Məhkəmə qərarları › İş №2-1(116)-236/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-236/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-236/2025 30.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 128 saylı mağaza (Qeydiyyat nömrəsi -003868, tarix xx.xx.2004cü il )və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış sahəsinə (Qeydiyyat nömrəsi- 003467, tarix-xx.xx.2004- cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyriyaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 128 saylı mağaza (Qeydiyyat nömrəsi -003868, tarix xx.xx.2004-cü il )və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış sahəsinə (Qeydiyyat nömrəsi-003467, tarix-xx.xx.2004- cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya Şəki şəhəri. Mikayıl Müşfiq küçəsində yerləşən 128 saylı mağaza (Qeydiyyat nömrəsi- 003868. Tarix-xx.xx.2004-cü il) və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış sahəsinə (Qeydiyyat nömrəsi-003467, Tarix- xx.xx.2004-cü il) dair şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr sözügedən qeyri- yaşayış binaları üzərində mülkiyyət hüququmu təsdiq edən hüquqmüəyyənedici sənədlərdir. Belə ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDKR PHŞnin 12 saylı Şəki ərazi idarəsinə müraciət edərək, həmin şəhadətnamələr əsasında 128 saylı mağazanın və 44.3 kv.m. qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR PHŞ-nin 12 saylı Şəki ərazi idarəsi sonuncu dəfə 23 noyabr 2023-cü il tarixli 3-21-3-39/2- 4189/2023 nömrəli məktubu təqdim etmişdir. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, ərizəyə baxılması ilə əlaqədar müraciət olunan qeyri-yaşayış binası və torpaq sahəsinə ərazi idarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş baxışla sözügedən əmlakların faktiki vəziyyəti ilə ilkin tikinti layihəsi arasında uyğunsuzluğun olduğu, həmin əmlakların tavanında və divarlarında müəyyən dəyişikliklərin aparıldığı, binanın tavanının sökülərək 1,2 metr qaldırıldığı, həmçinin otaqlar arasında divarın söküldüyü və əsas giriş hissəsindəki divarın sökülərək plastik qapı-pəncərə ilə əvəz olunduğu müəyyən edildiyindən, aparılan işlər nəticəsində tikilinin ümumi sahəsi dəyişməsə də, tikinti obyektinin həcmində dəyişiklik baş verdiyindən, həmçinin aparılan rekonstruksiya işləri ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müvafiq daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti obyektinin yenidənqurma (rekonstruksiyası) layihəsinin hazırlanaraq, yerli icra hakimiyyətində razılaşdırıldıqdan sonra istismarına icazə alınmasının mümkünlüyü bildirildiyindən müraciətin icrasının mümkün olmaması barədə ərizəçiyə 23 noyabr 2023-cü il tarixli 3-21-3-39/2-4189/2023 Na-li imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən 44.3 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətçisi İddiaçıdur.

3. xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən 128 saylı mağazanın xüsusi mülkiyyətçisi İddiaçıdur.

4. 000368 seriya nömrəli Qeyri-yaşayış fonduna daxil texniki pasportun surəti.

5. 02 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti.

6. Şəki ŞİH-nin xx.xx.2024-cü il tarixli məktubu.

7. DƏDKR PHŞ-nin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunan mütəxəssis rəyi.

8. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 128 saylı mağaza (Qeydiyyat nömrəsi -003868, tarix xx.xx.2004-cü il ) və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyriyaşayış sahəsinə (Qeydiyyat nömrəsi-003467, tarix-xx.xx.2004- cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı qeydə alınması iddia oluna qeyri-yaşayış binasının mövcud vəziyyəti araşdırılmışdır. Belə ki,həmin əmlaklar üzərində sonuncu qeydiyyat 2004-cü ildə aparılmışdır. DƏDKR PHŞ-nin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir : 1) Sozügedən qeyri-yaşayış binalarının ümumilikdə faktiki sahələri 95.7 kv.m-dir. 2) Qeyri-yaşayış binasi üçün 1994-cü ildə tərtib edilən texniki pasportda göstərilən liter 1 və 2 nömrəli otaqların arasındakı divar sökülmüşdür.Mağazanın küçə tərəfində əsas girişindəki divar sökülərək plastik qapı və pəncərə ilə əvəz olunub.Binanın tavanı sökülərək hündürlüyü 1.2 m artırılmışdır. Məhkəmə tərəfindən aparılmış tikinti işləri ilə bağlı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlamış, xx.xx.2024-cü il tarixli cavab məktubu məhkəməyə təqdim edilmişdir. Sorğuya verilən cavaba əsasən qeyri-yaşayış binasının sahəsinin və həcminin dəyişməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsində təsbit edilmiş tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) hesab edildiyi,tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) tikinti icazə icraatı qaydasında aparmalı olduğu üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin : 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Göründüyü kimi iddia olunan qeyri-yaşayış binalarının hazırkı vəziyyəti sonuncu qeydiyyatına münasibətdə dəyişmiş, lakin bu dəyişikliyə dair hər hansı layihə, tikintiyə icazə mövcud deyildir.Halbuki,qanunvericiliyin tələbinə əsasən həmin dəyişikliklərin aparılması üçün müvafiq icra hakimiyyətinin icazəsi tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən 128 saylı mağaza (Qeydiyyat nömrəsi -003868, tarix xx.xx.2004-cü il )və həmin ünvanda yerləşən 44.3 kv.m. qeyri-yaşayış sahəsinə (Qeydiyyat nömrəsi-003467, tarix-xx.xx.2004- cü il) dair şəhadətnamələr əsasında mülkiyyətinə verilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması texniki pasportların və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar