Məhkəmə qərarları › İş №2-1(116)-2371/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2371/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2371/2023 28.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat şöbəsinə qarşı “İsmayıllı rayon Keyvəndi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli, 10 saylı doğum haqqında akt qeydində X1 “İddiaçı” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Keyvəndi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli, 10 saylı doğum haqqında akt qeydində X1 “İddiaçı” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxx 1999-cu il taruxdə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. X3 xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuş, anası X8 isə xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Onların nikahı xx.xx.1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Belə ki, iddiaçıya məxsus olan İ- AZ 061201 nömrəli doğum haqqında şəhadətnamədən göründüyü kimi soyadı Əliyev, adı Oruc, ata adı isə Musa kimi qeyd edilmişdir. Bundan əlavə iddiaçıya məxsus olan AZE ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi onun soyadı Əliyev, adı Oruc, ata adı isə Musa kimi qeyd edilmişdir. Belə ki, İsmayıllı rayon Keyvəndi kənd İcra nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli 10 saylı doğum haqqında akt qeydində uşaq qrafasında iddiaçının soyadı Piriyev, adı Oruc, ata adı isə Musa kimi yazılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-297/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayon Keyvəndi kənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli 10 saylı doğum haqqında akt qeydində iddiaçının soyadı Piriyev, adı Oruc, ata adı Musa kimi qeyd edilmişdir. Həmin akt qeydində soyadını Piriyevdən Əliyevə düzəliş edlilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların İİ bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edilir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-390/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İsmayıllı rayon Şəbyan kənd sakini İddiaçı doğumu İsmayıllı rayon Keyvəndi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1999-cu il tarixdə 10 saylı akt qeydilə qeyd edilərək soyadı Piriyev, adı Oruc, ata adı isə Musa kimi qeyd edilmişdi. Vətəndaşın təqdim etdiyi 061201 nömrəli doğum haqqında şəhadətnamədə isə soyadı Əliyev kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların İİ bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında rəy tərtib edir və ya Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1999-cu ildə doğulmuş və vəsiqədə onun soyadı “Əliyev” olaraq qeyd edilmişdir. 061201 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə iddiaçının soyadı Əliyev, adı Oruc, ata adı Musa, təvəllüdü xx.xx.1999-cu il olaraq qeyd edilmişdir. İş materiallarında olan: İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-23RA/2-75/2023 nömrəli məktubunda qeyd olunur ki, İsmayıllı rayon Keyvəndi kənd İƏD üzrə RİHB-nin nümayəndəliyinin 63 nömrəli arxiv fondunda saxlanılan 1996-2000-ci illərin Şəbiyan kənd üzrə təsərrüfatbaşına kitabında İddiaçı atası X9 ailə başçısı olduğu təsərrüfatda himayəsində olmaqla ailə tərkibi ailə başçısı X21 - xx.xx.1964-cü il təvəllüdlü, arvadı X15 xx.xx.1969-cu il təvəllüdlü, qızı X18 xx.xx.1995-ci il təvəllüdlü, qızı X19 - xx.xx.1996-cı il təvəllüdlü və oğlu İddiaçı - xx.xx.1999-cu il təvəllüdlü kimi göstərilmişdir. Cavbdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-350/23 nömrəli məktubuna əlavə olunmuş: Doğum haqqında xx.xx.1964-cü il tarixli 26 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. Doğum haqqında xx.xx.1969-cu il tarixli 02 nörməli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1969-cu ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. Nikahın bağlanması haqqında 4 nömrəli xx.xx.1994-cü il tarixli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X2 Təranə Xasay qızı ilə ailə nikaha daxil olmuşdur. Doğum haqqında xx.xx.1999-cu il tarixli 10 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1999-cu ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. X3, anası X5r. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-422/2023 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, X22 xx.xx.1999-cu ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. X3 xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunun Şəbiyan kəndində, anası X8 xx.xx.1969-cu ildə İsmayıllı rayonunun Şəbiyan kəndində, bacısı X11 xx.xx.1995-ci ildə, bacısı X19 xx.xx.1996-cı ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. İsmayıllı Rayon Polisinin xx.xx.2023-cü il tarixli 84/2-19042 nömrəli məktubuna əlavə olunmuş iddiaçının fərdi uçot vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Əliyev X16 rayon Şəbiyan kəndində qeydiyyatdadır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-417/23 nömrəli məktubuna əlavə olunmuş: Doğum haqqında 14 nömrəli xx.xx.1996-cı il tarixli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuşdur. Doğum haqqında 06 nömrəli xx.xx.1995-ci il tarixli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunun əbiyan kəndində anadan olmuşdur. 0331792 nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə iddiaçının soyadı Əliyev, adı Oruc, ata adı Musa olaraq yazılmışdır. Tam orta təhsil haqqında 573329 nömrəli attestatın surətindən görünür ki, həmin sənəddə iddiaçı soyadı Əliyev olaraq yazılmışdır. Ümumi orta təhsil haqqında 450903 nömrəli şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə iddiaçının soyadı Əliyev olaraq yazılmışdır. İsmayıllı RİH başçısının Keyvəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 95 nömrəli arayışında qeyd olunmuşdur ki, Əliyev X16 rayon İH-nin Keyvəndi kənd İƏD üzrə nümayəndəliyinin Şəbiyan kəndində 03 nömrəli təsərrüfatbaşına kitabın 92-ci səhifəsində 145 saylı şəxsi təsərrüfatda qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İsmayıllı RİH başçısının Keyvəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 96 nömrəli arayışında qeyd olunmuşdur ki, Əliyev X4 İƏD üzrə nümayəndəliyin Şəbiyan kəndində yaşamaqla ailə üzvləri atası xx.xx.1964-cü il təvəllüdlü X17, anası xx.xx.1969-cu il təvəllüdlü X8, bacısı xx.xx.1996-cı il təvəllüdlü X12r. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən şəxsiyyət vəsiqəsi məlumatlarının axtarışı zamanı axtarış sisteminə iddiaçının adının İddiaçı olaraq daxil edildiyi zamanı axtarışın nəticə verdiyi və X6 iddiaçı barədə məlumatların çıxdığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 2.1-c bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2-ci bəndinə görə valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının soyadı ona münasibətdə tərtib edilmiş doğum akt qeydində “Piriyev” olaraq göstərilsə də, iddiaçının əldə etmiş olduğu ilkin sənəd olan doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində “Əliyev” olaraq göstərilmişdir. Həmçinin iddiaçıya münasibətdə tərtib edilmiş hərbi bilet və təhsil sənədlərində, o cümlədən İsmayıllı RPŞ-da saxlanılan fərdi uçot kartoçkasında iddiaçının soyadı Əliyev kimi yazılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ilkin qeyd olan doğum haqqında akt qeydində iddiaçının soyadı yalnışlıqla Piriyev olaraq qeyd edilmişdir. Belə ki, iddiaçıya məlum olan ilkin sənəd və doğum haqqında akt qeydində təsbit olunan məlumatların özündə əks etdirən doğum haqqında şəhadətnamədə iddiaçının soyadının Əliyev olaraq göstərilmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsə münasibətdə tərtib edilən ilkin sənəd qismində doğum haqqında akt qeydi çıxış etsə də, şəxsin bu sənəddə göstərilən məlumatlara birbaşa çıxış imkanı olmur və şəxs həmin məlumatların doğum haqqında şəhadətnamədə göstərilən məlumatlarla eyniliyinə istinad etməklə davranış nümayiş etdirərək, dolayısı ilə sözügedən məlumatların məzmununa və doğruluğuna etimad göstərmiş olur. Odur ki, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçıya aid doğum akt qeydində onun soyadında yol verilmiş yalnışlıq düzəldilməlidir. Cavabdeh inzibati orqan olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh İsmayıllı rayon Qeydiyyat şöbəsinin üzərinə İsmayıllı rayon Keyvəndi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1999-cu il tarixli, 10 saylı doğum haqqında akt qeydində “X22”nun soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar