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasına gəlmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.7-ci bəndinin ikinci cümləsinə görə, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə görə, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Sadalanan normalardan görünür ki, təkrar şəhadətnamə almaq üçün müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Azərbaycan Respublikasının 10.04.2007-ci il tarixli 267-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 1-ci bəndinin birinci abzasında deyilir ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Əsasnamənin 3-cü bəndində deyilir ki, şəhadətnamə - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə yanaşı, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən rəsmi sənəd sayılır. İddiaçı şəxsiyyət vəsiqəsi olmasa da, onun adına 20.09.2019-cu ildə verilmiş Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi vardır və həmin sənədin etibarlılıq müddəti 20.10.2019-cu ilədək müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət etdiyi vaxt həmin şəhadətnamə etibarlı olmuş, lakin cavabdeh həmin sənədə məhəl qoymamış və iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin olmaması əsası ilə ona doğum haqqında təkrar şəhadətnamə verməkdən qanunsuz olaraq imtina etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. 14.09.1970-ci ildə Mingəçevir şəhərində doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar