Məhkəmə qərarları › İş №2-1(116)-237/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-237/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-237/2022 24.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini N saylı hərbi hissənin tərkibində 1993-cü ilin mart ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 1993-cü ildən sonra böyrəyində olan problemlərə görə Mingəçevir xəstəxanasının urologiya şöbəsində müalicə almış, xəstəxanada müalicə aldıqdan sonra yenidən hərbi-hissəyə qayıtmış, həmin ərəfədə Ağdam şəhəri işğal olunduğuna görə hər kəs evinə qayıtmış, o, da silahını təhvil verib Mingəçevir şəhərinə qayıtmışdır. Bundan sonra onunla heç kim maraqlanmamış və o, hərbi hissəyə qayıtmamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehiyata buraxılması ilə arxiv sənədlərində məlumatın olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 15.07.2021-ci il və 06.11.2019-cu tarixli məktubundan görünür ki, cavabdeh orqan döyüş əməliyyatları aparılan zaman 24.04.1992-ci il tarixdən sonra N və N nömrəli hərbi hissələrdə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. Həmçinin N nömrəli hərbi hissənin ümumiyyətlə döyüş əməliyyatlarında iştirak etmədiyini bildirmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxi Heyət Baş İdarəsinin 26.07.2019cu il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə 07.03.1992-ci il tarixdə yaradılıb, 07.03.1992-ci il tarixdən 30.10.1992-ci il tarixədək və 01.11.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 09.04.2021-ci il tarixli 9/2-2948 nömrəli arxiv arayışından və N saylı hərbi hissənin N.03.1992-ci il tarixli 2№-li, N.04.1992-ci il tarixli 34 №-li,24.09.1992-ci il tarixli 197 №-li, 01.07.1992-ci il tarixli 115 №-li, N.N.1992-ci il tarixli 146 №-li əmrdən çıxarışlarından görünür ki, Mingəçevir RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin N.03.1992-ci il tarixli 2 №-li əmrilə (əsas: səh 4, §1, sıra 2) müqavilə əsasında şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 01.07.1992-ci il tarixli 115 №-li əmrində (əsas: səh 51, § 8, sıra 7, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı panton bölməsində sürücü vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Mingəçevir RHK-dan könüllü gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N.04.1992-ci il tarixli 34 №-li əmrilə (əsas: səh 12, § 1) müqavilə əsasında şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 02.N.1992-ci il tarixli 146 №-li əmrilə (əsas: səh 70, § 2) könüllü əsgər İddiaçı 25.07.1992-ci il tarixdən müalicədən qayıtmış hesab edilməklə bütün növ təminatlara daxil edilmişdir. Könüllü İddiaçı N №-li hərbi hissəyə keçirildiyi üçün N №-li hərbi hissə komandirinin 24.09.1992-ci il tarixli 197 №-li əmrilə (əsas səh 12, § 1) 07 09.1992-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq son haqq hesabı 05.N.1992-ci il tarixdən hesablanmışdır. - Tərtər Hərbi Prokurorluğunun 20.09.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Ağdam Hərbi Prokurorluğunun 03.09.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 30.09.2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Füzuli Hərbi Prokurorluğunun 13.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğun N.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin 20.09.2021-ci il tarixli, məktuba əlavə etdiyi iddiaçının qeydiyyat kartasının surətidən görünür ki, iddiaçı, N.04.1992-27.09.1992-ci il tarixlərdə könüllü olaraq N №-li hərbi hissədə hərbi xidmət keçib, N.04.1992-05.N.1992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib, 30.01.2001-15.10.2005-ci il tarixlərdə məhkumluqda olmuşdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.12.2021-ci il tarixli məktubuna əlavə edilmiş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 29.12.2000-ci il tarixli A- 0925/2000-ci il №-li hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazında iddia tələbinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 09.04.2021-ci il tarixli 9/2-2948 nömrəli arxiv arayışından görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması iş materialları ilə müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı Ağdam şəhəri işğal olunduğuna görə silahını təhvil verib Mingəçevir şəhərinə gəlməsini və bir daha hərbi hissəyə qayıtmamasını bildirmişdir. Ağdam şəhəri 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən işğal olunduğundan iddiaçının faktiki olaraq 1993-cü ildən sonra hərbi xidmət keçməməsi müəyyən olunur. İddiaçının Ağdam şəhəri işğal olunduqdan sonra silahını təhvil verərək hərbi xidmətdən geri qayıtmasına münasibətdə məhkəmə izah edir ki, iddiaçı hər bir halda qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09.04.2021-ci il tarixli 9/2-2948 nömrəli məktubunda göstərilən qeydlərin doğru olduğunu, iddiaçı barəsində məlumatların olmamasının səbəbinin, iddiaçının faktiki olaraq xidmətinin davam etdirməməsi ilə bağlı olduğunu göstərir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar