Məhkəmə qərarları › İş №2-1(116)-236/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-236/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-236/2021 05.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 1994-cü ildə Qarabağ müharibəsində itkin düşmüş və şəhidlik statusu almışdır. İddiaçının ailəsinə Yevlax rayonu, Aran qəsəbəsində Yədilli bələdiyyəsindən torpaq sahəsi ayrılmışdır. İddiaçının Yevlax rayonu, Yədilli kəndi ərazisində 12,93 ha pay özəl torpaq sahəsi vardır. 2017-ci il tarixində cavabdeh “xxxx” ASC tərəfindən iddiaçının torpaq sahəsinin təxminən 4 hektarı zəbt edilərək torpağın dövlət ehtiyacları üçün alındığı bildirilmiş və həmin ərazidə Bakı-Yevlax- Gürcüstan sərhədi avtomobil yolunun Yevlax rayonunun ərazisindən keçən, Yuxarı Qarabağ kanalına bitişik hissədə keçid-körpünün tikintisinə başlanılmışdır. İlkin razılaşmaya əsasən ASC-nin nümayəndəsi Pərvin adlı şəxs iddiaçıya dövlət ehtiyacları üçün alınmış torpaq sahəsi üçün ədalətli kompensasiya veriləcəyini vəd etmişdir. Lakin bu günə qədər həmin kompensasiya iddiaçıya hesablanıb verilməmişdir. İddiaçı cavabdeh orqana məsələnin həll olunmasına görə pretenziya məktubu göndərsə də, cavabdeh tərəfindən məktuba heç bir müsbət cavab ala bilməmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-1(112)-5054/2020 nömrəli qərardad qəbul edərək, işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərmişdir. xx.xx.2020-ci il tarixdə baxılması üçün göndərilən inzibati iş Şəki İnzibati Məhkəməsinin dəftərəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş və həmin tarixdən məhkəmənin icraatına daxil edilmişdir. Cavabdeh orqan məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləki, “Mingəçevir- Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. İddiaçı məxsus torpaq sahəsinin sözügedən avtomobil yolunun təhkim zolağına düşüb-düşməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş və təqdim edilmiş JN-325 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən aparılmış araşdırmanın nəticəsinə görə vətəndaş İddiaçı məxsus sözügedən torpaq sahəsinin mövcud olan hər-hansı avtomobil yolunun təhkim zolağına düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı məktub bu halı sübut edir ki, iddiaçıya məxsus hər hansı daşınmaz əmlak obyekti Agentlik tərəfindən həyata keçirilmiş layihələr çərçivəsində tikinti aparılan ərazilərdə mövcud olmamış və kadastr planından çıxarış tərtib edilməmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və 157-ci maddələrini əsas gətirərək hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları pozulmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-3xx xxx 90109028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu, AİK-nın 1998-ci il 09 aprel tarixli 02 nömrəli qərarı ilə 7.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-3xx xxx 90109028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu AİK-nın 1998-ci il 09 aprel tarixli 02 nömrəli qərarı ilə 5.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi X3 və onun ailə üzvlərinin razılı ilə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən notarial qaydada iş üzrə İddiaçı satılmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu, Yadilli kəndində yerləşən 2.0249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətində olmuşdur. Sonradan iddiaçı AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə notarial qaydada həmin torpaq sahəsini Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olan X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən T.İmanovun adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış tərtib edilərək verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” ASC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli **********17 nömrəli məktubun surətində qeyd edilir ki, “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi üzərində araşdırma apararkən məlum olmuşdur ki, JN-325 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı məxsus torpaq sahəsi sözügedən yolun tikintisi altına düşmür. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə AZ0100/********** nömrəli teleqram göndərərək, üzrlü səbəblərdən iclasda iştirak edə bilməyəcəyini qeyd etmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin cavabdeh inzibati orqanın etiraz məktubundan da göründüyü kimi cavabdeh tərəfindən görülən yolun tikintisi işləri iddiaçının hüquqlarını pozmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli **********17 nömrəli məktubunda qeyd edilir ki, “Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bərpası” layihəsi üzərində araşdırma apararkən məlum olmuşdur ki, JN-325 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı məxsus torpaq sahəsi sözügedən yolun tikintisi altına düşmür. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin və ya hərəkəsizliyin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “cavabdeh tərəfindən ödənilməmiş kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar