Məhkəmə qərarları › İş №2-1(116)-2362/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2362/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2362/2023 30.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatından Gərəkli kənd sakini X11, X12 və X13 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatından Gərəkli kənd sakini X11, X12 və X13 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2362/2023 nömrəli qərardadı ilə X11, X12 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Balakən rayonu Gərəkli kəndində yaşadığı təsərrüfatdan əvvələr onunla birgə yaşamış, hazırda Balakən rayonu Mahamalar kəndində yaşayan üçüncü şəxslərin təsərrüfatbşına kitabdan uçotdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan üçüncü şəxslərin sözügedən təsərrüfatdan qeydiyyatdan çıxmalarına razılıqlarının olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçının keçmiş gəlini X5 övladları ilə birlikdə yoldaşı X2 məxsus təsərrüfatdan qeydiyyatdan könüllü çıxması bildirilsə də, M.Tosova övladları ilə qeydiyyatdan çıxması təklifinə qəti etiraz etmişdir. M.Tosova icra nümayəndəliyinə xx.xx.2023-cü il tarixdə dəvət edilmiş yenidən onun və övladlarının qeydiyyatdan çıxmağı barədə edilən təkliflə əlaqədar olaraq, övladları həmin təsərrüfatda saxlanıldığı təqdirdə özü qeydiyyatdan çıxmağa razılığını bildirmiş, bu təkliflə əlaqədar iddiaçı tərəfi də icra nümayəndəliyinə dəvət edilmiş, lakin onlar bu təkliflə razılaşmamış və bildirmişlər ki, iddiaçının övladları ilə birlikdə qeydiyyatdan çıxmasını qəti tələb edirlər. Üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə aşağıdakı münasibəti bildirmişdir. - İddiaçı İsrafil qızının təsərrüfat başına kitabdan qeydiyyatdan çıxarılmasını tələb etdiyi 0,0928 ha həyətyanı torpaq sahəsinin 3/30 hissəsi üzərində üçüncü şəxslərin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır və üçüncü şəxslər həmin torpaq sahəsinin paylı mülkiyyətçiləridirlər. Üçüncü şəxslər iddiaçı və ailə üzvlərinin yaratmış olduğu süni maneələr səbəbli müvəqqəti olaraq Mədinə Tosovanın atasına məxsus evdə yaşayırlar. Lakin onlar mülkiyyətlərinə aid təsərrüfatdan daimi olaraq getməmişlər. Bundan başqa, iddiaçı həmin təsərrüfata məxsus torpaq sahəsində 5/30 hissədə paya sahibdir ki, bu ona hazırki iddianı irəli sürmək üçün subyektiv hüquq vermir. Belə ki, iddiaçı və üçüncü şəxslər hamısı həmin təsərrüfatda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna malikdirlər ki, iddiaçının mülkiyyət və digər hüquqları üçüncü şəxslərin hüquqlarını məhdudlaşdırıla bilməz. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli qedy edilmişdir ki, Gərəkli kənd İƏD üzrə nümayəndəliyin 2021- 2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat qeydiyyatında Gərəkli kənd sakini X3 2022-ci ilin aprel ayından övladları ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində atası X6 məxsus evə köçdüyü qeyd edilmişdir . Müraciətlə əlaqədar X5 özünün və övladlarının Gərəkli kənd sakini X2 məxsus təsərrüfatda qeydiyyatdan çıxmalarına və ya yeni təsərrüfatda qeydiyyata alınmalarına razılıq verməsi təklif olunmuşdur. Lakin, vətəndaş qəti etirazını bildirmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində, 0,0928 ha torpaq sahəsində yerləşən 126,20 kv.metr fərdi yaşayış evi üzərində X1, torpaq sahəsi üzərində isə X10, İddiaçı, X14, X7, X8 5/30, X11, X12, X13 1/30, X9 2/30 hissə paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2021-ci il tarixli 626 inventar nömrəli (**********75-10301 reyestr nömrəli) texniki pasportdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki 0,0928 ha, sənəd üzrə 0,0928 ha, hüquq subyekti X4r. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxsin vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda qeyd edilmiş daşınmaz əmlak obyekti ilə bağlı Gərəkli kənd İƏD üzrə nümayəndəliyində uçota alınmış təsərrüfatın üzvüdür və həmin təsərrüfatda uçotda olmasına baxmayaraq, faktiki olaraq Balakən rayonu Mahamalar kəndində yaşayan üçüncü şəxslərin təsərrüfat uçotundan çıxarılmasında maraqlıdır. Həmçinin, iddia əsaslıdır. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.

1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).

6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir...

2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...

3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1- i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxslər iddiaçı ilə əvvəllər qohumluq münasibətlərində olduqlarına və həmin ərəfədə iddiaçı ilə birgə eyni təsərrüfatda yaşadıqlarına görə təsərrüfat üzvləri olaraq uçota götürülsələr də, sonradan ailə münasibətlərinin pozulması nəticəsində həmin şəxslər faktiki olaraq sözügedən təsərrüfatdan getmişlər. İstinad olunan “Qərarda” ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

Cavabdeh orqan yuxarıda istinad olunan normaların tələbləri baxımından onların həmin təsərrüfatda faktiki yaşamadıqlarını müəyyən etdiyindən “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə müvafiq qeydlər icra etməli və ev təsərrüfatlarının uçotu kitabında müvafiq sütunda üzərlərinə çarpaz xətt çəkməli idi. Üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə münasibətində üçüncü şəxslərin iddiaçı və ailə üzvlərinin yaratmış olduğu süni maneələr səbəbli müvəqqəti olaraq Mədinə Tosovanın atasına məxsus evdə yaşadıqlarını bildirmişdir. Yəni, üçüncü şəxslərin Balakən rayonu Gərəkli kəndində faktiki olaraq yaşamaması, 2022-ci ilin aprel ayından Balakən rayonunun Mahamalar kəndində X6 məxsus evə köçməsi işin mübahisəsiz halıdır. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq, ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin ev təsərrüfatlarının üzvləri yazılır. Belə olan halda üçüncü şəxslər ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0928 ha torpaq sahəsində əmlak hüquqlarının olmasına istinad edərək həmin təsərrüfatın üzvü olaraq qalmalarını tələb edə bilməzlər. Yəni, hazırkı mübahisəni həlli ilə bağlı əhəmiyyətli olan hal üçüncü şəxslərin təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmaması yox, həmin təsərrüfatda digər təsərrüfat üzvləri ilə birgə yaşayıb-yaşamamalarının müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, istinad olunan normalarda təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması birbaşa qadağan edilmişdir. Odur ki, cavabdehin vəzifəsi əmlak hüquqlarının mövcud olub-olmamasından asılı olmayaraq təsərrüfatda faktiki yaşayan şəxslərin dairəsini müəyyən etməklə faktiki yaşamayan şəxslərin uçotdan çıxarılması ilə bağlı müvafiq qeydiyyatın aparılmasını təmin etmək olduğundan, sözügedən şəxslərin razılıqlarının olub-olmamasının cavabdeh orqan üçün heç bir əhəmiyyəti olmamalı idi. Başqa sözlə, cavabdeh orqanın inzibati araşdırması üçüncü şəxslərin həmin təsərrüfatda iddiaçı və digər təsərrüfat üzvləri ilə birgə yaşayıbyaşamamasının müəyyən edilməsi ilə faktiki olaraq başa çatır və həmin şəxslərin uçotdan çıxarılmalarına razılıqlarının olub-olmamasının heç bir əhəmiyyəti qalmır. Müvafiq qeydiyyatın aparılmasında məqsəd əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunması, yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edilməsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə üçüncü şəxslərin Balakən rayonu Gərəkli kəndində faktiki olaraq yaşamadıqları sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan həmin təsərrüfatın üzvünün (iddiaçının) müraciəti əsasında üçüncü şəxslərin təsərrüfatbaşına uçot kitabından qeydiyyatının silinməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Balakən rayon İHB-nın Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin üzərinə X11, X12 və X13 Gərəkli kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 06-cı səhifəsində, 96 saylı təsərrüfat uçotundan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar