Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2374/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “iddiaçı və ailə üzvlərinə Qax rayon X7 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı və ailə üzvlərinə Qax rayon X7 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2374/2024 nömrəli qərardadı ilə Qax rayonu Qaxbaş Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon X5 xx.xx.2000-ci il tarixli. 07 saylı qərarı ilə Qax rayonu Ş.Rustaveli kolxozunda islahat aparılmış və adambaşına 0.29 ha pay torpaq sahəsi verilmişdir. İddiaçının 4 nəfər ailə üzvü olmuşdur. Qax rayonu Qımır kəndində islahat zamanı iddiaçı və aiiə üzvülərinə 1.16 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq istifadəsindədir. Torpaq sahəsinə fındıq ağaçları əkərək istiladə edir. Lakin torpaq sahəsinin hüquqi sənədi 0.27 ha hissəsinə verilmişdir. Torpaq sahəsinin kəsir olduğunu bildiyindən ərizə ilə YAİK-ə müraciət etmişdir. YAİK-in xx.xx.2001-ci il tarixli qərarı ilə torpaq sahəsi tam olaraq verilmişdir. Hazırda iddiaçı həmin torpağa verilən subsidiyadan istifadə edə bilmir. Belə ki, torpağın hüquqi sənədi olmadığından subsidiya verilmir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişir. Lakin cavabdeh müraciətini cavabsız qoymuşdur. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizəyə baxılması və əlavə olunan sənədlərin yoxlanılması zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 745-ci sırada, həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 18-ci sırada olan Qax rayonu Qaxbaş kənd sakinləri İddiaçı və 3 nəfər ailə üzvünün pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilmədiyindən, İddiaçı və ailə üzvləri X1, X2 və X3 Qax rayonu Qımır kəndindən 1.16 ha pay torpaq sahəsi verilməsi barədə nə ərazi idarəsinin arxiv materiallarında, nə də ərizəyə əlavə olunan sənədlərin arasında yerli və ya rayon aqrar islahat komissiyalarının qərarları olmadığından, aqrar islahat komissiyasının qərarına əsasən verildiyi iddia olunan Qax rayonu Qımır kəndində yerləşən 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilməsi barədə məlumat aşkar edilmədiyindən, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində iddiaçı tərəfindən tələb olunun ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən ərizəçiyə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-B-0023-8/2024 №-li imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-745 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə X6 0.27 ha torpaq sahəsi verilmişdir.
3. JN-746 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli,07 saylı qərarı ilə İddiaçı 0.29 ha torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş, Qax rayon Qımır kəndiü zrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir.
5. 3015007313 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.160 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X8 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
6. 3011009040 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qımır kəndində yerləşən 0.2 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
7. JN-018F kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli,07 saylı qərarı ilə İddiaçı 0.16 ha torpaq sahəsi verilmişdir.
8. A seriyalı 154075 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli,07 saylı qərarı ilə İddiaçı 2000 kv.m torpaq sahəsi ayrılmışdır.
9. Qax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi Qax rayonu Qaxingiloy kənd ƏİN-nin Qımır 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı adı qeyd edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3892/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı iddiaçı və ailə üzvlərinə faktiki istifadəsində olduğunu bildirdiyi 1.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı tələbini sözügedən torpaq sahəsinin Qax rayon X7 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarına əsasən ayrılması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı və ailə üzvlərinə Qax rayon AİK-in xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı 0,27 ha həyətyanı torpaq sahəsinə JN- 745 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir.Lakin,iddia olunan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3892/2024 nömrəli məktubuna əlavə edilmiş rəydən görünür ki, İddiaçı iddia etdiyi 1.16 ha torpaq sahəsi 2(iki) hissəli olub Sxemi və Sxem2-də müvafiq olaraq 0.28 ha və 1.06 ha olmaqla torpaq sahələrinin yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Bunlardan 0.28 ha torpaq sahəsi İddiaçı məxsus **********03 nömrəli çıxarışda göstərilən 0.20 ha həyətyanı torpaq sahəsinə bitişik olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı olan Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan digər 1.06 ha torpaq sahəsi isə Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası çoxilllik əkmələr( fındıq bağı) olmaqla Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələri JN-745 nömrəli dövlət aktında göstərilən 0.27 ha torpaq saəsi ilə üst-üstə düşmür. İddiaçı tərəfindən istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələrinin digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Həmçinin DWG faylına əsasən JN-745 nömrəli Dövlət aktına uyğun gələn müvafiq konturda göstərilən 0.27 ha torpaq sahəsi faktiki istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələri ilə üst-üstə düşmür, JN -745 nömrəli Dövlət aktı tamamilə fərqli ərazidə yerləşir. İddiaçı naturada onun istifadəsində olan 0.28 ha və 1.06 ha sahələrinə yerində baxış keçirərkən təqdim etdiyi Qax Rayon Dövlət Arxivi tərəfindən verilmiş N°3-48-26RA/2- B-xx-xx/2024 nömrəli 10 may 2024-cü il tarixli arxiv çıxarışım əsas gətirərək sözügedən JN- 745 nömrəli X10 rayon Şota Rustaveli adına kolxozun YAİ komissiyasının 05 mart 2001-ci il tarixli 04 saylı iclas protoklu ilə ləğv edildiyini bildirmişdir. İddiaçı iddia olunan 1.16 ha pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar edilməmişdir.İddia olunan torpaq sahəsi faktiki olaraq Qax rayon Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, iddia olunan torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “iddiaçı və ailə üzvlərinə Qax rayon X7 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə