Məhkəmə qərarları › İş №2-1(116)-2367/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2367/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2367/2022 16.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin icarə müqaviləsinin icarəsinə verilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq , müəyyən etdi: İddiaçı Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinin icarə müqaviləsinin icarəsinə verilməsi və həmin tikiliyə və onun həyətyanı sahəsi olan 84 sot torpaq sahəsinə dair çıxarış verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə təkrar ərizə təqdim edərək ərizəsinin “xahiş etdim” hissəsinin “torpaq sahəsinin icarə müqaviləsinin icarəsinə verilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” kimi qəbul olunaraq bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, iddia ərizəsində cavabdehərə qarşı olan konkret tələbi göstərilməmiş, iddia tələbini aydın ifadə etməmiş, ərizənin məzmundan təxmin olunan tələblə cavabdeh Yevlax Rayon Qoyunbinəsi Bələdiyyəsinə etdiyi müraciətdən cavabdehin imtinası və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlər əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilən qəbz müvafiq müraciətin olduğunu sübut etsə də, müraciətin cavabdeh orqana çatmasına dair məlumatı əks etdirmir. Belə ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Digər tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi dəqiqləşdirilməsi göstərilən tələbə cavab verməli orqan deyildir. İddiaçıya hazırkı iddia tələbi ilə cavabdehə müraciət etməli və ona müvafiq imtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etmək hüququna malik olduğu izah olunmuş, göstərilən çatışmazlığın aradan qaldırılması, iddia qaldırılanadək cavabdehə müraciət etməyini təsdiq edən sənədi və ya cavabdehin imtinasını 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. Müvafiq yardım məktubu iddiaçıya poçt vasitəsilə göndərilmişdir. İddiaçı yardım məktubunu xx.xx.2022-ci il tarixdə qəbul etmiş,lakin münasibət bildirməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Cavabdeh inzibati orqana iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciəti olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi aydın göstərilmədiyindən,ərizənin hüquqi məzmunundan ehtimal olunan tələb iki cavabdehə qarşı yönəldiyindən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tələbə cavab verməli orqan olmadığıdan iddia mümkün sayılmamalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin icarə müqaviləsinin icarəsinə verilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar